GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

DƏRVİŞ RƏNCDUZAN

"Dərviş" təxəllüsü ilə yazıb-yaradan Məhəmməh İbrahim Rəncduzan 1948-ci ildə Təbrizin ən köhnə yaşayış məskənlərindən olan "Əmirəqız" məhəlləsində doğulub. Şairin "Axan bulaq" adlı ilk şeirlər kitabı 1984- ildə Təbrizin "Əlməhdi" yayın evində çap olunub. Son çağlar ikinci şeir toplusu "Dağlar gəlini" adı ilə buraxılıb. Dərviş Rəncduzan  Təbriz şəhərində yaşayır.

 

Azərbaycanım

 

Ölkəmin gözü,

Könlümün sözü,

Anamın üzü,

Ay mənim canım,

Azərbaycanım.

 

Ucadır başın,

Qocadır yaşın,

Toprağın, daşın,

Duru mərcanım,

Azərbaycanım.

 

Dövlətin malın,

Çağ olsun halın,

Dilində balın,

Ağzımda şanım,

Azərbaycanım.

 

Dağ yıxıb selin,

Qəhrəman elin,

Bükülməz belin,

Mən necə danım?

Azərbaycanım.

 

ƏZİZ SƏLAMİ

1953- ildə Miyana şəhərində dünyaya gəlib. İlk orta təhsilini Miyanada alıb. İki il əsgəri xidmətdə olub, pedaqoji məktəbi bitirib doğulduğu bölgənin ucqar kəndlərində müəllim kimi çalışıb. 1970-ci illərin sonlarında İranda şah rejiminə qarşı dalğalanan inqilabi axına qatılıb

1985-ci ildən Almaniyada yaşayır. Şeir nəsr yaradıcılığı ilə yanaşı, dünya poeziyasından, Roze Auslander Else Lasker Şülerin yaradıcılığından nümunələri dilimizə çevirib. Bu gün tərcüməçilik işini davam etdirir. "Mahnılar mahnısı", "Axar kitab", "Solmayan ulduzlar", "Yollar boyu dostumuz", "Qanadlılar", "Anamın yurdu uzaqlardan", "Uzaq qoxu", "Altunun son anlar?", "Hayku" kitabları 2015-2017-ci illərdə Almaniyada, "Qərib külək" adlı şeirlər kitabı isə 2019-cu ildə Bakıda nəşr olnub.

 

Qaratoyuq

 

Silindimi günəşin

Son qırmızı izləri üfüqlərdə,

Gecə atdımı

İlk addımlarını

Kölgə-kölgə

Hər yerdə.

 

İri

ağır damlalar kimi

Düşər gündüzün səslərindən boşalan

Axşamın içinə.

 

Atdıqca gecə

İlk addımlarını

Kölgə-kölgə,

Açıldıqca səssizliyin

Qaranlıq dərin gözləri,

Düşər axşamlardan

Sabahlardan

Boşalmış bir zamana,

Kəskincə

Birər-birər

Onun da

Sözləri.