Baş Prokurorluğun kollegiya iclası
Digər xəbərlər

Baş Prokurorluğun kollegiya iclası

Dünən Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, qalib və qurucu lider İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi və dayanıqlı inkişafın təmin olunduğunu bildirməklə dövlətimiz və cəmiyyətimizin tarixinin ən qüdrətli çağlarını yaşadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, ölkəmizin qarşıdakı dövr üçün inkişaf strategiyasının, həmçinin sosial, mədəni və humanitar layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti mühüm əhəmiyyət kəsb edib.

Baş prokuror "Şuşa İli"ndə Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması istiqamətində görülmüş tədbirlərlə əzəli torpaqlarından ayrı düşmüş sakinlərimizin qürur və sevinclə Böyük Qayıdışının ilk mərhələsinin uğurla gerçəkləşdiyini xüsusi vurğulayıb.

Kollegiya iclasında ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi qeyd edilib.

İclasda "İşin Təşkili Qaydaları"nın təkmilləşdirilməsi məsələləri ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, prokurorluq işçilərinin "Etik Davranış Kodeksi"nin yeni layihəsinə dair Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, cari kadr məsələləri ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi ilə əlaqədar Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov və "Elektron prokurorluq" informasiya sisteminin tətbiqi ilə əlaqədar görülmüş işlərə dair Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda kollegiyanın qərarı ilə "İşin Təşkili Qaydaları"na əlavə və dəyişikliklər, həmçinin "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi" təsdiq edilib.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.          

Ülvi QARAYEV,

“Respublika”.