Təmiz ətraf mühit və yaşıl artım ölkəsi
Ekologiya

Təmiz ətraf mühit və yaşıl artım ölkəsi

Respublikamız 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur. "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik"də 17 əsas hədəf müəyyən edilmişdir ki, bunlardan birini "Ucuz və təmiz enerji" təşkil edir. Dayanıqlı İnkişaf Məqsədləri iqlim dəyişmələri ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.

"Azərbaycan 2030": Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində 5 prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetdə yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının alt məqsədləri müəyyən olunub. Buna uyğun olaraq ölkədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmiz dünyada enerji resurslarının ixracatçısı kimi tanınır. Lakin buna baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Dövlətimizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul olunub. Həmin Proqramın qəbulu yaşıl enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaradıb.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələr arasında qabaqcıl sırada dayanır. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Günəş enerjisi, biokütlə enerjisi, külək enerjisi, geotermal enerji, hidrogen enerjisi, hidravlik enerji, dalğa enerjisi bərpaolunan enerji mənbələridir. Qalıq yanacaqların isə daha tez müddətdə tükənməsi gözlənilir. Bundan əlavə, geniş istifadə olunan benzin, kömür və linyit kimi yanacaqlar innovativ texnologiyalardan istifadə edilmədikdə ətraf mühiti çirkləndirir. Bu səbəbdən alternativ enerji istehlakı təbiətin və insan həyatının davamı baxımından kritik nöqtədədir. Ənənəvi enerji mənbələrinin ətraf mühitə təsirlərini tarazlaşdırmaq üçün xərcləri nəzərə alsaq, bərpaolunan enerji mənbələrinə investisiyalar olduqca zəruridir.

Ölkəmiz Avropa Komissiyası ilə fəal enerji dialoqu aparır ki, danışıqların mövzusuna isə təkcə təbii qaz deyil, həm də "yaşıl hidrogen" daxildir. Biz çirkləndirici emissiyalar yaratmadan əldə edilmiş hidrogeni, yəni davamlı hidrogeni nəzərdə tuturuq. "Yaşıl hidrogen" bərpaolunan enerjidən istifadə edilərək elektroliz nəticəsində əldə edilən enerji növlərindən biridir. Hazırda istehsal olunan hidrogenin çox cüzi hissəsi, təqribən 1 faizi "yaşıl hidrogen"dir. Azərbaycan zəngin qaz ehtiyatları hesabına hidrogen enerjisi istehsalına nail olmaq üçün yaxşı imkanlara malikdir. Hazırda Azərbaycanın istehsal etdiyi "mavi yanacağ"ın 50 faizindən çoxu məhz Avropa ölkələrinə ixrac edilir. "Qoca qitə"nin hədəfi isə 2050-ci ilədək karbon emissiyalı yanacaq növündən tam imtina etməkdir. Belə ki, gələcək perspektivli əməkdaşlıq üçün Azərbaycan, ilk növbədə, ekoloji təmiz enerji, o cümlədən "yaşıl hidrogen" istehsalına nail olmalıdır. Bunun üçün isə ölkəmizin bərpaolunan enerji potensialı kifayət qədərdir. Artıq ölkəmizdə hidrogen üzrə pilot layihələrin hazırlanması istiqamətində də işlər gedir.

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, istilik effekti yaradan qazların emissiyalarının 35 faizə çatdırılması və "yaşıl enerji"nin dünya bazarlarına çıxarılması istər regionda, istərsə də beynəlxalq səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına öz töhfəsini verəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".