BILIK GÜNÜ YÜKSƏK SƏVIYYƏDƏ QEYD OLUNUR
Elm və təhsil

BILIK GÜNÜ YÜKSƏK SƏVIYYƏDƏ QEYD OLUNUR

15 sentyabr ümumtəhsil məktəblərində Bilik Günü kimi qeyd olunur. Son illərdə Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamıdır.

 Qeyd edək ki, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumitəhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 34 995 azyaşlı, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlı cəlb olunacaq. 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Ümumi təhsil müəssisələrində sentyabrın 15-də ilk dərs günü "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunacaq. Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəsissələri üçün 1 854 703 ədəd dərslik yerlərə çatdırılıb.

247 nömrəli orta məktəbin direktoru Sitarə Abbasova bildirib ki, 2022-2023-cü tədris ilində məktəbin 65 məzunu olub: "Həmin məzunların 44 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Bir nəfər məzunumuz Dadaşzadə Fatimə xüsusi nümunəli attestat alaraq qızıl medalla təltif olunub. Ümumiyyətlə, yola saldığımız tədris ili şagirdlərimizin uğurları ilə yadda qalıb. X sinif şagirdimiz Xədicə Hüseynli respublika fənn olimpiadalarında coğrafiya fənnindən 1-ci yerin qalibi olub, qızıl medal əldə edib, hətta coğrafiya fənni üzrə ən yüksək bal toplayaraq "Birincilərin birincisi" adını qazanıb. V sinif şagirdimiz Musabəyli Ayxan "Lütfi Zadə" məntiq olimpiadasında gümüş medal əldə edib. X sinif şagirdimiz Qəmbərova Həvva isə "Sabahın alimləri" XII respublika müsabiqəsində II yerin qalibi olub. Eyni zamanda digər yerli və beynəlxalq müsabiqə və layihələrdə də istedadlı şagirdlərimiz uğur əldə ediblər.

IX siniflərdə DİM tərəfindən aparılan buraxılış imtahanı nəticələrinə görə də məktəbimiz fərqlənib, rayon üzrə 7-ci yerdə, Bakı şəhəri ümumi təhsil müəssisələri arasında 44-cü yerdə qərarlaşıb. Cari tədris ilində 73 şagird Xl sinifdə təhsil alacaq və inanırıq ki, uğurlarımız davam edəcək.

Bu il 247 saylı orta məktəbin birinci sinifində 92 şagird təhsilə başlayacaq. Məktəbdə birinci sinifləri qarşılamaq üçün hazırlıq işləri tamamlanıb. Bütün ümumi təhsil müəssisələrində olduğu kimi, bizim məktəbdə də Nazirlər Kabinetinin 416 nömrəli qərarına uyğun olaraq, təhsilalanlar vahid məktəbli formasına keçib. Valideynlər arasında keçirdiyimiz sorğuya əsasən, onları artıq məktəbli geyimini alıblar. Qeyd edim ki, bu gün birinci sinif şagirdləri müxtəlif şeirlər səsləndirəcəklər. Bilik Günü tədbirimizdə məktəbimizin adını daşıdığı şəhid Abdulla Rəhimovun və barelyefi qoyulan İsmayıl Kərimlinin ailə üzvləri də iştirak edəcək".

Nuranə DAXİLQIZI,

"Respublika".