DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VİKTOR ORBAN: QƏRBİN HEGEMONLUĞU BU İL SONA ÇATACAQ

Macarıstanın baş naziri Viktor Orban Qərbin liberal hegemonluğunun bu ilin sonuna kimi başa çatacağını istisna etməyib. Bu barədə “TASS” agentliyi nazirin Budapeştdə keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı söylədiklərinə istinadən məlumat yayıb.

“Liberal ideologiyaya əsaslanan dünya nizamı artıq məhvə sürüklənib. Onu dövlət suverenliyinə və milli maraqlara əsaslanan beynəlxalq münasibətlər sistemi əvəz etməlidir”, - deyə baş nazir vurğulayıb.

Baş nazirin sözlərinə görə, bu konsepsiya dünyaya müharibələr, xaos və iğtişaşlar, iqtisadi böhran, beynəlxalq siyasətdə çaşqınlıq, əhalinin yoxsullaşması və ictimai təhlükəsizliyin pisləşməsinə gətirib çıxarıb.

Eyni zamanda, Viktor Orban qeyd edib ki, Qərb hegemonluğuna əsaslanan dünya nizamı qəribə bir dövr olub: “Bu konsepsiyanın davamçıları bəyan edirdilər ki, onların əsas vəzifəsi xalqı təmsil etmək deyil, öz ideallarının həyata keçirilməsini təmin etməkdir”.

Viktor Orban bildirib ki, Qərb hegemonluğuna əsaslanan dünya nizamı onlara tapşırılan vəzifələrə uyğun olmayan və nəticədə özünü məhv etməyə çalışan liderlər yetişdirib.

LUKAŞENKO: ABŞ NÜVƏ TRİADASININ İSTİFADƏYƏ HAZIRLIĞINI YOXLAYIR

Rəsmi Vaşinqton ABŞ nüvə triadasının komponentlərinin istifadəsinə və onların modernləşdirilməsinə hazırlığın yoxlanılması istiqamətində işi gücləndirib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Bununla yanaşı, dövlət başçısının sözlərinə görə, NATO qoşunları müasir zərbə silahları ilə təchiz olunub və Belarus ərazisindəki hədəflərə yüksək dəqiqliklə zərbələr endirməyə qadirdir.

Lukaşenko həmçinin qeyd edib ki, ABŞ-ın dörd “B-1B” strateji nüvə başlığı daşıyan bombardmançı təyyarəsi hazırda İspaniyadadır və Belarusa yönəlmiş missiyaları yerinə yetirməyə qadirdir.

Qeyd edək ki, Belarus Respublikasının yeni hərbi doktrinasına görə, rəsmi Minsk hərbi gücdən istifadəni siyasi məqsədlərə çatmağın son həddi hesab edir və başqa ölkəyə qarşı təcavüzü qəbuledilməz sayır.

İSVEÇRƏ PARLAMENTİ UKRAYNAYA YARDIM PLANINI DƏSTƏKLƏYİB

İsveçrə parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər paketi çərçivəsində adıçəkilən ölkəyə 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) verilməsi planını dəstəkləyib. “TASS” agentliyinin xəbərinə görə, bu barədə parlamentin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Rəsmi açıqlamadan anlaşılır ki, söhbət xüsusi qanunla tənzimlənən və rəsmi Kiyevin maliyyə ehtiyaclarının ödəniləcəyi fondun yaradılmasından gedir. İsveçrənin bu fonda töhfəsi 5 milyard frank təşkil etməlidir. Bu vəsait Ukraynanın mülki infrastrukturunun bərpasına yönəldiləcək.

Xəbər verilir ki, qeyd olunan tədbirlər paketi Ukraynaya yardım üçün pul ayrılması ilə yanaşı, 2025-ci ildən 2028-ci ilə qədər olan dövrdə İsveçrə Silahlı Qüvvələrinin maliyyələşdirilməsinin 29,8 milyard franka çatdırılmasını nəzərdə tutur və ordunun döyüş qabiliyyətinin tezliklə gücləndirilməsinə yönəlib.

İRANDA DÖRD MƏHKUMUN EDAM HÖKMÜ İCRA OLUNUB

İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumatı İranın İnsan Hüquqları üzrə təşkilatı yayıb.

Məlumata əsasən, edam olunanlar “narkotik maddələrin qanunsuz ticarəti” və “qəsdən adam öldürmək” maddələri ilə mühakimə ediliblər.

Verilən xəbərə görə, qətl maddəsi üzrə mühakimə edilmiş Peyman Əzizi adlı şəxs yeniyetmə olub. Onun yetkinlik yaşına çatmayan cinayətkar kimi edam olunduğu qeyd edilib.

Eyni zamanda, bildirilir ki, edam olunanlardan digəri qadındır. Bu, 2024-cü ildə barəsində ölüm hökmü çıxarılan və edam olunan sayca 5-ci qadındır. 2023-cü ildə İranda 22 qadın edam olunmuşdu. 2010-cu ildən indiyədək ölkə üzrə 215 qadın barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.

ANTONİ BLİNKEN ÇİNİ TƏHDİD EDİB

“Çin Rusiyanı dəstəkləmək problemini həll etməsə, bunu Vaşinqton edəcək”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündən sonra mətbuat konfransında bəyan edib.

Dövlət katibinin sözlərinə görə, Çin Rusiyanı dəstəkləməyə davam edərsə, Avropa ilə münasibətləri yaxşılaşdıra bilməyəcək. O, əlavə edib ki, transatlantik təhlükəsizliyin təmin edilməsi ABŞ-ın əsas hədəfidir: “Bugünkü müzakirələr zamanı mən açıq şəkildə bildirdim ki, Çin bu problemi həll etməsə, bunu biz həll edəcəyik”.

Çin lideri Si Cinpin isə öz növbəsində ölkəsinin mövqeyini belə ifadə edib: “Amerika ikiüzlülüyü dayandırmalıdır. ABŞ-ın sözü ilə əməli düz gəlmir”. O, həmçinin vurğulayıb ki, Vaşinqton Pekinə düşmən kimi yanaşmamalıdır.

VAN İ: UKRAYNADA MÜHARİBƏ DAHA DA GENİŞLƏNƏ BİLƏR

Ukraynadakı müharibənin daha da genişlənməsi riski mövcuddur. Bu barədə Çinin xarici işlər naziri Van İ Qətərin “The Peninsula” nəşrinə müsahibəsində bildirib.

XİN-in başçısı bütün tərəfləri atəşkəs və sülh üçün şərait yaratmağa çağırıb: “Beynəlxalq həmrəylik güclənməlidir. Sülhə nail olmaq üçün səyləri birləşdirmək lazımdır. Gərginliyi azaltmaq üçün əməli tədbirlər görülməlidir”.

Eyni zamanda, nazir bildirib ki, böhranın həlli üçün hansısa sehirli vasitə yoxdur: “Bunun üçün özümüzdən başlamalıyıq”.

Van İ həmçinin vurğulayıb ki, xaosdan öz məqsədləri üçün istifadə edənlərə qarşı mübarizə aparılmalıdır.

Çinin xarici işlər naziri bir daha Pekinin Ukrayna böhranının həlli üçün beynəlxalq konfransın çağırılmasına dəstəyini ifadə edib: “Bu konfransda Moskva və Kiyev müharibənin bərabər şərtlərlə həllinin mümkün yollarını müzakirə edə bilərlər”.

BÖYÜK BRİTANİYA İRANA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDİB

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib. “Röyters” agentliyinin xəbərinə görə, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PUA sənayesinə qarşı yeni sanksiyalar elan edib.

Məlumata əsasən, ABŞ və Kanada ilə koordinasiyalı şəkildə tətbiq edilən tədbirlərin İranın pilotsuz uçuş aparatlarını işə salma imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.

Eyni zamanda, qeyd olunub ki, sanksiyalar PUA istehsal edən şirkətlər şəbəkəsinin dörd müəssisəsini və iki direktorunu hədəf alır.

“İran rejiminin İsrailə təhlükəli hücumu minlərlə mülki itki və daha geniş regional eskalasiya riski yaradıb. Bu gün Böyük Britaniya və bizim tərəfdaşlarımız aydın mesaj göndərib: biz İranın destruktiv davranışına görə məsuliyyət daşıyanlardan hesab soruşacağıq”, - deyə Britaniyanın xarici işlər naziri Devid Kemeron vurğulayıb.

Böyük Britaniya həmçinin İrana dron və raket komponentlərinin ixracına dair yeni qadağalar gətirəcəyini bəyan edib.

Xatırladaq ki, İran aprelin 13-də Dəməşqdəki konsulluğuna iki həftə öncə edilmiş hücuma cavab olaraq İsrailə raket və dronlarla hücum edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.