BAYDEN ƏRDOĞANLA BİR SIRA MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİB
ABŞ prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı rəsmi Ankaranın Amerikanın “F-16” qırıcılarını alması məsələsini müzakirə edib. Bu barədə “Report” agentliyinin “Röyters”ə istinadən verdiyi xəbərdə qeyd olunur.
Bildirilir ki, dövlət başçıları telefon danışığında həmçinin Türkiyənin etiraz etdiyi İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar.
Məlumata əsasən, mövzular Cozef Baydenin prezident seçkilərindəki qələbəsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edərkən müzakirə olunub.
“Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də “F-16”larla bağlı işlərin aparılmasına maraqlıdır. Mən həmçinin ona İsveç məsələsinin üzərində işləməyin vacibliyini bildiridim”, - deyə Cozef Bayden jurnalistlərə açıqlamasında bəyan edib.
Eyni zamanda, ABŞ prezidenti əlavə edib ki, tərəflər bu məsələlərlə bağlı daha sonra əlaqə saxlayacaqlar: “Gələn həftə bu barədə daha ətraflı danışmaq niyyətindəyik”.
İSPANİYANIN BAŞ NAZİRİ PARLAMENTİN BURAXILMASI HAQDA QƏRAR QƏBUL EDİB
İspaniyanın baş naziri Pedro Sançes parlamentin buraxılması və iyulun 23-nə növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, baş nazir müvafiq qərarı ölkə televiziyası ilə çıxışı zamanı açıqlayıb.
Bildirilir ki, baş nazir müvafiq qərarını mayın 28-də keçirilən regional və bələdiyyə seçkilərinin nəticələri ilə izah edib.
Məlumata əsasən, 12 muxtar icmanın əksəriyyətində səsvermədən sonra Pedro Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyası qalib gəlib.
Qeyd edək ki, ölkədə qarşıdan gələn seçkilər 2023-cü ilin sonuna təyin edilmişdi.
KXDR ABŞ-I İZLƏMƏK ÜÇÜN KƏŞFİYYAT PEYKİNİ ORBİTƏ BURAXACAQ
Şimali Koreya ABŞ hərbi fəaliyyətini birbaşa izləmək üçün iyun ayında ilk kəşfiyyat peykini orbitə çıxaracaq. Bu barədə “Röyters” agentliyinin yaydığı məlumatda qeyd olunur.
Verilən xəbərə əsasən, Cənubi Koreya və ABŞ-ın silahlı qüvvələri tarixin ən böyük hərbi təlimlərinə başlayıb. Sözügedən təlimlər müttəfiqlərin qarşılıqlı fəaliyyət qabiliyyətini və KXDR-dən gələn təhdidlərə qarşı hazırlığını artırmaq məqsədi daşıyır.
Şimali Koreyanın hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının sözçüsü bildirib ki, ABŞ-Cənubi Koreyanın birgə hərbi təlimləri Pxenyandan “düşmənin hərbi fəaliyyəti haqqında real vaxtda məlumat toplamaq qabiliyyətinə malik vasitələrə” sahib olmasını tələb edir.
Eyni zamanda, bildirilir ki, KXDR hərbi peykin orbitə buraxılmasının dəqiq tarixini açıqlamasa da, bir gün əvvəl onlar Yaponiyanın sahil mühafizəsini mayın 31-dən iyunun 11-dək orbitə çıxarmaq planları barədə xəbərdarlıq ediblər.
BU YAŞDA SİQARETDƏN İMTİNA EDƏNLƏRİN ÖMRÜ 10 İL UZANIR
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Bu barədə “TRT” telekanalı ÜST-ün açıqlamasına istinadən xəbər verib.
Bldirilir ki, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır.
Eyni zamanda, açıqlamaya əsasən, tütün məhsulları istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez vəfat edirlər.
Bununla yanaşı, ÜST-ün məlumatına görə, hər il tütün məhsulları istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünə məruz qalanlardır.
Təşkilatın açıqlamasına əsasən, dünyada təxminən 700 milyon uşaq tütün tüstüsünə məruz qalır. Həmçinin bildirilir ki, hər il tütün tüstüsünə məruz qalan 65 min uşaq tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmadan dünyasını dəyişir.
KREML MOSKVAYA edilƏN DRON HÜCUMU İLƏ BAĞLI AÇIQLAMA yayıb
Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı açıqlama verib. “Report” agentliyinin verdiyi xəbərə görə, mətbuat katibi hücumla bağlı hansısa konkret planın gündəlikdə olmadığını bəyan edib.
Eyni zamanda, Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin bu barədə açıqlama verməyəcəyini diqqətə çatıdırıb.
Dmitri Peskov həmçinin hücum nəticəsində itkilərin və şəhər sakinləri üçün heç bir təhlükənin olmadığını bildirib.
Bununla yanaşı, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sözlərinə görə, “Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli itkilərinə baxmayaraq, Qərb kuratorları Kiyevdən hücuma keçməyi tələb edirlər”.
Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum həyata keçirilib. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.
JOZEP BORREL KOSOVODAKI ZORAKILIĞI PİSLƏYİB
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Kosovodakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb. “Report” agentliyinin xəbərinə görə, Aİ diplomatiyasının rəhbəri bu barədə “Twitter” hesabında qeyd edib.
“Aİ Kosovo hakimiyyətini və etirazçıları vəziyyəti dərhal və qeyd-şərtsiz gərginləşdirməməyə çağırır. Biz tərəflərin məsuliyyətlə hərəkət etmələrini və dialoq vasitəsilə dərhal siyasi həll yolu tapmasını gözləyirik”, - deyə Jozep Borrel vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Şimali Mitrovitsa Xəstəxanasının baş həkimi Zlatan Elek qarşıdurmalarda 50 nəfərin yaralandığını bildirib.
Bununla yanaşı, NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini, 25-ə yaxın əsgərin xəsarət aldığını diqqətə çatıdırıb.
Məlumat üçün qeyd edək ki, Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik mayın 26-dan davam edir.
SUDANDA ATƏŞKƏS RAZILAŞMASININ MÜDDƏTİ UZADILIB
Sudan ordusu və xüsusi təyinatlı qüvvələr imzaladıqları atəşkəs razılaşmasının daha 5 gün uzadılması barədə razılıq əldə ediblər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
“Səudiyyə Ərəbistanı və ABŞ Sudan ordusu və xüsusi təyinatlıların atəşkəs razılaşmasını daha 5 gün uzatmasını alqışlayır”, - deyə ABŞ-ın Sudan paytaxtındakı səfirliyinin sosial media hesabında edilən paylaşımda qeyd olunub.
Açıqlamada atəşkəsin uzadılması qərarının daha çox humanitar yardım və əsas xidmətlərin göstərilməsinə, eləcə də uzunmüddətli atəşkəsin müzakirəsinə vaxt qazandıracağı bildirilib.
Bəyanatda mayın 20-də imzalanan atəşkəsin tam yerinə yetirilməsə də, ehtiyacı olan təxminən 1 milyon sudanlıya humanitar yardımın çatdırılmasını təmin etdiyi vurğulanıb.
Qeyd edək ki, tərəflər aprelin 15-dən bəri davam edən qarşıdurmaları dayandırmaq üçün ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə mayın 20-də bir həftəlik atəşkəs elan etdiklərini açıqlayıblar.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.