Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Qasım bəy Zakir

Azərbaycan poeziyasında tənqidi realizm və satiranın banilərindən olan Qasım bəy Zakir... Məhkəmə özbaşınalığının qurbanı olan bu şair, ömrünün çox hissəsini Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan adlı kiçik kənddə keçirib. Orada təsərrüfatla məşğul olan şair cüzi gəliri ilə sadə həyat sürüb...

"Zakir" ("Allahı zikr edən", yəni yad edən mənasında) təxəllüsü ilə tanınan şair Şuşa şəhərində zadəgan ailəsində dünyaya gəlib. Onun ulu babası Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın qardaşı olub. Şair kiçik yaşlarında doğma yurdunun keşməkeşli günlərini - Ağa Məhəmməd şah Qacarın Qarabağa, onun əhalisinə tutduğu divanı, M.P.Vaqifin öldürülməsini, xanlıq üstündə gedən didişmələri görmüş, bütün bunlar onun xarakterinin, dünyagörüşünün formalaşmasına güclü təsir etmişdir. Onun başına gələn müsibətlər, yaşadığı Xındırıstan kəndinin dağıdılması, təqib və təhdidlər, özünün Şuşadan Bakıya sürgün edilməsi, oğlu və qardaşı oğlunun Sibirə göndərilməsi, ailəsinin müsibətlərlə üzləşməsi şairin yenilməz vüqarını sarsıda bilməyib. Əksinə, onda mübarizəni daha da alovlandırıb.

Deyilənlərə görə, Qasım bəy xasiyyətcə həlim, mürvətli və rəhmli bir şəxs imiş. İnsafdan, vicdandan kənar sözlər, işlər şairin qəzəbinə və hiddətinə səbəb olarmış. Ədaləti ilə başqa bəylərdən seçilər, əməksevər kəndlilərə xüsusi hörmət edərmiş. Belə nəql edirlər ki, bir gün bədxasiyyət bəylərdən biri kəhrizi bağlayır və kəndlilərə su buraxmır. Kəndlilər şairin yanına gəlib şikayətlənirlər ki, bəyin adamları kəhrizin başında durub, suyu bağlayıblar: bizə kömək edin, yoxsa əkinimiz məhv olub gedir. Şair onlara söz verir ki, qorxmayın, hücum çəkib bəyin adamlarını qovun. Kəndlilər də şair deyən kimi edirlər. Bəy adamları ilə kəndlilər arasında savaş, dava düşür. Həmin toqquşmada kəndlilər istəklərinə çatırlar. Deyilənlərə görə, bu əhvalat şairi ruhlandırır və o, fəqirlərin birlik əzmini ifadə edən "Tısbağa, qarğa, kəsəyən, ahu" təmsilini yazır.

Qarabağ mahalında baş verən bütün mühüm hadisələri izləyən Zakir haqsızlığa qarşı dözümsüz olub. Elə buna görə də çar hakimiyyətinin rüşvətxor məmurları, ədalətsiz bəy və mülkədarlar, ikiüzlü ruhanilər onun amansız satirasının tənqid hədəflərinə çevriliblər. Günü-gündən düşmənləri çoxalan şair hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəyi evində saxlamaqda təqsirləndirilib. Böyük bir atlı dəstəsi ilə Xındırıstana hücum edən çar hakimi kəndi qarət etmiş, Zakiri ailə üzvləri ilə birlikdə Şuşada həbsxanaya salmışdır. Daha sonra isə şair Bakıya sürgün edilmişdir. Üç aya qədər sürgün həyatı yaşayan şair dostları - M.F.Axundzadəyə, İ.Qutqaşınlıya və başqalarına məktub yazaraq kömək istəyib. Onların səyi ilə sürgündən azad edilib Şuşaya qayıdan qələm ustadı sonrakı həyatını polisin nəzarəti altında yaşamalı olub.

Deyilənlərə görə, şair iki dəfə ailə həyatı qurub (Ağca xanım, Qara Fatma xanım). Bu izdivaclardan onun Əli, Nəcəfqulu və Nənəş adlı övladları dünyaya gəlib. Bir tərəfdən təqib, həbs və mənəvi əzablar, o biri tərəfdən isə qoca vaxtında maddi ehtiyac içərisində yaşaması şairə ağır təsir edib, səhhətinin pisləşməsinə səbəb olub. Keçirdiyi mənəvi sarsıntılar, çəkdiyi əzab-əziyyətdən əldən düşən Qasım Bəy Zakir 73 yaşında Şuşada vəfat edib və elə orada da Mirzə Həsən qəbiristanlığında dəfn olunub.

Valeri Çkalov

Qızıl Ordu səma qüvvələrinin komandiri, Sovet İttifaqı Qəhrəmanı məşhur pilot Valeri Çkalov...

Moskvadan Uzaq Şərqə 56 saatlıq uçuşla 9375 kilometr məsafə qət edərək dünyada rekord göstəriciyə imza atan bu əfsanəvi pilot 32 yaşında "Stalinin şahini" tituluna layiq görülüb... Bəlkə də o Stalinin Daxili İşlər naziri vəzifəsi təklifini qəbul etsəydi, onun müəmmalı ölümü ilə nəticələnən məşhur təyyarə qəzası baş verməyəcəkdi və biz indi Çkalovu qəhrəman pilot kimi deyil, cəllad kimi yadda saxlayacaqdıq...

Nijeqorodda anadan olan Valeri Çkalov yediillik təhsil illərində məktəbdə heç də yaxşı şagird kimi yadda qalmayıb. Dərsə davamiyyəti tez-tez pozan, davakarlığı ilə müəllimləri tərəfindən tənbeh edilən Valeri yalnız riyaziyyat fənni üzrə həmyaşıdlarından fərqlənib. Çkalov ilk dəfə 15 yaşında səmada təyyarə görəndə, onda aviasiya sahəsinə böyük maraq yaranıb və o, məktəbi bitirdikdən sonra öz arzusunun arxasınca gedib. Əvvəlcə orta texniki aviasiya məktəbində, sonra isə ali pilotlar hazırlayan hərbi hava qüvvələri akademiyasında təhsil alıb. Çox qısa zamanda hərbi aviasiya sahəsində tanınmış pilotlardan birinə çevrilən Valeri rekord göstəricilərə sahib olduqdan sonra xalq arasında böyük nüfuz qazanıb. Təsadüfi deyil ki, sınaq uçuşlarının 75-80 faizi ona həvalə edilib. İctimai fəallığı ilə də fərqlənən pilot, SSRİ Ali Sovetinə deputat seçilib. Sıravi sovet vətəndaşları Çkalova böyük inam bəsləyiblər. Ay ərzində yüzlərlə məktub alan Çkalov orada qeyd olunan problemləri, şikayətləri maksimum həll etməyə çalışıb. Təyyarəçiyə qarşı olan bu böyük sevgi Kremlin də diqqətindən yayınmayıb. Bir sıra dövlət məmurları Çkalova qısqanclıqla yanaşıblar.

Deyilənlərə görə, Çkalov fikirlərini açıq söyləməkdən, yüksək ranqlı məmurları tənqid etməkdən heç vaxt çəkinməyib. Stalinin sevimlisi olmasına baxmayaraq, o, sovet liderinə də lazım olan məqamlarda iradını bildirib.

Çkalov qış məzuniyyətində olarkən ona " İ-180" qırıcı təyyarəsinin sınaq uçuşu həvalə edilib. O, ezamiyyətdən geri qayıtsa da, sınaq uçuşu göstərilən tarixdə təxirə salınıb, səbəb göstərilib ki, təyyarə istismara tam hazır deyil. Nəhayət, qısa müddət sonra sınaq uçuşu baş tutub. Həmin gün havanın temperaturu mənfi 25 dərəcəyə çatıb. Aerodromun üzərində birinci dövrədə uçuş normal keçib, ikinci dövrəni vurduqdan sonra Çkalov eniş etmək istəyəndə mühərrik dayanıb. Təcrübəli pilot yerdən 100 metr hündürlüyə olan məsafəyə qədər təyyarənin müvazinətini saxlaya bilib, çalışıb ki, təyyarə ətrafdakı tikililərin üzərinə düşməsin. O, xilas üçün bütün mümkün variantlardan istifadə etsə də, sonda təyyarə elektrik dirəklərinə dəyərək zərbə ilə yerə çırpılıb. Dərhal xəstəxanaya çatdırılan pilot həkimlərin səyinə baxmayaraq, iki saatdan sonra aldığı zədələrdən keçinib.

Hadisə ilə bağlı bir neçə komissiya yaradılıb. Komissiyaların işinə Stalin şəxsən nəzarət edib. Bütün komissiyaların rəyi təxminən eyni olub: təyyarədə nasazlıq, temperaturun mənfi 25 dərəcə olması və bunun nəticəsində də mühərrikdə yaranan problem. Mütəxəssislərlə yanaşı, pilotun yaxınları və bir sıra dövlət məmurları komissiyaların rəyləri ilə razılaşmayıblar. Uzun illər Çkalovun ölümü haqqında fərqli versiyalar səsləndirilib, məsələ gərgin mübahisələrə səbəb olub.

Versiyaların birinə görə, "İ-180" qırıcısı sınaq uçuşuna hazır olmayıb. Güman edilir ki, bu, Çkalovu aradan götürmək üçün qəsdən edilib. Şübhəli məqamlardan digəri isə o sayılıb ki, sınaq uçuşunun tarixi dəyişdirilib və dəyişikliyi Lavrenti Beriyanın göstərişi ilə ediblər.

Digər versiyaya görə, Stalin sevimli pilotunu özü aradan götürüb. Belə ki, hadisədən 7-8 ay əvvəl Stalin Çkalova "NKVD"nin başçısı olmağı təklif edib.

Çkalovun qanlı repressiya illərində ölkənin baş cəlladı olmaqdan imtina etməsi Stalinin qəzəbinə səbəb olub. Diqqətçəkən məqamlardan biri də o olub ki, Çkalov "NKVD" rəhbərliyindən imtina edəndən sonra bir neçə dəfə ona qarşı sui-qəsdə cəhd edilib. Bu isə o deməkdir ki, Çkalovun sınaq uçuşu zamanı aradan götürülməsi əvvəlcədən planlaşdırılmış məsələ olub. Sonralar pilotun qızı atasının ölümündə Stalini və Beriyanı ittiham edib. O, atasının nüfuzu, ona olan xalq sevgisinin Kremli hədsiz dərəcədə narahat etdiyini bildirib.

1930-cu illərin digər müəmmalı hadisələri kimi, Çkalovun ölümü də qaranlıq qalıb. Stalinin göstərişi ilə dəfn mərasimi yüksək səviyyədə keçirilən 34 yaşlı pilotun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Qəhrəman pilotun adına şəhər, qəsəbə, küçə, məktəb adları verilib, bir neçə yerdə abidəsi, büstü qoyulub, haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma bütün bunlara baxmayaraq, SSRİ-nin 1 nömrəli pilotunun ölümü ilə bağlı müəmmalara aydınlıq gətirilməyib...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".