Hər birimizin həyatında onların bir zərrəsi var
Elm və təhsil

Hər birimizin həyatında onların bir zərrəsi var

Müəllim sözünü ərəbcədən qısaca "dərs keçən, tədris edən" kimi tərcümə edə bilərik. Lakin müqəddəs peşə daha geniş məna kəsb edir. Müəllim hər hansı bir fəndən dərs deyən öyüd-nəsihət verən, öyrədən, deməkdir. O, ilk növbədə insandır, bilikli, savadlı, öz peşəsini sevən, gələcək nəsli xalqın, vətənin tərəqqisi üçün hazırlayan, vətəndaş, ictimai xadimdir. Onlara göstərilən qayğı, minnətdarlıq əsla kifayət deyil. 1994-cü ildə UNESCO-nun rəsmi qərarı ilə hər ilin 5 oktyabr günü müəllimlərin peşə bayramı kimi qeyd edilir.

Müəllim tələbənin həyatında ən vacib şəxsiyyətlərdən biridir. Problemimiz olanda bizi səbir dinləyən, olduğumuz kimi qəbul edən və bizi mühakimə etməyən müqəddəs varlıqdır. Onlar tələbələrinin gələcəyini formalaşdırmaqda və onları dünyanın çağırışlarına hazırlamaqda mühüm rol oynayırlar. Müəllim həm də şagirdlərini öz məqsədlərinə çatmaq üçün ruhlandırmaq və həvəsləndirmək qabiliyyətinə də malik olmalıdır. Onlar başa düşürlər ki, hər bir tələbənin öz öyrənmə tərzi və tempi var və onlar öz tədris metodlarını hər bir fərdi tələbənin ehtiyaclarına uyğunlaşdırmağa hazır olmalıdırlar. Bizə təkcə bilik verməklə kifayətlənmir, həm də tənqidi yanaşma, problem həlletmə və ünsiyyət qurmaq kimi mühüm bacarıqları öyrədirlər. Tələbələrini tam potensiallarına çatmaq və arzularını həyata keçirmək üçün ruhlandırırlar.

Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyevdən başlayaraq, bütün ədiblərimiz əsərlərində müəllim obrazı yaradıblar. Şübhəsiz ki, nəşrlə həyatımıza daxil olmuş yüzlərlə ölməz müəllim var. Lakin ilk ağlagələnlər əsasən, "Dəli Kür"dəki rus Əhməd, Kipiani, Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi", Əli Kərimin "Pillələr" romanındakı professor Qaraqaşlı, Məmməd Orucun "Kamal müəllimin mahnısı" hekayəsindəki Kamal müəllim, Maqsud İbrahimbəyovun Cəbiş müəllimi, Cəlil Məmmədquluzadənin müəllim Həsənovu ədəbiyyatımızın ən yaddaqalan müəllimləridir.

Ən parlaq müəllim obrazlarından biri də məhz Cəbiş müəllimdir. Sabun bişirən müəllim onu satmadı, payladı. Çünki müəllim insanların zehnindəki pislikləri yuyandır. 1969-cu ilin unudulmaz müəllimi bu gün hələ də öz təsirini saxlayır. Süleyman Ələsgərov məharətlə canlandırdığı bu obraz bizə çox şeylər öyrədib. Bunun nəticəsidir ki, 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilib və bu obraz festivalın qalibi olub.

Film o dövrün həqiqətlərini bizə yüksək bədii sənətkarlıqla çatdırıb. Burada İkinci Dünya müharibəsi illərində Bakıda qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Həmin dövrdə Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə məhz bu filmdə söylənilib. Belə ki, Sovetlər tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə "Bizim Cəbiş müəllim" filmində göstərilib.

Cəbiş müəllim qanuna riayət edən, ailəsini, vətənini, peşəsini sevən və qanı-canı bahasına ona bağlı olan obrazdır. Biz burada Vətəni dərin məhəbbətlə sevən Cəbiş müəllim və yetirmələri ilə rastlaşırıq. Cəbiş müəllim dünyagörmüş, xeyirxah, nikbin ruhlu insandır. Onun hərəkətlərindəki qeyri-adilik isə məhz sadəlövhlüyündən, həyatsevərliyindən, işgüzarlığından irəli gəlir. Təəssüf ki, həmin dövrdə insanların çoxunu cəbhəyə göndərdikləri üçün bizim Cəbiş müəllim də həm fizikadan, həm də kimyadan dərs deməli olur. Buradan da biz müəllimin təkcə öz sahəsinə yox, bütün biliklərə yiyələnməli olduğunun, vacibliyini görürük. Həmin çətin dövrlərdə o, imkan vermir ki, şagirdləri kimya dərsindən geri qalsın. Çalışdığı qədər onları irəli aparmağa, ruhdan salmamağa və təhsilə bağlı olmağa səsləyir. Uşaqlar nə qədər dəcəl olsalar da, onlara qarşı əsla qəddarlıq göstərmir. Əsl peşəkar müəllim kimi səbirlə, əzmlə onların təhsil almağı üçün vuruşur. Həm məktəbdə, həm də məktəbdənkənar şagirdlərini təhsilə səsləyir.

Bizim Cəbiş müəllim sabun düzəltməyi bacarırdı, ancaq onu bazara çıxarıb satmaq əvəzinə, əsgərlərə paylayır və bundan bərk sevinir. Biz buradan anlayırıq ki, müəllim bilik və bacarıqlarını əsla pul xatirinə satmır. Əksinə, onları təmənnasız xalqına, onlar üçün cəbhədə canından keçməyə hazır olan əsgərlərə paylayır. Əsl müəllim nümunəsi insanlara məhz bu formada göstərilir.

Daim gələcəyimizə işıq saçan şəxslər məhz müəllimlərdir. Özü şam kimi əriyib, lakin şagirdləri üçün ətrafı aydınladırlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".