DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LIZ TRASS BAŞ NAZİR OLARSA, ÇİNİ ÖLKƏSİNƏ TƏHDİD ELAN EDƏ BİLƏR

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass baş nazir olacağı təqdirdə ilk dəfə Çini ölkənin milli təhlükəsizliyinə “təhdid” elan etmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Liz Trass Böyük Britaniyanın baş naziri vəzifəsinə seçiləcəyi təqdirdə xarici siyasətə yeni forma verəcəyini, eləcə də rəsmi Londonun növbəti onilliklər üçün diplomatiya və müdafiə sahəsində prioritetlərini müəyyən edən sənədə yenidən baxılacağını vəd edib.

Məlumata əsasən, bu halda Çinə Böyük Britaniyaya “kritik təhlükə” statusu verilə bilər.

Bununla yanaşı, “Financial Times” nəşri Vaşinqtondakı mənbələrə istinadən yazıb ki, Liz Trass özünün aqressivliyi, açıqlığı və maksimalist “ağ-qara düşüncəsi” ilə ABŞ administrasiyasını qıcıqlandırır.

 

İRAQIN PAYTAXTINDA ETİRAZ AKSİYALARI BAŞLAYIB

İraqın paytaxtı Bağdad şəhərində nüfuzlu siyasi xadim Müqtəda əs-Sədrin tərəfdarları etiraz aksiyası keçirərək Respublika Sarayını mühasirəyə alıblar. “Trend” agentliyinin məlumatına görə, aksiya Müqtəda əs-Sədrin siyasi fəaliyyətinə son verməsi barədə açıqlamasından sonra başlayıb.

Verilən xəbərə görə, Müqtəda əs-Sədr ölkədə mövcud siyasi vəziyyətin dalana dirəndiyini bildirərək siyasətdən uzaqlaşdığını elan edib. Daha sonra onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.

Eyni zamanda, bildirilir ki, İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib. Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.

Məlumata əsasən, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Həmçinin vurğulanıb ki, Bağdadda “yaşıl zona”da Müqtəda əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 2 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

Xatırladaq ki, Müqtəda əs-Sədr tərəfdarları iyulun sonlarında da bir neçə gün etiraz aksiyaları keçirmişdi.

 

JOZEP BORRELL: Aİ RUSİYAYA GÖRƏ CİDDİ PROBLEMLƏRLƏ ÜZLƏŞƏCƏK

Avropa İttifaqı anti-Rusiya sanksiyalarına görə ciddi problemlərlə üzləşəcək. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, müvafiq açıqlamanı Avropa diplomatiyasının rəhbəri Jozep Borrell verib.

“Əlbəttə, biz qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətlərinin artdığını danmaq olmaz. Lakin biz azadlıq uğrunda bədəl ödəməyə hazır olmalıyıq”, - deyə Jozep Borrell vurğulayıb.

Diplomat həmçinin Qərbin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin Rusiya üçün çətinliklər yaratdığı fikrini də ifadə edib. Xüsusilə, onun sözlərinə görə, Moskvanın enerji resurslarının hasilatı və nəqli sahəsində Qərb texnologiyalarına ehtiyacı var.

Xatırladaq ki, istefa verən Böyük Britaniyanın baş naziri Boris Conson bir müddət öncə ölkəsinin sakinlərini “çətin aylar” gözlədiyini və “ağılları çaşdıran” elektrik ödənişləri ilə üzləşəcəklərini proqnozlaşdırıb.

 

CƏBƏLLÜTTARİQƏ 180 ILDƏN SONRA ŞƏHƏR STATUSU VERİLDI

Böyük Britaniyanın Pireney yarımadasının cənubundakı dənizaşırı ərazisi olan Cəbəllüttariq rəsmi şəkildə şəhər adlandırılmağa başlayıb. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, bu il ölkədə kraliça II Elizabetin hakimiyyətinin 70 illik yubileyi ilə əlaqədar Cəbəllüttariq də daxil olmaqla 39 yaşayış məntəqəsi şəhər statusu almaq üçün müraciət edib.

Böyük Britaniya Dövlət Arxivində araşdırmalar aparılandan sonra məlum olub ki, Cəbəllüttariqə 1842-ci ildə şəhər statusu verilsə də, bu fakt bu günədək rəsmi şəkildə qəbul edilməyib.

Məlumata əsasən, bir neçə gün öncə dərc olunmuş siyahıda bu bölgəyə şəhər adı verildiyi təsdiqlənib.

Qeyd edək ki, Cəbəllüttariq 1713-cü ildə İspaniya ilə müharibə nəticəsində Böyük Britaniyanın nəzarətinə keçib.

 

OLAF ŞOLTS Aİ-NIN GENİŞLƏNDİRİLMƏSİNİ DƏSTƏKLƏYİR

Almaniya kansleri Olaf Şolts Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil ola bilməsi üçün təşkilatın genişləndirilməsinə çağırıb. “Report” agentliyinin məlumatına görə, o bildirib ki, səs çoxluğu ilə qərarların qəbul edilməsinə tədricən keçid blokun genişləndirilməsi istiqamətində atılan addımdır.

“Biz vahid Avropamızın nüfuzundan daha çox istifadə etməliyik. Avropa bizim gələcəyimizdir. Bu gələcək isə bizim əlimizdədir”, - deyə Almaniya kansleri vurğulayıb.

Olaf Şolts Almaniyanın Aİ-nin genişlənməsinə sadiq olduğunu qeyd edərək Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanın təşkilata qoşulmalı olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, Olaf Şolts Aİ-yə üzv üç dövlətin Şengen zonasına daxil edilməsi ilə bağlı çağırış da edib. “Xorvatiya, Rumıniya və Bolqarıstan Şengen zonasına tam üzvlüklə bağlı bütün texniki tələblərə cavab verir. Onların tamhüquqlu üzv olmalarını təmin etməyə çalışacağam və həmkarlarımı da əllərindən gələni etməyə çağıracağam”, - deyə o əlavə edib.

 

PAKİSTAN “TALİBAN”IN İDDİASINA DƏRHAL REAKSİYA VERDİ

Əfqanıstanın “Taliban” hökuməti “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirinin hədəfə alındığı hücumda Pakistanın hava məkanından istifadə olunduğunu iddia edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Əfqanıstan müdafiə nazirinin müavini Molla Məhəmməd Yaqub Mücahid açıqlama verib.

Nazir müavini ABŞ-ın sözügedən hava hücumu ilə Əfqanıstanın suverenliyini pozduğunu diqqətə çatdırıb. O deyib: “Bizdə olan məlumata görə, PUA-lar Pakistan üzərindən Əfqanıstana girərək Pakistanın hava məkanından istifadə ediblər. Pakistandan hava məkanını bizə qarşı istifadə etməməsini istəyirik”.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada taliblərin açıqlamalarından dərin narahatlıq keçirdikləri vurğulanıb. Açıqlamada qeyd olunub ki, heç bir sübut olmadan belə əsassız iddialar irəli sürmək son dərəcə təəssüf doğurur və diplomatik davranış normalarına ziddir.

 

TÜRKİYƏ BOĞAZLARDAN KEÇİDİN RÜSUMUNU BEŞ DƏFƏ ARTIRIR

Türkiyə 7 oktyabr 2022-ci il tarixindən Bosfor və Dardanel boğazlarından keçən ticarət gəmilərinin keçid qiymətini beş dəfə artırmağa hazırlaşır. Bu, illik gəlirləri 40 milyon dollardan 200 milyon dollara qədər artırmağa imkan verəcək. “Sputnik” informasiya agentliyinin verdiyi məlumata görə, bu barədə “Sabah” qəzeti mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına əsasən, rüsumların artırılması, o cümlədən, mayak, ticarət gəmilərinin evakuasiyası və tibbi xidmət boğazlarda naviqasiyanı tənzimləyən 1936-cı il Montrö Konvensiyasında nəzərdə tutulub.

“Sabah” yazır ki, 1983-cü ildə tətbiq edilən mövcud ödəniş sistemini ləğv etməklə Ankaranın 39 ildir üzləşdiyi “haqsızlıq” aradan qaldırılacaq.

Hətta Montrö Konvensiyasının imzalanması zamanı rüsumlar 0,80 dollar təşkil edən fransız frankı ilə müəyyən edilib, ona görə də zaman keçdikcə inflyasiya və qızılın qiymətinin artması səbəbindən rüsumlar praktiki olaraq minimuma enib. Bunun fonunda frankla hesablanan rüsumların dəyəri beş dəfə artırılaraq 4 dollara çatdırılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.