AĞDAŞDA ÇƏLTİK BİÇİNİ DAVAM EDİR
Region

AĞDAŞDA ÇƏLTİK BİÇİNİ DAVAM EDİR

Ölkənin aqrar sektorunda ənənəvi təsərrüfat sahələrindən biri olan çəltikçiliyin inkişafı, əhalinin etibarlı ərzaq məhsullarına tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində Ağdaş rayonunda da bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə edilmişdir.

Son illər ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb. Əslində, çəltikçilik çox gəlirli sahədir. Belə ki, çəltik əkini, həm yüksək məhsuldarlıq, həm iqtisadi səmərə verir. Hər hektardan 50-60 sentner məhsul götürülür. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür. Yerli düyüyə tələbatın artması, eləcə də, dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin yenidən dirçəlməsinə səbəb olub. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən buğda və çəltik əkini sahələrinin becərilməsində istifadə edilən yanacaq  və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına  yardım verilməsi, həmçinin son illər kənd təsərrüfatının inkişafı istiqamətində keçirilən digər tədbirlər istehsalçılarda bu sahəyə marağı daha da artırmışdır. Bütövlükdə, aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında çəltik istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirədə də bu məqamlara toxunulub. Müşavirədə çəltik bitkisinin təsərrüfat əhəmiyyəti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər barədə danışılıb. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi qeyd edilib. Müşavirədə də vurğulandığı kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi çəltikçilik də yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr bu gün rayonlarda uğurla yerinə yetirilir. Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın ixracla əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Ağdaş rayonunda da 2021-ci ilin məhsulu üçün 652,5 hektar sahədə çəltik əkilmişdir. Cari ildə əkin sahələrində yetişdirilən çəltik məhsulunun yığılması işinə cəlb olunan kombaynlar vasitəsilə 51 hektarda  biçin aparılmış, sahələrdən indiyədək  153  tondan artıq məhsul əldə olunmuşdur.  Biçin müvəffəqiyyətlə davam etdirilir.

Zabit XƏLİLOV,

“Respublika”.