Vətən fədaisi
Digər xəbərlər

Vətən fədaisi

44 günlük haqq savaşımızda zəfər tariximizi yazan, ölümü ilə ölümsüzləşən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Ramiq Teymur oğlu Tağıyev Lerik rayonunun Kəlvəz kəndində dünyaya göz açıb. Vətən fədaisi 22 il ömür sürdü, göstərdiyi qəhrəmanlığı onu Azərbaycan xalqının övladına çevirib, adı dillər əzbəri olub.

Hələ uşaqlıqdan doğma Azərbaycana sevgi, düşmənə nifrət ruhunda böyüyən Ramiq Tağıyev həyatını hərbiyə bağlamaq arzusu ilə əsgərlikdən sonra gizir rütbəsində xidmətini davam edir. Vətənini göz bəbəyi kimi qoruyur, düşməndən qisas almağa hazırlaşır. Qarabağı tezliklə azad görmək ən böyük istəyi olur.

Nəhayət, 27 sentyabr 2020-ci ildə haqq savaşımız başlanan günü döyüş meydanına yollanır, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə onun kabusuna çevrilir. Yağıya qan qusduran igid Vətən oğlu Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığı sayəsində sözün əsl mənasında tarix yazır. Son damla qanına qədər silahı əlindən yerə qoymur. Düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yarasından Vətənə, xalqına bağlı ürəyi əbədi olaraq dayanır. Şuşada şəhidlik zirvəsinə ucalır. Doğma Azərbaycan naminə göstərdiyi şücaəti ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülür.

Ölməz qəhrəmanımız Ramiq Tağıyevin 25 yaşı tamam oldu. Doğum günü xatirəsi anıldı. Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Zəfər ORUCOĞLU.