ADA Universitetinin əməkdaşları Qazaxda region müəllimləri ilə görüşüb
Elm və təhsil

ADA Universitetinin əməkdaşları Qazaxda region müəllimləri ilə görüşüb

ADA Universitetinin bir qrup əməkdaşının iştirakı ilə Qazax rayonunda yerləşən 2 saylı orta məktəbdə region müəllimləri ilə görüş baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün məqsədi ADA Universitetinin bilavasitə region müəllimləri və məktəb direktorları üçün Azərbaycan dilində "Təhsil üzrə menecment" və "Təlim və Tədrisin Təşkili və Metodikası" üzrə yeni iki magistr proqramı haqqında məlumat vermək olub.

Universitetin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova deyib ki, tədbir iştirakçılarına ADA Universitetinin 2022/2023-cü tədris ili üçün təklif etdiyi yeni iki magistr proqramı, qəbul qaydaları və ixtisasın verdiyi digər imkanlar barədə ətraflı danışılıb. Bildirilib ki, bu ixtisaslar növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində əyani və distant formada tədris ediləcək. Tədrisin hibrid formada olması nəzərə alınaraq qeyd olunan ixtisaslara qəbul təkcə Qazax rayonundan deyil, digər regionlardan da nəzərdə tutulub.

ADA Universitetinin baş müəllimi Ül

viyyə Mikayılova regionlardan olan müəllimlərin bu proqramlara qoşulması üçün bütün imkanların mövcud olduğunu qeyd edib: "Biz istərdik ki, gənc müəllimlər yeni magistr proqramlarının bütün imkanlarından istifadə etsinlər. Çünki yeniləşən dünyanın tələblərinə uyğun olaraq, bilik əsaslı iqtisadiyyatın qurulması və ölkəmizdə rəqabətə davamlı kadrlar yetişdirməsi, keyfiyyətli insan kapitalının formalaşmasında hər iki yeni proqramın böyük rolu olacaq".

"Görüş haqqında fikirlərim çox müsbətdir. Çünki bakalavr təhsilimi aldıqdan sonra magistr təhsili almaq mənim ən böyük arzum olub. Bu gün ucqar kənddə işlədiyim üçün bu təhsil mənə qeyri-mümkün görünürdü. Bu görüşdən sonra bizim qarşımızda böyük bir şansın yarandığını gördüm. Ümid edirəm ki, növbəti ildən magistr təhsili almaq arzumu gerçəkləşdirə biləcəyəm", - deyə Qazax rayonu Fərəhli kənd orta məktəbinin ingilis dili müəllimi Humay Yusifova bildirib.

AZƏRTAC