Cənubi Koreya və NATO 11 sahədə yeni tərəfdaşlıq əlaqələri qurub
Dünya xəbərləri

Cənubi Koreya və NATO 11 sahədə yeni tərəfdaşlıq əlaqələri qurub

Şimali Atlantika alyansının Vilnüsdə keçirilən zirvə toplantısı çərçivəsində Cənubi Koreya Prezidenti Yun Sok Yol və NATO-nun Baş katibi Yens Stoltenberq 11 sahə üzrə əməkdaşlığı nəzərdə tutan yeni tərəfdaşlıq sənədini imzalayıblar.

"Respublika" Cənubi Koreya mediasına istinadla xəbər verir ki, “Fərdi hazırlanmış tərəfdaşlıq proqramı”nda nəzərdə tutulan əməkdaşlıq sahələrinə terrorizmə qarşı mübarizə, qabaqcıl texnologiyalar, iqlim dəyişikliyinə qarşı tədbirlər, beynəlxalq sülhün və sabitliyin təminatında qadınları rolu, ictimai diplomatiya, kibertəhlükəsizlik və digər istiqamətlər daxildir.

Cənubi Koreya Prezidenti ofisinin açıqlamasında deyilir ki, “Fərdi hazırlanmış tərəfdaşlıq proqramı” Koreya Respublikası ilə NATO arasında 2012-ci ildə əsası qoyulmuş münasibətləri yeni mərhələyə qaldıracaq. Belə ki, 2012-ci ildə imzalanmış “Fərdi tərəfdaşlığın fəaliyyət proqramı” 7 sahəni əhatə edirdisə, yeni sənəd ortaq təhlükəsizlik təhdidləri üzrə qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dialoq və məsləhətləşmələri də əhatə etməklə 11 istiqamət üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, tərəflər siyasi və hərbi məsələlərə dair işçi və rəhbərlər səviyyəsində mütəmadi danışıqlar aparacaq. Bundan başqa, tərəflər terrorizmə qarşı birgə fəaliyyət imkanlarını gücləndirmək üçün məsləhətçi orqan müəyyən edəcək, habelə Cənubi Koreyanın NATO-nun anti-terror təlimlərində iştirakına çalışacaqlar.

Prezident Yun Sok Yol imzalanma mərasimində bildirib ki, Atlantik və Hind-Sakit okean regionlarında təhlükəsizlik məsələlərinin bir-birindən ayrı tutulmasının mümkün olmadığı bir zamanda Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit okean regionu dövlətlərinin NATO ilə əməkdaşlığının möhkəmləndirilməsi həmişəkindən daha çox vacibdir.

Cənubi Koreyanın NATO-nun dəyərli tərəfdaşı olduğunu bildirən Baş katib Yens Stoltenberq isə təhlükəsizliyin regional deyil, qlobal xarakter daşıdığını deyib. O, Hind-Sakit okean regionunda baş verənlərin Avropaya, Avropada baş verənlərin də Hind-Sakit okean regionuna təsir etdiyini vurğulayıb.

Tərəflər Şimali Koreyanın nüvə-raket fəaliyyətini də müzakirə ediblər.