Ali Məhkəmə koronavirusun qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
Digər xəbərlər

Ali Məhkəmə koronavirusun qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb

Ali Məhkəmə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında məlumat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılmasına dair mayın 26-da qəbul etdiyi qərar nəzərə alınaraq Azərbaycan Respublikasının məhkəmələrinə bir sıra tövsiyə verilib.

Belə ki, cari il oktyabrın 11-dən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya əks göstəriş sertifikatı (COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı) tələb ediləcək.

Həmçinin tövsiyə edilib ki, barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda isə onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.

Bundan başqa, təqsirləndirilən şəxslərin (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya əks göstəriş sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin Məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilməsi tövsiyə olunub.

Habelə tövsiyə edilib ki, hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

Bundan başqa, məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlərin görülməsi tövsiyə edilib.

AZƏRTAC