Gürcüstanın Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə
Məktublar

Gürcüstanın Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə

Hörmətli xanım Prezident,

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə əlamətdardır – biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə töhfə verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 may 2022-ci il