Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Riyazi savadın olmaması beyində nəyə səbəb olur?

Riyaziyyat insanların sonsuz mənalandırma qabiliyyətinin mükəmməl bir məhsuludur. Həyat təbiət və kainatı anlamaq üçün ən yaxşı vasitədir. Bütün elmlərin açarı hesab edilən riyaziyyatın beyni nə qədər inkişaf etdirdiyini çoxlarımız bilirik. Hətta belə bir deyim də var: “Riyaziyyat beyni itiləyir”. Təəccüblü araşdırma riyazi savadın olmaması ilə beynimizin inkişafında əhəmiyyətli rolu olan amin turşusunun çatışmazlığını ortaya qoyub.

İngiltərəli alimlər riyazi savadı olmayan yeniyetmələrin beynində qamma-aminobutirik turşusunun (GABA) azaldığını aşkar ediblər.

“Araşdırmamız biologiya ilə riyazi təhsilin qarşılıqlı əlaqəsini ortaya qoyur. Yeniyetməlik beyin və idrakın inkişafında əhəmiyyətli dövrdür. Təəssüf ki, bu yaşda riyaziyyat təhsilini dayandırmaq yeniyetmələrin beynində bir boşluğa səbəb olur” - deyə Oksford Universitetinin tədqiqatçısı müəllif Roi Cohen vurğulayıb.

Tədqiqatçılar 14-18 yaş arası tələbələri sınaqlara cəlb ediblər. Riyazi savadı olmayan iştirakçıların beynində bir çox vacib idrak funksiyasında iştirak edən GABA konsentrasiyasının az miqdarda olduğu aşkarlanıb.

“GABA beynin təxminən üçdə bir hissəsini təşkil edən neyrotransmitterdir və sinir hüceyrələrinin həyəcanlılığını azaldır. Hər bir tələbənin beynində tapılan bu kimyəvi maddənin miqdarına əsasən oxuyan və oxumayanları təyin edə bildik” - deyə tədqiqatçı müəllif bildirib.

Məlumat “Science News” veb saytında yayımlanıb.  

 

Davamlı aclıq hiss etməyimizin səbəbi  

Aclıq və iştah orqanizmin fizioloji tələbatıdır. Hər ikisinin azlığı və ya çoxluğu orqanizmin hansısa funksiyasının pozulduğunu göstərir. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edilir. Bəs, yeməkdən qısa bir müddət sonra acanların problemi nədir?

PRFDICT proqramına rəhbərlik edən qidalanma üzrə mütəxəssis, alim Sarah Berry və həmkarları bəzi insanların davamlı aclıq hiss etmələrinin səbəbini qan şəkərinin səviyyəsi ilə əlaqəli olduğunu tapıblar.

Mütəxəssislər sınaqlara cəlb edilmiş könüllülərin gündəlik menyularını yağ, zülal karbohidrat, lif baxımından yüksək olan qidalarla zənginləşdiriblər və daha sonra insanların hər birinin davamlı olaraq qan şəkərinin səviyyəsini qiymətləndiriblər. Nəticədə, insanların qan nümunələrində qidalara qarşı fərqli cavab reaksiyası alimləri təəccübləndirib.

“Qlükoza monitorinqi zamanı bəzi iştirakçılarda yeməkdən az müddət sonra qan şəkərinin aşağı düşməsinin şahidi olduq və bu hal daha çox kişilərdə özünü göstərdi. Çox insanlar düşünür ki, yemək nə qədər çox kalorili olarsa, bir o qədər də tutumlu olar. Lakin tapıntılarımız insanlarda qidalara qarşı fərdi reaksiyanı göstərdi. Beş il əvvəl bacara bilmədiyimizi,  indi geyilə bilən yeni texnologiyalar sayəsində, ev şəraitində orqanizmimizin qidalara necə cavab verməsini izləmə imkanımız var. Yediklərimizi fərdiləşdirməklə sağlam qidalanmamızı təmin edə bilərik” - deyə Sarah Berry izah edib.

Məqalə “Science Focus” jurnalında dərc olunub.

 

Keçəlləşmə ilə əlaqəli gen kişilərdə COVİD-19 riskini artıra bilər

COVİD-19-un kişilər üçün qadınlardan daha çox ölümcül olduğu məlumdur, lakin yeni araşdırmalar artıq bu riskin hissəsini saç tökülməsinə səbəb olan bir genlə əlaqələndirir.

Amerikalı alimlər saç tökülməsinə səbəb olan androgenetik alopesi (AR) hormonun kişilərdə COVİD-19 riskinə daha yaxın olduğunu aşkar ediblər.

Elm adamları bunun səbəbini COVİD-19 infeksiyasının açarı olan TMPR SS2 adlı fermentin androgenə həssas olması və AR genindən təsirlənə bilməsi ilə izah ediblər.

AR genindəki əsas bir seqment həm COVİD-19-un şiddətini yüksəldir, həm də kişilərdə saç tökülməsinə meyilliliyi daha da artırır.

Tədqiqatçılar koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 65 kişinin genetik analizlərini aparıblar və nəticədə androgen hormonu yüksək olanların xəstəliyi daha şiddətli keçirdiklərini müşahidə ediblər.

“Tədqiqatımız hələ ki, kiçik mərhələli olsa da, əlimizdə müəyyən dəlillər var. İndi bütün diqqətimiz androgen reseptorlarını bloklayan dərmanların koronavirusun müalicəsində faydalı olub-olmayacağına yönəldilib” - deyə tədqiqat rəhbəri Teresa Murray Amato bildirib.

Tədqiqatla bağlı ətraflı məlumat “Medical Xpress” portalında işıq üzü görüb.

 

Şimşək atmosferi təmizləyirmiş

Şimşək iki bulud arasında və ya içərisində elektrik boşalarkən yaranan qırıq xətt formasında müvəqqəti işıqdır. Havada olan su buxarı kondensasiya edərək damcıları parçalayır, müsbət və mənfi ionlara ayırır. Buludun müxtəlif bölgələrinə yığılan ionlar qüvvətli elektrik sahəsi əmələ gətirir. Buludun mənfi, yaxud müsbət qütbü ilə yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət isə buluda tərəf axır.

Amerikalı meteoroloqlar “Science” jurnalında dərc etdirdikləri məqalələrində şimşək hidroksil radikallarının gözlənilmədən yüksək konsentrasiyası zamanı havada çirkləndiricilərin parçalanmasına səbəb olduğunu bildiriblər.

Brune Wright və həmkarları atmosferdə ölçmə məlumatlarını qiymətləndirərkən ildırım yaxınlığında hidroksil konsentrasiyasının kəskin artdığını görüblər və 80. 000 voltadək elektrik sahələrindəki boşalmaları müşahidə ediblər. Mütəxəssislər hidroksil və hidroperoksil (OH və HO2) molekullarındakı enerji mövcudluğunu radikal konsentrasiyanın güman ediləndən təxminən min qat daha çox artdığını anlayıblar.

“Bu ölçmələr əsasında atmosferin davamlı olaraq özünü yeniləməsini və hidroksil radikalların (OH) özünütəmizləmə prosesində vacib bir “təmizlik vasitəsi” olduğunu başa düşdük” - deyə W.Brune bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.