Cənubdan səslər...
Güneydən səslər

Cənubdan səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

(əvvəli 17 və 18 noyabr tarixli saylarımızda)

Akademik Mirzə İbrahimovun təbirincə desək, hətta elə şeirlər var ki, satirik ruhdadır, onlarda bədii ümumiləsdirmə, obrazlı təfəkkür güclüdür. Həddadın "Ey bihəya" şeirindəki obraz çox cəhətdən bizə səciyyəvi və ibrətamiz görünür.

Şair Sabit Manafzadə "Nə imiş" şeirində isə zəmanənin, dünyada baş verən proseslərin çox təzadlı vəziyyətini əks etdirir. Qatı şovinizmə, dini fanatizmə gətirib çıxaran "milliyyətçiliyə" və mövhumi etiqadlara kor-koranə pərəstişkarlığı o, "Nə imiş" şeirində belə tənqid atəşinə tutur:

Bilmirəm xilqətdə bu məna nə imiş?

Yaşamaqçin yaşayanlarda təmənna nə imiş?

Yaşamaq fikrini təqib qılan cinsi-bəşər,

Bir dəyərsiz iş üçün min cürə xülyaya düşər.

Fikir azadlığı, işıqlı insan şüur və düşüncəsinin dini xürafatın ağlasığmaz mövhumi uydurmalarına qarşı etiraz səsi duyulan bu şeirdə sağlam şüur və humanizmi insanları bir-birinə düşmən edən, arasına nifaq toxumu səpən əsassız çürük, məhdud, qatı millətçiliyə qarşı qoyur.

Hüseyn Cavan kimi el aşıqları milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzir, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırır, eyni zamanda, "Vətən yolunda" qəzeti ilə əməkdaşlıq edirdi. Sazını sinəsinə basıb xalq arasına çıxır, doğma türkcədə şirin-şirin çalıb-oxuyur, əməkçi xalq kütləsini azadlıq uğrunda mübarizəyə səsləyirdi. Aşıq Hüseynin 1941-1946-cı illərdə millilik, azadlıq ruhlu ictimai-siyasi motivli, həyatın, dövrün tələbindən doğan şeirləri - "Ellərin sənəti var", "Görməduz", "Ay seyid", "Dosta aşiqəm", "Təzə gül, təzə", "Mən də əsgərəm" müxtəlif mətbuat orqanlarında çap olunur, rəğbətlə qarşılanırdı.

Aşıq şeirinin bütün növlərində əsərlər yaradan Aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük verib, Vətənin gözəlliklərini, əmək qəhrəmanlarını öz şeirlərində vəsf edib. Yüksək insani keyfiyyətə, fitri istedada malik Hüseyn Cavan hər zaman sevilib, el şənliklərinin bəzəyi olub. Onlarla gənc aşığın yetişməsində böyük əməyi olan, üç dastan yaradan H.Cavanın bir-birinin ardınca çap olunan "Azadlıq mahnıları", "Sədəfli saz", "Danış, telli sazım", "El aşığı" kimi 10-a yaxın şeirlər kitabı ona ümumxalq məhəbbəti qazandırıb. Cənubi Azərbaycanın ozan oğlu ömrünün böyük bir hissəsini Şimali Azərbaycanda yaşadı. Amma heç vaxt oğulluq borcunu unutmadı.

Bu dövrdə Azərbaycan publisistikası da keçmişin zəngin ənənələri əsasında müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilirdi. Mətbuat və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol açması, kənd və şəhərlərdə zəhmətkeş kütləyə keçmiş və gələcəyi, gündəlik təsərrüfat qayğıları haqqında məhz doğma Azərbaycan türkcəsində söz açması çox mühüm hadisə idi. Bu işdə "Azərbaycan" qəzetinin rolu, xidmətləri daha geniş miqyas alırdı.

Bu dövrün poeziyasının qeyd etdiyimiz kimi, aparıcı mövzusu Vətən eşqi, Ana torpağın, Azərbaycanın tərənnümü, vətənpərvərlik motivləri idi və Mir Tağı Milani, Əli Fitrət, M.Etimad, İbrahim Zakir, Mir Mehdi Çavuşi, Hüseyn Səhhaf, Cəfər Kaşif, Mədinə Gülgün, H.Bülluri, Ə.Tudə, Məhəmməd Bağır Ninnam, Səhənd, Söhrab Tahir, B.Azəroğlu, Y.Şeyda, Həbib Sahir, Coşqun, Həsrət, Ə.Hüseyni, Əli Kəmali, Huşyar, Musa Tahiri və başqaları yeni-yeni əsərlər yaradaraq Güney poeziyasını sürətlə inkişaf etdirsələr də, nəsr və dramaturgiya ləngiyirdi.

M.F.Axundovun povestləri, fars dilinə tərcümə edilmiş Əbdürrəhim bəy Talıbzadənin "Kitabi-Əhməd", "Məsalün-əl-Möhsünin" adlı əsərləri yayılaraq Azərbaycanın, eləcə də İranın müasir realist nəsrinin ilk nümunələri kimi qəbul edilir.

Cəfər Müciri yazır ki, Həmzə Fəthi Xoşginabinin "Azərbaycan" qəzetində (12 avqust 1946-cı il sayında) dərc olunmuş "Məsum Məsumə", İslam Sərrafinin "Toy paltarı", Qəhrəman Qəhrəmanzadənin "Medal", "Dərmansız dərd" hekayələrində, Hüseyn Səlimülnəfsin "Dirilər mədfəni" xatirə hekayəsi, "Ləyaqətli bir töhfə" hekayələrində müəlliflər Azərbaycan kəndlərində hökm sürən hüquqsuzluq və hakim siniflərin özbaşınalıqları, zəhmətkeşlərin işsizliyə və məhrumiyyətlərə qarşı mübarizəsi, iqtisadi çətinliklər üzündən Azərbaycan türklərinin ana yurdunu tərk etməsi, səmimi və təbii kənd həyatı, nakam məhəbbət motivləri, adət-ənənələr, milli-azadlıq hərəkatının qələbəsi, xalq həyatında onun izləri və s. məsələləri qoymuş və həmin məsələlərin bədii həllinə çalışmışlar.

Bütün dediklərimiz bizə möhkəm əsas verir vurğulayaq ki, Milli Hökumət Güney Azərbaycan ədəbiyyatının inkişafında mühüm təkan olmuş, münbit şərait yaratmış, ədəbiyyat-poeziya çiçəklənmə dövrünü yaşamışdır.

Sonda professor Rafiq İmraninin Azərbaycan Milli Hökuməti dövründə incəsənətin inkişafına həsr etdiyi məqaləsindən bir fikri xatırlatmaq istərdim: "Milli Hökuməti olmayan xalq anasız-atasız böyüyən yetim uşağa bənzəyir. Allah heç bir xalqı, xüsusən də sayı 30 milyonu keçmiş Cənubi Azərbaycan xalqını anasız-atasız qoymasın!".

Azərbaycan Milli Hökuməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.

Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli həyata keçirildiyi bir dövrdə Milli Hökumət İran fars rejiminin əliylə 12 dekabr 1946-cı ildə süquta uğradıldı, inqilab günəşi qətlə yetirilən minlərlə soydaşımızın günahsız axıdılan qanlarının yaratdığı qan gölündə boğduruldu. Min təəssüflər ki, bir qədər öncə İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımış olsa belə, eyni ildə Pəhləvi fars dövləti ordusu xarici havadarlarının köməyi ilə Azərbaycana hücum etdi və Milli Hökumətin mövcudluğuna son qoydu. Güney Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi, dar ağaclarından asıldı və sürgünə göndərildi. Seyid Cəfər Pişəvəri başda olmaqla, Azərbaycan Milli Hökumətinin qurucularına ağır işgəncələr verildi. S.C.Pişəvəri 1947-ci il iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə dar ağacından asıldı, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlandı. Milli Hökumətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, onlar ağır mühacirət həyatı yaşamağa məcbur oldular.

Azərbaycan Milli Hökumətinin ömrü uzun olmadı, bir il yaşadı. Lakin bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verdi...

Milli Hökumət dövründə bulaq tək çağlayan ədəbiyyatın kökləndiyi nikbin notlar hökumətin süqutundan sonra bədbin notlarla əvəzləndi. Güney və Quzey Azərbaycanı Araz çayı boyunca ayıran sərhədlər daha da möhkəmləndi, bütöv xalq amansızcasına iki yerə parçalandı. Sərhədlərin qəfil bağlanması səbəbindən balasından, ata-anasından, bacı-qardaşlarından ayrı salınan başıbəlalı soydaşlarımızın gözlərində həsrət yaşları gilələndi. Və o taylı-bu taylı Azərbaycan ədəbiyyatında yeni bir qol - Həsrət ədəbiyyatı yarandı...

Esmira FUAD,

filologiya elmləri doktoru.