AzTU-da dəyirmi masa keçirilib
Elm və təhsil

AzTU-da dəyirmi masa keçirilib

AzTU-da universitet-sənaye əməkdaşlığı kontekstində dövlət, akademiya, biznes və ictimai təşkilatların nümayəndələrinin birgə iştirakı ilə “Qida tullantılarının təkrar emalı” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Hacettepe Universitetinin professoru, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Ilgınlar” şirkətinin tədqiqat və inkişaf məsələləri üzrə məsləhətçisi Behzat Gürkan və şirkətin təmsilçisi Osman Ilgının geniş təqdimatları dinlənilib.

Türkiyə Sənaye və Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilən “Qida tullantılarının təkrar emalı” layihəsinin operatoru, “Ilgınlar” sənayeyönümlü qida emalı və yem maddələri şirkətinin bu sahədə uzunmüddətli təcrübəsi müzakirələr zamanı böyük marağa səbəb olub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev son illər universitetdə magistratura səviyyəsində yerinə yetirilən dissertasiya tədqiqatlarında sosial-iqtisadi inkişafın problemlərinə həsr olunan mövzuların seçilməsini və qida tullantılarına dair bir neçə magistr işlərinin yerinə yetirildiyini vurğulayıb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi və universitetlərin sənayenin bu sektorunda iştirakı gələcək zaman üçün gözlənilən tələblərdir. Bu çağırışların fonunda AzTU-da akademik bilik və təcrübənin sənayeyə inteqrasiyası, dünyada istifadə olunan ən yaxşı təcrübələrin ölkəmizə gətirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində əhəmiyyətli iş aparılır.

Nəriman CAVADOV,

“Respublika”.