Haylar ərazilərimizi tərk edir
Digər xəbərlər

Haylar ərazilərimizi tərk edir

44 günlük Vətən müharibəsindəki qələbəmiz Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Azərbaycanın hərbi-diplomatik müstəvidəki uğuru onu regional lider mövqeyinə yüksəltdi. Doğrudur, mənfur düşmənin yerinə otuzdurulması beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrinin ikili yanaşmalarını daha da artırdı. Lakin qətiyyətli liderlik mövqeyi nümayiş etdirən ölkəmiz bu kimi hallara qarşı adekvat yanaşma sərgiləyir, hayların hərbi və siyasi müstəvidəki təxribatları uğurla dəf edilir.

Postmüharibə dövründə Ermənistanın revanşist hisslərinin artması, havadarlarının əli ilə yenidən güc toplamaq arzusu mövcud geosiyasi vəziyyətdə sülh prosesinə kölgə salmaqdadır. Bu ilin sonuna qədər imzalanması gözlənilən sülh müqaviləsinin hər vəchlə təhrif edilməsinin şahidi oluruq. Müxtəlif spekulyasiya və manipulyasiyalarla sabitlik və inkişaf dövrünün bərqərar olmasına ciddi maneələr törədən aqressora qarşı hələ də heç bir tədbir görülmür, törədilən cinayət əməllərinin üstü ört-basdır edilir, "ədalət qoruyucusu" qismində iştirak edən qərəzli qüvvələrin çətiri altında çirkin planlar qurulur.

Xüsusilə son dövrdəki "humanitar böhran", "blokada", "soyqırımı", TIR şousu kimi hədəfdən yayınma cəhdləri müşahidə edilir ki, bu da hayları onlar üçün labüd sona aparır. İntensiv olaraq Xankəndidə "gərgin humanitar vəziyyət" iddiası altında Ermənistan saxta beynəlxalq ictimai nəzər yaratmağa cəhd edir. Bununla yanaşı, Azərbaycanın haqq işi olan Laçın dövlət sərhədindəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti haylar tərəfindən birmənalı olaraq qəbul edilmir. Haylar qətiyyətlə Azərbaycan tərəfi ilə razılaşdırılmadan buraya gətirilən iri yük maşınlarının Laçın dövlət sərhədindən keçməsinə səy göstərir. 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan ərazilərindəki özbaşınalığı - bu ərazilərə hərbi dəstələrin cəlb edilməsi, onların silah-sursatla təmini, təbii sərvətlərimizin qanunsuz olaraq istismar edilməsi kimi cinayət əməllərinin Laçın yolu vasitəsilə reallaşdırılmasını nəzərə alsaq, mənfur düşmənin xain planını aydın şəkildə görmək olar. Elə buna görə də indi onlar bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı hərbi və siyasi maneələr yaradır. Lakin nə fayda? Mötəbər beynəlxalq platformalarda Azərbaycanın sülh prosesindəki mövqeyi birmənalı şəkildə qəbul edilir. Üstəlik, Azərbaycanın regional olaraq Avropa üçün verdiyi töhfələr göz qabağındadır. Bununla yanaşı, hayların təxribat əməllərinə anti-Azərbaycan dairələrinin də güc verməsinə baxmayaraq, çoxluq ölkəmizin haqq işinə yaxından bələddir. Bir sözlə, Ermənistan kimi oyuncaq bir dövlət Avropa məkanında Azərbaycan kimi refansı güclü olan bir ölkəni sarsıda bilməz. Necə deyərlər külək qayadan yalnız toz alar. Ermənistanın diplomatik məkandakı sonuncu məğlubiyyəti bunu deməyə əsas verir ki, artıq bu cür təxribatlar fayda verməyəcək və beynəlxalq ictimai fikir bu yöndədir ki, sülh bərqərar olsun. Çünki sözügedən platformalardakı qlobal güclərin maraqları məhz Cənubi Qafqaz regionunda intensivləşməkdədir. Destabil bir məkanda isə heç bir iqtisadi dividendin əldə edilməsi mümkün deyil.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Ermənistanın diplomatik müstəvidəki növbəti rüsvayçılığı ilə nəticələnən iclas Azərbaycanın haqq işini sona qədər icra edəcəyini bildirməsi ilə yadda qaldı. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq hayların bədnam əməllərini açıb göstərdi. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə əsaslı fikir formalaşdırıldı. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan Yaşar Əliyev bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sadiqliyini nümayiş etdirir.

Görünür, bunun nəticəsidir ki, haylar artıq böhtanların mənasız olduğunu qavramağa başlayıblar. Belə ki, avqustun 21-də Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməni əsilli şəxs ərazini tərk edib. Onların əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Azərbaycan öz ərazisindəki digər milli azlıqlar kimi, erməni əhalisinə də humanizm prinsipləri çərçivəsində dəfələrlə reinteqrasiya üçün çağırışlar etsə də, xain xislətli haylar bu təklifi bu günə qədər də qəbul etməyiblər. Odur ki, dinc şəkildə torpaqlarımızda yaşamaq istəməyənlərə qapı açıqdır, ərazimizi tərk edə bilərlər, bu istiqamətdə heç bir maneə yoxdur. Bununla yanaşı, Azərbaycan tərəfi dəfələrlə qeyd etmişdir ki, suveren ərazilərimizdə ancaq vətəndaşlığımızı qəbul edən şəxslər yaşaya bilərlər.

Azərbaycan hər zaman olduğu kimi, öz qətiyyətini və prinsipiallığını qoruyacaq. Separatizm səyləri davam edərsə, bunun qarşısının alınması üçün sərt addımlar atacaq.

Nurlan ABDALOV,

  "Respublika".