Azərbaycan Milli İncəsənət Muzeyində “Aşiq dərviş” sərgisi keçirilib
Mədəniyyət

Azərbaycan Milli İncəsənət Muzeyində “Aşiq dərviş” sərgisi keçirilib

Azərbaycanın incəsənətə sadiqliyi rəssamlara və onların yaradıcılığına ardıcıl dəstəyi, çoxsaylı sərgilərə ev sahibliyi etməsi ilə aydın görünür. Bu sərgilər rəssamların öz yaradıcılıqlarını nümayiş etdirmələri, müxtəlif auditoriyalarla əlaqə saxlamaları üçün mühüm platforma rolunu oynayır. Qrantlar, təqaüdlər və beynəlxalq əməkdaşlıqlar vasitəsilə Azərbaycan bədii istedadı fəal şəkildə inkişaf etdirir, ənənəni tərənnüm edən, innovasiyaları əhatə edən dinamik mədəni mənzərəni təqdim edir.

"Respublika" xəbər verir ki, mayın 1-də Azərbaycan Milli İncəsənət Muzeyi sənətsevərlərin böyük marağına səbəb olan növbəti sərgiyə ev sahibliyi edib. Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı bu sərgidə 80-dən çox təsviri və dekorativ-tətbiqi sənət əsəri nümayiş olunub.

Qeyd edək ki, sərgi Özbəkistan Milli Bankının Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərginin kuratoru Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kamola Akilovadır.

Qədim miniatür üslubu hal-hazırda özbək milli ənənələrini davam etdirən rəssamların əsərlərində yeni nəfəs qazanıb və öz inkişaf dövrünü keçirir. Müasir miniatür əsərlər klassik irsi yaşatmaqla bərabər, həm də rəssamların öz təxəyyülünün əks olunduğu dəyərli mənbədir. Orta əsrlərdə intibah dönəmini yaşamış miniatür üslubu son otuz ildə yenidən tərəqqi edir. Firdovsinin “Şahnamə”, Nizaminin “Xəmsə”, Ə.Nəvainin “Fərhad və Şirin”, Ə.Caminin “Yusif və Züleyxa” poeması və digər ədəbi  mənbələr, eləcə də sevgi mövzusu, dərviş obrazları, musiqiçilər, Şərq gözəlləri, səyyah motivləri, tarixi mövzularla işlənmiş süjetlər çağdaş miniatür əsərlərində yeni nəfəs qazanıb. 

Sərgidə iştirak edən rəssamlar miniatür sənətinin sirlərini öyrədən “Şərqli dərvişin portreti” adlı ustad dərsi və professor Kamola Akilovanın təqdimatında “Özbəkistanın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” mövzusunda mühazirə keçirib.
   
İlk olaraq çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Vəliyeva bildirib ki, miniatür sənəti Şərq mirasıdır və onun bu gün də davam etdirilməsi  sevindirici haldır. 

Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov isə çıxışında bildirib ki, mədəniyyət əlaqələrimiz münasibətlərin inkişafına müsbət təsir edir. O, mədəniyyət, idman, turizm kimi bir çox sahədə əlaqələrin intensiv inkişafında Prezident İlham Əliyevin rolunu vurğulayıb.

Sərgidə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva,  Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov, Özbəkistan Milli bankının təsviri sənət direktoru Kamola Akilova da çıxış edib. 

Qeyd edək ki, sərgi mayın 8-ə qədər davam edəcək.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.