Qərbin qərəzli davranışları ayırıcı xətlərdə aydın görünür
Siyasət

Qərbin qərəzli davranışları ayırıcı xətlərdə aydın görünür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı bir daha göstərir ki, ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini vermiş tərəf kimi özünü təsdiq edib.

Bu gün əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizə barədə danışmağa həm mənəvi, həm də hüquqi cəhətdən haqqı çatan azsaylı beynəlxalq subyektlərdən biridir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" də "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" beş istiqamətdən biridir. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması kimi cəsarətli hədəf müəyyən etmiş, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi üçün konseptual planların icrasına başlamışdır. 30 il ərzində digər cinayətlərlə bərabər, ekoloji terrora məruz qalan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra, Livanın ərazisi qədər ərazi o cümlədən Naxçıvan Muxtar Respublikası bütövlükdə, "yaşıl enerji" zonası elan olunmuşdur. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə gedən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması ilk şərtlərdən biri kimi müəyyən edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Lakin təəssüf ki, bu reallıqları görməyən, daha doğrusu, görmək istəməyən dairələr də var və onların qərəzli davranışları özünü Azərbaycana münasibətdə ayırıcı xətlərdə aydın formada göstərir. Xüsusən Fransanın timsalında bəzi beynəlxalq subyektlər və muzdlu beynəlxalq təsisatlar Azərbaycanı zəngin karbohidrogen ehtiyatlarına malik olmaqda ittiham edir və ölkəmizə qarşı açıq formada səlib yürüşü başladırlar. Regionda münaqişələrə özünün maraqlarının təmini üsulu kimi baxan bu qüvvələr Azərbaycanın qələbəsi ilə yaranan sülh imkanını daha da radikallaşdırır və onlar nəyin bahasına olur olsun, işğal dönəminin status-kvosunu bərpa edərək neoimperialist niyyətlərini həyata keçirmək istəyirlər. Biz ötən dövr ərzində çoxsaylı beynəlxalq platformalarda məhz bu təcavüzkar məqsədlərə xidmət edən hücumlara şahidlik etmişik, lakin heç bir cəhd nəinki Azərbaycanın iradəsini qıra, yaxud cənab İlham Əliyevi mövqeyindən döndərə bilməyib, əksinə, o dairələr özləri ifşa olunaraq geri çəkilməli olub. Yəni, sadə dildə desək, cənab İlham Əliyev hər belə cəhddə kollektiv Qərb adlandıra biləcəyimiz bu səlibçi təfəkkürə onların layiq olduğu və başa düşdüyü dildə dərslərini verib. "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı və tədbirdə çıxışı da Azərbaycan Prezidenti tərəfindən əsas məqsədlərlə bağlı ölkəsinin mövqeyinin çatdırılması məhz həmin dairələrə dərs oldu.

İlk növbədə, Azərbaycan Prezidenti Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə paytaxt Bakıdan, Heydər Əliyev Hava Limanından deyil, işğala son qoyulduqdan sonra cəmi 9 aya inşa edilmiş Füzuli şəhərindən yola düşdü. Bu, aidiyyəti dairələrə cənab İlham Əliyevdən ilk dərs və ilk mesaj idi. Dövlətimizin başçısı göstərdi ki, qeyri-sağlam məqsədlərlə kollektiv Qərb nəyə cəhd edir-etsin, 30 il ərzində işğal və separatizm yuvasına çevrilmiş, daşı-daş üstündə qoyulmamış, hər qarışı minalanmış Füzulini beynəlxalq əhəmiyyətli infrastruktur mərkəzinə çevirən qətiyyətli iradədir. Bu mənada, möhtərəm Prezidentin texniki görünən, lakin əslində ciddi siyasi mesaj ehtiva edən bu taktiki gediş bizə proseslərdə bir neçə addım öndən başlamağa imkan yaratdı.

Cənab İlham Əliyevdən ikinci həmlə isə Yüksək Səviyyəli Seqmentdəki çıxışından gəldi. Daha dəqiq desək, bu çıxışda Azərbaycan Prezidenti yumşaq güc klassikası göstərərək ustad dərsi keçdi. Məsələn, dövlət başçısı bizi neft və qaz ölkəsi olmaqda günahlandıranlara üz tutaraq onları fakt qarşısında qoydu. Möhtərəm Prezident bildirdi ki, Azərbaycanın neft-qaz ixracatının yarısı məhz Avropanın özünün payına düşür. Üstəlik, iddiaların əksinə Avropa nəinki bu vəziyyətdən məmnundur, Azərbaycandan qaz hasilatını yaxın zamanlarda 12 milyard kubmetrdən 20 milyard kubmetrə qaldırmağı israrla arzu edir. Habelə dövlət başçısı onu da diqqətə çatdırdı ki, enerji təhlükəsizliyi elə müasir dövrdə milli təhlükəsizliyin ən mühüm elementidir və Azərbaycan əslində hasil etdiyi neft-qaz ehtiyatları ilə Qərbin özünün milli təhlükəsizliyində rol almaqdadır.

Lakin biz dünyada keyfiyyətli və təmiz ekoloji mühitin qorunmasının və resurslardan səmərəli istifadənin təmin edilməsinin fərqindəyik. Bu mənada, iqtisadi artımla ekoloji mühit arasında tarazlığın pozulmasının qlobal miqyasda adi hala çevrildiyi bir şəraitdə Azərbaycan iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması istiqamətində bir çox Qərb dövlətlərindən öncə həssas davranmağa başlamışdır. Biz neft istehsalından qaz istehsalına, daha sonrakı mərhələdə isə alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə uğurlu transformasiyalar reallaşdırmaqdayıq. Hələ də atom elektrik stansiyaları ilə qlobal ekologiya üçün təhdid törədən, nüvə sınaqları ilə Yer kürəsini ekoloji faciələrə sürükləyən iri beynəlxalq subyektlərdən fərqli olaraq, Azərbaycan özünün məsuliyyətini dərk edir. Azərbaycan elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması istiqamətində real nəticələrə malikdir və "yaşıl enerji"nin Avropaya ixracı üçün infrastruktur layihəsi üzərində iş gedir. Bildiyiniz kimi, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında 2022-ci il dekabrın 17-də Buxarestdə "yaşıl enerji"nin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Yəni, Azərbaycan Respublikasının Prezidenti "15-ci Petersberq İqlim Dialoqu"na kifayət qədər hazırlıqlı gedib və görülən işlər fonunda danışmağa sözü və haqqı olan lider kimi qatılıb.

Əlbəttə, kollektiv Qərb cənab İlham Əliyevin çox çətin rəqib olduğunu yaxşı dərk edir və hərb meydanında olduğu kimi, diplomatik masada da onun Azərbaycan xalqının milli maraq və mənafelərinə köklənmiş iradəsinə təsir etməyin, ona qalib gəlməyin mümkün olmadığını başa düşür. Məhz bu baxımdan, Qərb yenidən qeyri-ənənəvi destruktiv üsula əl ataraq Azərbaycan Prezidentinin səfəri zamanı təxribat xarakterli aksiya ilə nəyəsə nail olmağa cəhd edir. Ənənəsinə uyğun olaraq bu dəfə də aparıcı alət kimi erməni diasporu - indiki halda Almaniya Mərkəzi Erməni Şurasının üzvləri, korrupsiyalaşmış siyasi və mənəvi əxlaqsız olan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Okamponun timsalında bəzi muzdlu siyasilər, habelə şərəfini anti-Azərbaycan dairələrə satmış bir ovuc "azərbaycanlı mühacir" - internet xuliqanları istifadə edilir.

Lakin heç şübhəsiz ki, hərbi-siyasi qələbələrin ardınca tarixinin ən qüdrətli dövrünə qədəm qoyan Azərbaycanın yeni reallıqlarda miqyası o qədər nəhəngdir ki, bu tip ucuz gedişlərə hansısa təsir mexanizmi kimi yanaşmaq gülünc görünür. Biz indiki məqamda bu cür cılız və ucuz cəhdlərə fikir vermək niyyətində deyilik. Biz COP29-a hədəflənmişik və dövlət başçımızın da tədirdə çıxışında qeyd etdiyi kimi, inanırıq ki, bu konfransı layiqincə keçirəcək, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə real töhfə verilməsi istiqamətində ciddi nəticələr əldə edəcək, ən əsası isə COP29-u yaşıl və təhlükəsiz dünya naminə körpüyə çevirə biləcəyik.      

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.