Taleyini bilən şəhid
Sosial həyat

Taleyini bilən şəhid

Uşaq vaxtı qəhrəmanlar haqqında nağılları çox oxuyardıq. Özümüzü onlara oxşadar, günlərlə bu nağılların təsirindən çıxa bilməzdik. Zaman elə gətirdi ki, yeniyetməlik çağlarımız dövrümüzün qəhrəmanlarının yaşadığı vaxta təsadüf etdi. Biz onları canlı gördük, igidliklərinin şahidi olduq. Belə ki, 1980-ci illərin sonlarından etibarən mənfur ermənilər illərlə hazırladıqları xain planlarını həyata keçirməyə başladılar. Qədim İrəvan mahalı, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya olunmasından sonra Qarabağ torpaqlarının işğalına başlandı. Olduqca çətin, məşəqqətli dövr yaşayırdıq. O illərdə yaşından asılı olmayaraq bütün millət bu uğursuzluğun acısını çəkirdi. Hər gün gələn qara xəbərlər - yeni işğal olunmuş kəndlər, şəhərlər, saysız insan ölümləri, əsir düşmüş, girov götürülmüş azərbaycanlılar xalqı hamılıqla mübarizəyə səsləyirdi. Birinci Qarabağ müharibəsinin son nəticəsi uğursuzluqla - 1 milyon məcburi köçkün və 20 faiz torpaq itkisi ilə bitsə də görünməmiş qəhrəmanlıq dastanları ilə tarixə yazıldı. Leksikonumuza yeni ifadə əlavə olundu - ŞƏHİD!

Onlar vətənin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu mənada, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu zirvə  hünər və qeyrət simvoludur. Həmin ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür yolu keçən, igidlik göstərən qəhrəman oğullardan biri də Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Allahverdiyev İlham Yusif oğludur. Onun haqqında yazmaq nə qədər qürurverici olsa da bir o qədər də çətindir. Axı, biz onunla 10 il bir sinifdə oxumuşuq. Xatirələrin çözələndiyi, şirin xəyalların insanı on illərlə geriyə apardığı bir məqamda bunları yazmaq elə də asan deyil. İsti aran rayonlarının birində, İmişli rayonunun Buludlu kəndində xoşbəxt, qayğısız uşaqlıq həyatı yaşayırdıq. İşimiz, məsuliyyətimiz və məşğuliyyətimiz yalnız dərs oxumaqdan ibarət idi. Balaca sinif otaqlarından ibarət məktəbimiz vardı. Direktor Əli Nəcəfov və digər müəllimlərimizin zəhməti sayəsində Buludlu məktəbi rayonun qabaqcıl və öz ənənələri olan təhsil ocağı kimi seçilirdi.

Sinifdə 26 uşaq idik. Hərənin öz dünyası, düşüncə tərzi və gələcək üçün konkret hədəfləri var idi. O zaman bizə elə gəlirdi ki, arzuladıqlarımızı əldə etmək üçün elə də çox şey tələb olunmur. Lakin zaman göstərdi ki, hər dəqiqənin öz hökmü, diktəsi var. Aramızda istiqaməti dəqiq tutub arzularının arxasınca gedən də oldu, yarı yolda səmtini dəyişən də. Sözsüz ki, buna səbəb təkcə edə  bildiklərimiz və yaxud da bacarmadıqlarımız deyildi. Zamanın, mühitin də təsiri öz rolunu oynayırdı. Ancaq İlham konkret hədəfə, özü dediyi ünvana doğru addımladı. Biz onu daha çox baməzə danışıqları, hər addımı yumor doğuran hərəkətləri ilə tanıyırdıq. Hətta İlhama aktyorluq sənətinin arxasınca getməyi də məsləhət görürdük. Onun özünəməxsus, qəribə tərzi var idi. Sakit, təmkinli, mehriban. Amma bu sakitliyin arxasında o qədər şən əhvali-ruhiyyə dayanırdı ki...

Tənəffüs olan kimi kənd məktəbinin göz işlədikcə geniş idman meydançasına qaçardıq. Qızlar bir dəstədə birləşib stadionu dövrə vurar, oğlanlar da meydançada futbol oynayardı. Sonda isə hamı birləşib sinfə girərdik. Əsl bayram isə hansısa dərsin boş keçməsi olardı. O vaxtlar telefon, internet oyunları nədir bilməzdik. Dövrün öz məşğuliyyətləri, oyunları var idi. Hamımız sinifdə arxa cərgələrdə yığışıb söhbət edərdik. Dərsdən danışardıq desəm, yalan olar. Oxumaqdan başqa çox şeydən danışardıq. Bəzən qayğısız, xoşbəxt gülüşlərimiz sinfi bürüyər,  tez də sakitləşərdik. Müəllimlərin səsimizə gəlməsindən çəkinərdik. Ən çox da gələcək planlarımızdan danışardıq. İlham özünün məzəli söhbətlərilə xüsusi seçilirdi. Ancaq həmişə söhbətin sonunda gözünü bir nöqtəyə dikib deyərdi: "Bu sinifdə birinci mən öləcəm, yadınızda qalsın". Biz onun bu sözlərinə zarafat və yaxud da yumor kimi baxardıq. Ciddi qəbul etməz, sözünü yarıda kəsərdik. O isə adəti üzrə günəşə doğru baxıb, "o işıq haqqı, içinizdə ilk ölən mən olacam" deyə davam edərdi. Bəlkə də kimsə oxuduqlarına qeyri-səmimi kimi yanaşar. Həqiqətdə isə reallıq bundan ibarət idi. Taleyi, ömrü yazan Tanrıdır. Lakin bəzən insan özü o taleyin istiqamətini dəyişə bilir.

Artıq məktəbi bitirib ali təhsil haqqında düşünürdük. Yay günlərinin biri idi. Paçtalyonun həyətimizə gəlib, anama məktub verməsini gördüm, yaxınlaşdım. Kim olardı bizə məktub yazan? Zərfin üzərində çatacaq ünvan Allahverdiyev İlqar Yusif oğlu yazılmışdı. Bu adda mənim də qardaşım olduğu üçün poçtdan məktub səhvən bizə gəlmişdi. Maraqlısı isə məktubun İlhamın yazması idi. Axı o, Bakıda hərbi xidmətdə idi. Anamın təkid və qadağasına baxmayaraq, məktubu açdım və oxudum. İlham valideynlərinə yazırdı: "Məni bağışlayın, artıq dözə bilmirəm. Mən Bakıda rahat xidmət etdiyim bir zamanda Qarabağda ermənilər torpaqlarımızı işğal edir. Buna dözə bilmərəm. Ona görə də könüllü olaraq ərizə yazıb cəbhəyə gedirəm. Salamat qalın. Halal edin hər şeyi". Oxuduqlarımdan çox təsirlənmişdim. İçimdə qürur, fəxr hissləri bir-birinə qarışmışdı. Beləcə, İlhamın döyüş yolu başladı.

İlham Allahverdiyev 7 mart 1974-cü ildə İmişli rayonu Buludlu kəndində anadan olub. 1991-ci ildə kənd tam orta məktəbini bitirib. 1992-1994-cü illərdə cəbhənin ən ağır döyüşlər getdiyi yerlərdə xidmət keçmişdir. 1993-cü ilin əvvəlindən Ağdam rayonunun müdafiəsində igidlik göstərmiş, çavuş rütbəsinə layiq görülmüşdü. Daha sonra hərbi xidmətini Füzuli bölgəsində davam etdirmiş, snayper kimi onlarla erməni təxribatçısını zərərsizləşdirmişdir. 1994-cü ildə isə Ağdərə bölgəsinə göndərilmiş və burada gedən ağır döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. Özünün də dediyi kimi, içimizdə ilk dünyasını dəyişən o oldu. Lakin şərəflə, hünərlə, igidlik göstərərək. Azərbaycan hərb tarixinə qəhrəmanlıq salnaməsi yazaraq.

Hazırda İmişli rayonu Buludlu kənd orta məktəbi şəhid İlham Allahverdiyevin adını daşıyır. Hər il aprelin 27-si oxuduğu məktəbdə şəhadətə qovuşduğu gün məktəb kollektivi və şagirdlər tərəfindən  qeyd edilir, kənd qəbristanlığında uyuduğu məzar ziyarət edilir.

Ramidə YAQUBQIZI,

"Respublika".