ABŞ cinayətkarların “qoruyucu mələyi”dir?!
Siyasət

ABŞ cinayətkarların “qoruyucu mələyi”dir?!

Qarabağdakı keçmiş separatçı qrupun "dövlət naziri" Ruben Vardanyan qalmaqallı məsələlərlə yenidən gündəmə gəlib.

Adı çirkli pulların yuyulmasında və digər cinayətlərdə hallanan bu "biznesmen" hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında istintaq altındadır. Amma bəzi qüvvələr onu hələ də siyasi səhnədə saxlamağa çalışırlar. Bu istiqamətdə ABŞ-ın aktiv fəaliyyəti daha çox müşahidə olunur ki, bu da onun gizlin oyunlarını bir daha ifşa edir. Vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün siyasi meydana çıxarılan Ruben Vardanyanı xilas etmək üçün ABŞ "dəridən-qabıqdan çıxır".

İşin maraqlı tərəfi isə odur ki, dünyanın məşhur PR (public relations ictimaiyyətlə əlaqələr) şirkətləri də bu propaqanda da iştirak edirlər. Məsələn, bu yaxınlarda transmilli media qurumları arasında ilk sıralarda yer alan ABŞ-ın "CNN" telekanalında separatçı Vardanyanın ailəsinə tribuna verildi. Telekanalda "Amanpur" layihəsinin rəhbəri Kriatian Amanpur son verilişini ölkəmizin ötən ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindən sonra həbs olunan Ruben Vardanyana həsr etməklə bu hiyləgəri yenidən diqqət mərkəzinə gətirməyə çalışıb.

Bundan başqa, bir sıra PR şirkətləri də Vardanyan barədə yeni təşviqata başlayıb. Bu şirkətlər arasında "Edelman"ın keçmiş separatçı rejimin liderinə "pərəstişi" maraq doğurur. Kampaniyanın bu marağı onun Vardanyanın pulları ilə satın alındığını bir daha təsdiqləyir. Yoxsa, niyə hansısa bir qurum bütün dünyaya cinayətkar olunduğu sübuta yetirilmiş bir şəxsin tərəfini saxlasın? Yada salaq ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) hələ 2019-cu ildə R.Vardanyan barədə "The Troika Landromat" araşdırma hesabatını təqdim edib. Hesabatda Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi "Troika Dialoq" və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng "ofşor" şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan böyük gəlirlər əldə etməsinə dair çoxsaylı faktlar öz əksini tapıb.

Digər maraqlı məqam bu yaxınlarda bir qrup tərəfindən Ruben Vardanyanın "Nobel" sülh mükafatına namizəd göstərilməsidir. Qondarma erməni hüquq müdafiəçiləri və tərəfdarları Vardanyanın namizədliyini irəli sürsələr də etirazlarla üzləşiblər. Belə ki, Ukrayna Ali Radasının deputatları Nobel Komitəsini erməniəsilli milyarder, keçmiş qondarma rejimin "dövlət naziri" olmuş separatçı Ruben Vardanyanın adını "Nobel" sülh mükafatına namizədlər siyahısından çıxarmağa səsləyib. Bir çox Ukrayna siyasətçiləri sosial şəbəkələrdə paylaşımlarında adı korrupsiya qalmaqallarında hallanan Vardanyanın adının "Nobel" mükafatı laureatları siyahısına daxil edilməsinin yolverilməz olduğunu vurğulayıblar. Hətta Ali Radanın deputatı Yuri Kamelçuk Nobel Komitəsinə məktub yazaraq R.Vardanyanın adının potensial "Nobel" sülh mükafatı laureatı kimi namizədliyini rədd etməyə çağırıb. Yeri gəlmişkən, Vardanyan Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində iştirak edən şəxslərdən biridir.

Ruben Vardanyanın "qoruyucu mələkləri" arasında ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri ermənipərəst senator Bob Menendez də yer alır. Görünür, amerikalı siyasətçilər Vardanyanın "puluna" satın alınıblar. Bob Menendezə gəldikdə isə o, 2020-ci ildə erməni Nadine Arslanyanla evləndikdən sonra türklərə düşmən kəsilib. Hətta bir ara mediada Nadine Arslanyanın Menendezi Senatda saxta "erməni soyqırımı"nın tanınması üçün səy göstərməyə təşviq etdiyinə dair açıq etirafları yayılmışdı. Bundan başqa, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauer də Vardanyanın "müdafiəçisi" kimi çıxış edir. Maraqlıdır, S.Paueri Vardanyanla bir-birinə nə bağlayır? O, erməni milyarder, Azərbaycan xalqının düşməni Ruben Vardanyanın yaxın dostudur. Bu iki fərdin çox isti və "işgüzar" münasibətləri olub. Məlum olduğu kimi, Vardanyanın bir zamanlar "Aurora" adlı bir "humanitar" təşkilatı mövcud idi. Nə təsadüf ki, bu təşkilat bir neçə il qabaq təsis etdiyi mükafatlardan birini məhz elə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerə verib. Mükafatın dəyəri isə nə az, nə çox düz 1 milyon ABŞ dollarıdır. Yəni, mükafat "USAID"ə yox, məhz Samanta Pauerə verilmişdi. Bütün bunlar bir daha ABŞ-ın R.Vardanyanla bağlı narahatlığının əsas səbəbinin məhz pul olduğunu təsdiqləyir.

Xatırladaq ki, Ruben Vardanyan ötən ilin sentyabrında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən qanunsuz yolla gəldiyi Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, ölkəmizin dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".