Baş Prokurorluq Balakən rayonunda baş vermiş yanğın hadisəsinin istintaqı ilə bağlı bəzi KİV-də yayılan yalan məlumatları təkzib edib
Digər xəbərlər

Baş Prokurorluq Balakən rayonunda baş vermiş yanğın hadisəsinin istintaqı ilə bağlı bəzi KİV-də yayılan yalan məlumatları təkzib edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu Balakən rayon sakininə məxsus obyektdə baş vermiş yanğın hadisəsinin istintaqı ilə bağlı bəzi KİV-də yayılmış yalan məlumatları təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il iyulun 16-da saat 10:19-da "Qafqazinfo.az" saytında dərc edilən "Prokurorluğun FHN-nə göndərdiyi sənəd saxta çıxdı" başlıqlı həqiqətə uyğun olmayan məqalədə 2020-ci ilin iyulunda Balakən rayonunun Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı Balakən Rayon Prokurorluğunda aparılan istintaq zamanı "Azərişıq" ASC tərəfindən təqdim olunan sənədlər əsasında qərar qəbul edildiyi, lakin həmin sənədlərdəki imzaların saxta olması qeyd edilib.

Baş Prokurorluq tərəfindən həmin məlumat qəti surətdə təkzib olunmaqla bildirilib ki, Həcər Dibirovaya məxsus ticarət obyektində yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Balakən Rayon Prokurorluğunda araşdırma aparılıb. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada toplanmış dəlillər, o cümlədən ekspertiza rəyləri kifayət qədər əsas verdiyindən 2021-ci il iyulun 5-də fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib.

Cinayət işinin başlanılması haqqında qərar qəbul edilərkən "Azərişıq" ASC-nin hər hansı sənədinə istinad olunmayıb, əsas götürülməyib. Həmçinin nəzərə alınmalıdır ki, prokurorluq, eləcə də digər istintaq qurumları tərəfindən sübutların əldə edilməsi zamanı müxtəlif qurumlara sorğular verilib sənədlər toplanılarkən araşdırma orqanı həmin sənədlərin saxta olub-olmamasına məsuliyyət daşımır, əksinə istintaq zamanı onları tədqiq etməklə cinayət faktları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.

Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə, sübut edilməli olan bütün halların müəyyənləşdirilməsi, o cümlədən "Azərişıq" ASC və digər qurumlardan daxil olan sənədlərin tədqiqi üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilir.

"Göstərilənlərlə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən cinayət prosesinin yalnız bir iştirakçısının sözlərinə istinadən reytinq qazanmaq xətrinə, baxış saylarının artırılması məqsədi ilə, istintaqın obyektiv gedişinə mane ola biləcək təhrif olunmuş məlumatların yayılmasının yolverilməzliyi "qafqazinfo.az", "ednews.net", "azerbaycan24.com" və bu məlumatı yayan digər saytların nümayəndələrinin diqqətinə çatdırılmaqla, etik normalara riayət edilməsini və peşəkar jurnalistikaya xas olmayan hərəkətlərdən çəkinməyi tövsiyə edirik", - deyə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatda bildirilib.

AZƏRTAC