Azərbaycanın sülh çağırışı
Digər xəbərlər

Azərbaycanın sülh çağırışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qızları Arzu Əliyeva martın 18- erməni işğalından azad edilmiş Tərtər rayonunun Talış kəndində olublar. Novruz bayramı münasibətilə tonqal qalayan Ali Baş Komandan Azərbaycan xalqına müraciət edib. Xalqa müraciəti zamanı Prezident Ermənistana da vacib mesajlar ünvanlayıb. Mövzu ilə əlaqədar şərh bildirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə qeyd edir ki, cənab Prezidentimizin Novruz bayramı ərəfəsində işğaldan azad edilmiş Talış kəndində əhali ilə görüşü zamanı Ermənistana ünvanladığı bir sıra mesajlar onu reallığı qəbul etməyə Azərbaycanın ərazi bütövlüyünü tanımağa, tezliklə sülh müqaviləsi bağlamağa çağırışdır:

"İş burasındadır ki, Ermənistan sarsıdıcı zərbəyə məruz qalsa da, hələ özünün məğlubiyyətini qəbul edə bilmir. Hələ erməni siyasi dairələrinin beynindən "böyük Ermənistan" ideyası çıxmır, onlar qonşu dövlətlərə, ilk növbədə, Azərbaycana ərazi iddiası irəli sürməkdə davam edirlər. Onlar unudurlar ki, bu gün Azərbaycan ötən əsrin 90- illərinin Azərbaycanı deyil. O, öz hüquqlarını qoruya bilən, öz ərazi bütövlüyünü təmin etmiş bir ölkədir. Cənab Prezident bu reallıqları bir daha onlara xatırlatdı. Həm Ermənistana, həm Ermənistanı müdafiə edən xaricdəki müəyyən dairələrə xəbərdarlıq etdi ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davam edərsə, bu, heç onlar üçün arzuolunan nəticə ilə sonlanmayacaq. Bir neçə gün bundan əvvəl Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidən Laçın-Xankəndi yoluna alternativ Azərbaycan nəzarətindən kənar bir yol çəkməsinin qarşısının alınması ölkəmizin  gücünü göstərdi. Azərbaycan bir daha sübut etdi ki, o, öz ərazisində suveren hüququnu həyata keçirmək üçün bütün hüquqlara malikdir. Ermənistan qədər tez Azərbaycanla sərhədlərin tanınması ərazi bütövlüyü məsələlərini həll edərsə, bu, ilk növbədə, Ermənistanın özü üçün faydalı olar. Cənab Prezidentimizin mövqeyi Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının mövqeyidir, Ermənistan onu müdafiə edən dairələr bilməlidir ki, xalqla iqtidarın yekdilliyi bu gün Azərbaycanın qüdrətinin əsasını təşkil edir".

Günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan rəhbəri onu da xatırlatdı ki, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistan dövləti unudur ki, onun gələcəyi Azərbaycan ilə xoşniyyətli qonşuluq münasibətlərindən asılıdır. Dünyaya öz qüdrətini bir daha göstərən Azərbaycan on illər boyu işğal altında olarkan belə, düşmən ölkəni sülhə çağırdığı kimi, bu gün sülh siyasətini davam etdirir.

Nəzrin CAVADZADƏ,

"Respublika".