Ecazkar və füsunkar: Təbii sərvətlərimiz
Ekologiya

Ecazkar və füsunkar: Təbii sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından İlisu Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

 

İlisu Dövlət Təbiət Qoruğu

İlisu Dövlət Təbiət Qoruğu  Azərbaycan dövlətinin 20 fevral 1987-ci il tarixli qərarı ilə 9345 hektar ərazidə yaradılmışdır. Qax rayonu ərazisində Zaqatala və İsmayıllı qoruqlarının arasında, 700-2100 metr hündürlükdə yerləşən qoruğun ərazisi 2003-cü ildə Nazirlər Kabinetinin 31 mart  tarixli  qərarı ilə genişləndirilərək 17381,6 hektar olmuşdur.

Qoruğun təşkil edilməsində məqsəd Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziyasının və sel hadisələrinin qarşısını almaqdan və s. ibarətdir.

Qoruğun adı Qax rayonundakı İlisu kəndinin adından götürülmüşdür. Bu isə kəndin yaxınlığındakı kükürdlü suyu olan bulaqdan gələn "iyli su" mənasını verir. Kənd rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1496 metr hündürlükdə  dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.

Qoruq ərazisinin 93 faizi meşələrdən ibarətdir. Meşə sahəsinin 89,5 faizi meşə ilə örtülü, 3,4 faizi isə meşə ilə örtülü olmayan (seyrək meşəlik, açıqlıq) ərazilərdir. Meşəsiz sahələrin çox hissəsi (413 hektar) yarğanlar, az bir hissəsi isə (228 hektar) keçmiş örüş, əkin və biçənəkdən ibarətdir.

Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Hündürlüyə qalxdıqca kontinental, alt və üst təbaşirin, orta yuranın terrigen çöküntüləri bir-birini əvəz edir. Burada əsasən palıd, vələs, fıstıq meşələri, qonur dağ-meşə torpaqlı parçalanmış orta və aşağı dağ-meşə, eləcə də az sahədə allivüal-çəmən torpaqlı, çəmən-kol bitkili subasar çay dərə landşaft kompleksləri inkişaf etmişdir.

Qoruğun ərazisində  qışı quraq keçən soyuq iqlim və yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Burada 1300 metr hündürlük amplitudunda 14 kilometr  məsafədə şimaldan cənuba doğru bütün landşaft kompleksi ilə bərabər iqlim amilləri də dəyişir. Havanın orta illik temperaturu 5-12 dərəcədir. Şaxtalı günlər aşağı sərhəddə noyabrın ortalarından başlayır və martın sonuna kimi davam edir, yuxarı sərhəddə isə təxminən bir ay tez başlayır və bir ay gec qurtarır. Hündürlüyə qalxdıqca yağıntıların miqdarı 920 mm-dən 1400 mm-ə qədər artaraq maksimum miqdarı aprel-iyun aylarında 36 faiz, minimum miqdarı isə dekabr-fevral aylarında 13 faizə düşür. İllik yağıntının 72 faizi vegetasiya dövründə yağır ki, bu da bitki örtüyünün normal inkişafına müsbət təsir göstərir.

İlisu Qoruğunda 300-ə qədər ali bitki növü vardır ki, bunun da 90 növü ağac və kol bitkiləridir. Dərman (50 növə qədər), endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri daha çoxdur. Ərazidə şərq fıstığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq və s. bitkilər yayılmışdır. Qaracöhrə, Radde ağcaqayını bitkiləri Qırmızı Kitaba daxil edilmişdir.

Ərazidə 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar (nəcib maral, cüyür, köpgər, təkə, çöl donuzu), yırtıcılar (qonur ayı, canavar, tülkü, daş və meşə dələləri, gəlincik, porsuq, yenot, meşə pişiyi, vaşaq), gəmiricilər (dovşan, süleysinlər, siçanlar, sincablar), cücüyeyənlər (ağdiş, qonurdiş, kirpilər, nalburunlar) və s. ibarətdir.

Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılmışdır. Onların 60 növə qədəri sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Bunlardan 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlara, 1-i isə koramallara aiddir.

Qoruqdakı çaylarda forel balığı yaşayır. Şərq qışovçusu, kür şirbiyi və kür xramulyası yalnız qoruğun aşağı sərhəddindəki Kurmuxçayın aşağı hissəsində məskunlaşmışdır. Burada suda-quruda yaşayanların 5 (qurbağalar) növü yayılmışdır.

İlisu Dövlət Təbiət Qoruğunun dağ çayları çox maillidir, məhz bu səbəbdən də iti axır.  Kürmük, Ağçay, Qum və Ləkit  çayları dağlıq əraziyə düşən bol yağış, davamlı qar və yeraltı sularla qidalanır. Kəndin yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur.

Kamil İSMAYIL,

"Respublika".