Delimitasiyadan sonra növbəti dayanacaq:sülh
Siyasət

Delimitasiyadan sonra növbəti dayanacaq:sülh

Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və yekun sülh müqaviləsinin imzalanması Vətən müharibəsindən sonrakı dövrün ən çox müzakirə olunan məsələsidir.

Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiyası-demarkasiya prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi də sözsüz ki, birbaşa Ermənistanın məkrli planları ilə bağlıdır. İlk zamanlar Rusiyaya, daha sonra isə Qərbə sığınaraq onlardan yardım dilənən Ermənistan hansısa bir sənədi belə imzalamağa qorxur, beynəlxalq və hüquqi öhdəliklərdən özünü uzaq tutmağa çalışır. Bilir ki, öhdəliklərin pozulması onun xeyrinə nəticə verməyəcək.

Kənardan üçüncü qüvvələrin məsələyə cəlb olunması haylar üçün əslində heç də yaxşı olmayacaq. Qərb Nikol Paşinyana dəstək verməkdə yalnız öz maraqlarını güdür. Nifaq yaratmaqla onlar vəziyyəti daha da çətinləşdirir, Ermənistana sülh müqaviləsini imzalamaq, delimitasiya və demarkasiya prosesinin tez həyata keçirilməsi üçün təzyiq göstərmək əvəzinə, beynəlxalq arenada bizə qarşı addımlar atırlar.

Ermənistanın baş naziri ötən ilin may ayında keçirdiyi mətbuat konfransında söyləyib ki, o, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma delimitasiya-demarkasiya prosesi 1975-ci ildə təsdiq edilən xəritələrə uyğun həll edilməlidir: "Düşünürəm ki, 1975-ci ilin xəritəsi gələcək demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır, çünki demarkasiya ilə bağlı 2022-ci il oktyabrın 6-da Alma-Ata Bəyannaməsi əsasında Praqada əldə edilmiş razılaşmalar bunu nəzərdə tutur".

Lakin qeyd etməliyik ki, 1975-ci il xəritəsi bizə uyğun deyil. Paşinyan yenə özünə sərf edəni danışır. Çünki həmin xəritədə Qazaxın və Naxçıvanın bir sıra kəndləri göstərilməyib. Xain Ermənistan görünür, anklavları öz adına çıxmaq istəyirdi. Bu vaxta qədər onlar bu xəritədən əlavə alternativlər irəli sürsələr də, sonradan mövqelərini dəyişiblər. Tez-tez mövqe dəyişmək əzəldən onların xislətindədir. Əgər proses 1990-1993-cü illərin xəritələri əsasında aparılsa Azərbaycanın haqlı tələbləri yerinə yetiriləcək. Dövlətimizin başçısı ötən il mayın 28-də Laçında sakinlərlə görüşü zamanı bildirmişdi ki, sərhədlərin delimitasiyası ədalətli şərtlər əsasında olmalıdır: "Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar".

23 may 2022-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Mayın 24-də isə komissiyanın ilk görüşü keçirilib. Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan Ermənistan-Azərbaycan sərhədində görüşərək delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Bu gün demək olar ki həmin görüşdən 2 ilə yaxın vaxt keçib. Bu vaxta qədər olan görüşlərdə heç bir irəliləyiş əldə olunmamışdı. Cari il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı onlar bəzi məsələlər barədə razılığa gəliblər.  Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis-Ayrım, Aşağı Əskipara Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Eyni zamanda digər bir razılaşmaya əsasən onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər.

Əldə edilən razılaşmaların nəticəsində aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırıldı. Artıq quraşdırılan dirəklərin sayı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında artıq 20-yə çatıb.

Bu da o deməkdir ki, 2 ildir davam edən delimitasiya-demarkasiya məsələsi üzrə keçirilən görüşlər artıq öz müsbət nəticələrini verir.

Röya RÜSTƏMLİ,

“Respublika”.