ABŞ insan haqları və demokratiyadan öz maraqları üçün istifadə edir
Siyasət

ABŞ insan haqları və demokratiyadan öz maraqları üçün istifadə edir

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci görüşündə əldə edilən nəticənin sürətlə realizə olunması bölgədə dayanıqlı sülhə nikbin baxış vəd edir. Xüsusən rəsmi Bakı və İrəvan arasında 19 aprel razılaşmasına müvafiq olaraq, Qazaxın Ermənistanın nəzarətində olan 4 qeyri-anklav kəndi – Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycan tərəfə bizim ilkin şərtimizə uyğun olaraq hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan və bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi bunu bir daha təsdiq edir. Bu istiqamətdə işlərin intensivləşməsi, sərhəd xəttinin adıçəkilən hissələrinin təsviri koordinatlarının yerdəki geodeziya ölçmələrinin dəqiqləşdirilərək tərtib olunması artıq həmin ərazidə 30-a yaxın sərhəd dirəyinin quraşdırılması prosesin Azərbaycanın iradəsinə uyğun olaraq sürətlə irəliləməsindən xəbər verir. Lakin Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca özünü beynəlxalq ictimaiyyət adlandıran və bölgədə guya "sülh arzulayan" qlobal subyektlər sükuta üstünlük verir və məsələyə münasibət bildirməməyə çalışırdılar. Rəsmi Bakı bu konfiqurasiyanı da dağıtdı və aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir.

Hər kəs bir daha şahid oldu ki, regionda sülh və təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur.  Blinkenin zəngi göstərir ki, Vaşinqton nəinki artıq proseslərin cənab İlham Əliyevin müəyyən etdiyi formatı ilə barışmalı olub, üstəlik, ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına dəstək göstərməyə də hazırdır. Təbii ki, Azərbaycan regionda dayanıqlı sülh naminə istənilən sağlam təklif üçün açıqdır. Aprelin 26-da Almaniya Kansleri ilə birgə mətbuat konfransında möhtərəm Prezident bildirmişdir ki, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq”. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilmiş beynəlxalq forumda isə ölkə başçımız  məsələyə daha detallı aydınlıq gətirmişdir: “Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik”. Cənab İlham Əliyev Blinkenlə danışığında da iki ölkənin delimitasiya Komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu xüsusi vurğulamaqla Bakının vasitəçisiz təmasları daha effektiv hesab etdiyini diqqətə çatdırmışdır. Həqiqətən də keçmiş Minsk qrupu çərçivəsində heç bir səmərəsi olmayan 30 illik danışıqlardan fərqli olaraq rəsmi Bakı və İrəvan arasında cəmi 6 aydır vasitəçisiz təmaslar artıq nəticə verməkdədir. Ötən ilin 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması, habelə bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyalarının 8-ci görüşünün nəticəyönümlülüyü bunu bir daha təsdiq edir. Üstəlik, hazırda müzakirə olunan sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı da Azərbaycandır.

5 aprel tarixində Avropa İttifaqı, ABŞ və Ermənistanın Brüsseldə keçirilən görüş başda olmaqla, bir çox platformalarda kollektiv Qərbin Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq üçün cəhdlər göstərdiyi bir vaxtda Azərbaycan sülh prosesində qəti siyasi iradəyə malik olduğunu sübut edir. Bu mənada, indiki halda ABŞ-ın prosesə töhfəsi selektiv yanaşmadan və ikili standartlardan tam imtina etməsi ola bilər. Möhtərəm Prezidentin Blinkenlə telefon danışığı zamanı ifadə etdiyi kimi: “Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”. Telefon danışığında digər diqqətçəkən məqam Blinkenin ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə etməsi, ələlxüsus, enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirməsi olub. Bildiyiniz kimi, bir çox hallarda ABŞ Azərbaycana Ermənistanın prizmasından baxır, xüsusən Vətən müharibəsində qələbəmizin ardınca İrəvanın maraqları üzrə hərəkət etməkdə idi. Lakin cənab İlham Əliyev Münxendə Antoni Blinkenlə görüşündə proseslərin bu cür gedişi ilə razılaşmayaraq qəti olaraq bildirmişdir ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə inkişaf etdirilməlidir. Cari telefon danışığında Blinkenin ritorikasından aydın görmək olur ki, Bakı elə bir konfiqurasiyaya nail olub ki, rəsmi Vaşinqton nəhayət ki, Azərbaycanla münasibətlərinə heç bir amildən asılı olmadan özlüyündə ayrı formada yanaşmağın zərurətini dərk edib. Vaşinqtonun tədricən reallıqları qəbul etməyə başlaması fonunda telefon danışığının ümumən pozitiv xarakter daşımasına baxmayaraq təəssüflə deməliyik ki, ABŞ hələ də situasiyanı qəbul edə bilmir. Belə ki, bütün sahələrdə əməkdaşlıqdan dəm vuran dövlət katibinin yenidən qlobal ombudsman obrazına bürünərək ənənəvi insan haqları məsələsini gündəmə gətirməsi başqa cür izah oluna bilməz. Təbii ki, insan haqlarının daim inkişafda olan bəşəri dəyər olduğunu Azərbaycan qəbul edir. Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi, Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir və ölkəmizdə demokratik islahatlar davam etdirilir. Biz gizlətmirik ki, Azərbaycanın hüquq və azadlıqların daha effektiv formada təmini və müdafiəsi üçün ən müasir təcrübəyə ehtiyacı var, lakin Culian Assanja və Donald Trampa münasibətdə söz və ifadə azadlığına təcavüz, habelə çoxsaylı polis zorakılıqları fonunda rəsmi Vaşinqtonun Azərbaycan üçün ortaya qoyacağı nümunə yoxdur. Aydındır ki, indiki məqamda ABŞ insan haqları məsələsini gündəmə gətirməklə yeni dövrün qüdrətli Azərbaycanına qarşı əlini gücləndirmək niyyətindədir. Əlbəttə, biz bu sahədə rəsmi Vaşinqtonun səmimiyyətinə nə qədər inanmaq istəsək də reallıqları başa düşmək çətin deyil və ABŞ-ın hələ də insan haqları, demokratiya amilindən öz məqsədləri naminə istifadə etmək niyyətindən əl çəkmədiyi aydın görünür. Lakin proseslərin gedişi göstərir ki, artıq regionda Azərbaycanla bərabərhüquqlu tərəfdaşlığı ehtiva etməyən heç bir mövcudiyyət mümkün deyil və ABŞ da artıq bu reallığın fərqindədir. Heç şübhəsiz ki, müşahidə olunan bu reallıqlar, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinin göstəricisidir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.