DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SAAKAŞVİLİNİN VƏKİLİ ONU ƏFV YOLU İLƏ AZAD ETMƏK İSTƏYİR

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkili Beka Basilaya bildirib ki, onun komandası sabiq dövlət başçısını hakimiyyətə ictimai təzyiqin köməyi də tələb olunmaqla, əfv yolu ilə həbsxanadan azad etmək istəyir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə hüquqşünas mətbuata açıqlamasında bildirib.

Vəkil iddia edib ki, keçmiş dövlət başçısına işlər siyasi motivlər üzrə qaldırılıb, sabiq prezidentin azad edilməsi siyasi məsələ olacaq.

“Hər necə də olsa, Mixeil Saakaşvili yeni gürcü dövlətinin yaradıcısıdır. Demokratik ölkələr onu siyasətçi kimi qəbul edir, Avropa Birliyində deputatlar və ABŞ senatorları onunla görüşürlər”, - deyə hüquqşünas vurğulayıb.

Bununla yanaşı, Beka Basilayanın fikrincə, Qərb belə təqibə çox dəqiq reaksiya verməli olacaq və Gürcüstan rəhbərliyi onu həbsxanadan buraxacaq.

 

Aİ LİDERLƏRİNİN GƏLƏN İL STRATEJİ İNKİŞAF PLANINI TƏSDİQLƏYƏCƏYİ GÖZLƏNİLİR

Avropa İttifaqı liderlərinin gələn il müdafiə və təhlükəsizlik sahəsində strateji inkişaf planı ilə bağlı layihəni təsdiqləyəcəyi gözlənilir. “Trend” agentliyinin “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ ölkələrinin Sloveniyada görüşü zamanı bəyan edib.

“Dünya arenasında daha təsirli və nüfuzlu olmaq üçün Aİ-nin müstəqil hərəkət etmək qabiliyyətini gücləndirməsi lazımdır. Fəaliyyətdə müstəqillik iqtisadiyyat, müdafiə və təhlükəsizlik sahələrində özünü göstərməlidir”, - deyə Avropa Şurasının rəhbəri bildirib.

Şarl Mişel xatırladıb ki, Aİ diplomatiyasının rəhbəri Cosep Borrel 2021-ci ilin noyabrında müdafiə və təhlükəsizlik sahəsində strateji inkişaf planı ilə bağlı layihəni təqdim edəcək. Sənədin nəzərdən keçirilməsindən sonra 2022-ci ilin iyununda Aİ liderlərinin bunu təsdiqləyəcəyi gözlənilir.

Avropa Şurasının rəhbəri Aİ-nin enerji, kiber təhlükəsizlik və ticarət kimi sahələrdə digər tərəflərdən asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.

 

İRANLA “TALİBAN” ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

İran nümayəndə heyəti ilə “Taliban” hərəkatının təmsilçiləri arasında ticarət əlaqələrinin saxlanılması istiqamətində danışıqlar aparılıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Əfqanıstandakı “Taliban” hökumətinin informasiya və mədəniyyət məsələləri üzrə nazir müavini Zəbiullah Mücahid qeyd edib.

Nazir müavininin sözlərinə görə, tərəflər iqtisadi məsələlərə daha çox diqqət ayırıblar.

Zəbiullah Mücahid bildirib ki, sərhədyanı buraxılış keçid məntəqələrində iş rejiminin vaxtının yaxın on gün ərzində uzadılmasına dair qərar qəbul olunub.

Bununla yanaşı, Zəbiullah Mücahid vurğulayıb ki, yanacaq tədarükü ilə bağlı vəziyyəti araşdırmaq üçün İran Neft Nazirliyinin nümayəndə heyəti Əfqanıstana səfər edəcək.

 

RUSİYADA KORONAVİRUSDAN REKORD SAYDA ÖLÜM QEYDƏ ALINIB

Rusiyada son sutka ərzində daha 25133 nəfər koronavirus infeksiyasına yoluxub. “APA”nın verdiyi xəbərə görə, ölkədə pandemiya başlayandan bəri “COVID-19”a yoluxanların ümümi sayı 7,6 milyon nəfəri keçib.

Məlumata əsasən, Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan gündəlik ən çox ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 929 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 212625 nəfərə çatıb.

Rusiya koronavirusa yoluxma sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdədir.

 

İORDANİYA KRALI SON 10 İLDƏ İLK DƏFƏ BƏŞƏR ƏSƏDLƏ TELEFONLA DANIŞIB

İordaniya kralı II Abdullah son on ildə ilk dəfə Suriya prezidenti Bəşər Əsədlə telefonla danışıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, İordaniyanın Suriyadakı böhranın həlli üçün plan hazırladığı və bu ölkədəki qaçqınların öz vətənlərinə qayıtmasının masada olduğu iddia edilib.

Məlumata əsasən, İordaniya rəhbərliyinin rəsmi Dəməşqlə münasibətlərini tədricən normallaşdırma planına ölkədəki suriyalı qaçqınların geri dönməsi də daxildir. Suriyanın cənub qonşusu İordaniyada təxminən 700 min suriyalı qaçqın var.

İordaniya rəhbərliyi tərəfindən hazırlanmış planın Rusiyanın qanuni maraqları tanınaraq Suriyadakı bütün xarici qüvvələrin çıxarılması, BMT çərçivəsində siyasi həll və Dəməşqlə əlaqələrin tədricən normallaşdırılması istiqamətində aparıldığı bildirilib.

Həmçinin II Abdullahın bu planı ABŞ prezidenti Cozef Bayden, Rusiya lideri Vladimir Putin və digər ərəb ölkələrinin liderləri ilə də müzakirə etdiyi vurğulanır.

 

STOLTENBERQ UKRAYNA VƏ GÜRCÜSTANIN NATO-YA ÜZV OLACAĞI VAXTI AÇIQLAYIB

“Ukrayna və Gürcüstan gec-tez NATO-ya daxil olacaq, lakin bu sabahın məsələsi deyil”. “APA”nın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brukinqs İnstitutu ilə Corctaun Universitetinin birgə təşkil etdiyi onlayn tədbirdə bildirib.

“Bu barədə ABŞ prezidenti Cozef Baydenlə danışığım zamanı da demişəm. Səylərimizi artırmalı və NATO-ya qoşulmaq istəyən bu ölkələr üçün daha çox iş görməliyik”, - deyə baş katib vurğulayıb.

Stoltenberqin sözlərinə görə, hər iki ölkə NATO-dan daha çox dəstək almalıdır. O deyib: “Bu ölkələrin korrupsiyaya qarşı mübarizə və lazımi islahatlar aparmaq üçün də köməyə ehtiyacları var. Rusiya da daxil olmaqla, digər ölkələr Gürcüstan və Ukraynanın ittifaqa qoşulmaq istəyinə təsir etməməlidir”.

 

BÖYÜK BRİTANİYA MİQRANT SİYASƏTİNİ DƏYİŞƏ BİLƏR

“Brexit”dən sonra Böyük Britaniyadan kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişə bilər. “Report”un xəbərinə görə, bu barədə “Röyters” agentliyinin analitikləri məlumat yayıb.

Bildirilir ki, təxminən 25 il əvvəl ölkə iqtisadiyyatında daha az inkişaf edən Avropa ölkələrindən gələn ucuz işçi qüvvəsi yer tuturdu.

Miqrantların ölkəni tərk etməsi və yaxud onların ölkəyə girişinə qoyulan məhdudiyyətlər Böyük Britaniyanın iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. Belə ki, “Brexit” dünyada artıq pozulmuş təchizat zəncirinə əlavə zərbə vurub.

Analitiklərin fikrincə, sürücülərin, qəssabların və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əməkhaqqını artırmağa məcbur etməklə istehlak qiymətlərini stimullaşdırır.

 

ÜST: “DELTA” ŞTAMMI ARTIQ 192 ÖLKƏDƏ YAYILIB

Yüksək yoluxuculuq qabiliyyəti ilə fərqlənən koronavirusun “delta” ştammı əhatə dairəsini genişləndirərək dünyanın 192 ölkəsində yayılıb. “Report”un  verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir.

Məlumata əsasən, ekspertlər “alfa”, “beta”, “qamma” və “delta” ştammlarını “narahatlıq doğuran variantlar”a aid ediblər.

Xatırladaq ki, ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada qeydə alınmış “alfa” ştammı 195 ölkədə yayılıb. Ötən ilin avqustunda CAR-da qeydə alınmış “beta” ştammı 145 ölkədə, həmin ilin sentyabrında Braziliyada müşahidə edilmiş “qamma” ştammı 99 ölkədə yayılıb. “Delta” ştammı ilk dəfə olaraq ötən ilin oktyabr ayında Hindistanda qeydə alınıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.