Azərbaycanda bu il ÜDM istehsalı artımla proqnozlaşdırılır
İQTİSADİYYAT

Azərbaycanda bu il ÜDM istehsalı artımla proqnozlaşdırılır

Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi və qəhrəman Ordumuzun cəsarəti sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra dövlət büdcəsinin yeni şəraitə uyğunlaşması prosesi gedir. Azərbaycanda da dünya meqatrendlərinə uyğun olaraq dövlət büdcəsinin həcmi genişləndirilir və 2021-ci ildə dövlət büdcəsi xərclərinin Ümumi Daxili Məhsulda (ÜDM) payı 37,7 faiz proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın yenidən qurulması, iqtisadi artımın bərpası, sosial rifahdır. Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb.

Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi - 3,1 faizdən 4,8 dəfə çox olacaqdır. Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. 

Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan - 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilmişdir. Beynəlxalq Valyuta Fondunun “fiskal fəza rombu”na uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizasiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər. 2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. 

Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlətin deyil, həm də beynəlxalq qurumların, bankların, xarici və yerli sərmayədarların və başqa mənbələr hesabına maliyyələşdiriləcəkdir. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq.

2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlmişdir. Həmişə olduğu kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli dərəcədə genişləndiriləcək.

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

2021-ci ilin yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 206,1 milyon, pambıq lifi ixracı 109,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 39,7 milyon, pambıq ipliyi ixracı 17,8 milyon, kimya sənayesi məhsullarının ixracı 19,2 milyon, şəkər ixracı 16,3 milyon, heyvan mənşəli piylər və yağların ixracı 13,8 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,8 milyon və çay ixracı 3,7 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac həcmi 210,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci ilin may ayında yeyinti məhsullarının ixracında azalma müşahidə edilsə də, qeyri-yeyinti məhsullarının ixracında ötən ilin eyni ayı ilə müqayisədə 55,8% artım müşahidə edilib. Qeyri-yeyinti məhsullarının may ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr gübrə, yeyinti sənayesinin qalıqları və tullantıları, heyvanlar üçün hazır yemlər, pambıq, qara metallar, qurğuşun və alüminium və onlardan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu vasitələrindən başqa, onların hissələri və ləvazimatları və s. təşkil etmişdir.

2021-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 15 milyard 240,6 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3% çoxdur.

Əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 8 milyard 381,2 milyon manat (2020-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 2,2%) xərclənib.

2021-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik cihazları və mebelin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Yanvar-may aylarında istehlak malları dəyər ifadəsində 27,7%-i ticarət müəssisələrində, 48,9%-i isə fərdi sahibkarlar tərəfindən bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4% artıb.

Qeyd edək ki, iqtisadiyyatın qeyri- neft-qaz sektorunda əlavə dəyəri isə 4,1 faiz artıb. ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai-iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

“Fitch Ratings” Beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,1%, 2022-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırır. 2020-ci ildə COVİD-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması səbəbindən Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. Beləliklə, 2021-2022-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,5% təşkil edəcək.

“Fitch Ratings”in bildirdiyinə görə, 2021-ci ildə cari əməliyyatlar hesabının ÜDM-in 5,9% səviyyəsində müsbət saldosuna qayıtmağı planlaşdırılır, bu da neftin daha yüksək qiyməti ilə əlaqədardır. 2022-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,7% səviyyəsində proqnozlaşdırılır. “Fitch Ratings” onu da proqnozlaşdırır ki, 2021-ci ildə Azərbaycan hökumətinin Qarabağda işğal olunan ərazilərdə infrastrukturun yaradılmasına sərmayələri ÜDM-in 1,9%-nə, 2022-ci ildə - ÜDM-in 2,2%-nə ekvivalent olacaq.

Beynəlxalq Valyuta Fondu Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır. Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən isə bu il 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq.

Pandemiyanın təsirindən ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz azalıb. Ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb.

Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. Mütəxəssislərin bildirdiyinə görə, bu il turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. 2019-cu ildə Azərbaycanın turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorunda məhdudiyyətlərin yüngülləşdirilməsi məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan vaksinasiya prosesini sürətləndirən və virusa yoluxanların sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə biləcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.