SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Axşamlar meyvə yeyənlərin nəzərinə

İnsanların çoxu meyvəni yüngül və kökəltməyən qida hesab etdikləri üçün arıqlamaq məqsədilə axşam yeməyini bu qida ilə əvəz edirlər. Lakin dietoloqların fikrincə bu, yanlışdır. Meyvə arıqlamağa kömək etmir, əksinə artıq kiloların yığılmasına səbəb olur.

Məsələ burasındadır ki, təbii şəkərlə zəngin olan meyvələrin istehlakı qanda şəkərin səviyyəsini qaldırır. Orqanizm şəkərin səviyyəsini normaya salmaq üçün insulinin istehlasını artırır. İnsulin isə piylərin parçalanması prosesini ləngidərək əksinə onların yığılmasına səbəb olur. Axşam saatlarında insanda hərəkətlilik kəskin şəkildə azaldığı üçün istehlak edilən meyvə orqanizmdə piyə çevrilir.

Bütün bunları nəzərə alaraq mütəxəssislər meyvələri səhər və günorta yeməkləri arasında istehlak etməyi tövsiyə edirlər. Tərəvəzlərə gəldikdə isə onlar həqiqətən arıqlamağa kömək edir. Bu səbəbdən axşamlar meyvə əvəzinə tərəvəz salatı (yağsız) yemək məsləhət görülür.

Parkinsonun bir səbəbi də bu imiş

Ətraf mühitin çirklənməsi qlobal sağlamlıq riski olmaqda davam edir. Bu mövzu ilə bağlı yeni araşdırma aparan alimlər çirkli havanın sağalmaz nevroloji xəstəliklərə səbəb olduğunu ortaya çıxarıblar. Amerikanın Nevrologiya Akademiyası ilə birgə işləyən tədqiqatçılar havanın ən çirkli olduğu bölgələrdə yaşayan insanların xüsusilə Parkinson xəstəliyinə tutulma riskinin yüksək olduğunu müəyyən ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyinə hər 100 min nəfərdən 21-də rast gəlinir. Bu xəstəliyə daha çox 55 yaşdan yuxarı insanlarda rast gəlinsə də, son vaxtlar gəncləşərək 40 yaşdan aşağı olanlarda da təsadüf olunur. Qeyd edək ki, ilk vaxtlar xəstəliyin əlamətləri hiss edilmir və gizli gedir. Nevroloji hallar simptomatik olur - adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi ilə nəzərə çarpır. Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir.

ABŞ-ın Barrov Nevroloji İnstitutunun alimi Brittany Krzyzanovskinin rəhbərliyi ilə aparılan tədqiqatda 2009-cu ildən indiyə qədər Parkinson xəstəliyi ilə bağlı qeydiyyatdan keçən insanların məlumatları tədqiq edilib. İştirakçıların ölkə daxilində yaşadıqları bölgəni dəqiqləşdirmək üçün coğrafi xəritədən istifadə olunub və həmin ərazilərin çirkli havaya məruzqalma səviyyələri hesablanıb. İştirakçılar iki qrupa ayırılıb. Havanın ən çirkli olduğu bölgədə yaşayan qrupda 100 min nəfərdən 434 şəxsdə Parkinson xəstəliyi aşkar edilib. Ən yüksək hava çirkliliyinə məruz qalan qrupda Parkinson xəstəliyinə tutulma riskinin ən aşağı səviyyədə olanlarla müqayisədə 25 faiz artdığı müəyyənləşdirilib.

Sürvə həm də bu xəstəliklərin çarəsidir

İnsanlar arasında daha çox şalfey kimi tanınan sürvə və ya adaçayı xalq təbabətində antibakterial, yara sağaldıcı, iltihab əleyhinə vasitə kimi istifadə edilir. Amerikalı elm adamları bu bitkinin başqa faydalarını da ortaya çıxarıblar. Belə ki, yeni araşdırma zamanı alimlər sürvənin bədəndə iltihabı və xolesterini azaltdığını, həmçinin qanda şəkərə də təsir etdiyini müəyyən ediblər.

3 aylıq təcrübə zamanı 40 pasiyentə hər gün sürvə çayı verilib. Nəticələr göstərib ki, bu çayı içdikdən sonra xəstələrdə şəkərin səviyyəsi xeyli azalıb. Həmçinin onlarda xolesterin, triqliseridlər, lipid səviyyəsi də düşüb. Belə qənaətə gəlinib ki, sürvə yarpaqları təhlükəsiz olaraq diabet xəstələrinə antihiperqlikemik təsir edir. Məhz bu səbəbdən belə xəstələrə şəkəri salmaq üçün sürvə ekstraktının yüksək dozalarını içmək tövsiyə olunur.

Şalfeyin orqanizmə bundan əlavə digər faydaları da çoxdur. Ağız boşluğu və udlağın selikli qişasına güclü antibakterial, büzücü, iltihab əleyhinə təsir göstərir, stomatit, gingivit, parodontoz zamanı diş ətinin qan dövranını yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir. Badamcıqların iltihabını, şişkinliyini, həmçinin boğazda olan ağrını azaldaraq angina və tonzillitlərin sağalmasını sürətləndirir. Bundan əlavə, mədə turşuluğunu da artıran sürvə həzmi yaxşılaşdırır. Məhz bu səbəbdən həzmin pozulması ilə müşayiət olunan mədə xəstəliklərində ondan istifadə olunur.

Dişsiz qalanlara şad xəbər

Hər kəsə məlumdur ki, dişlərin tökülməsi və yenidən çıxma mərhələsi uşaq vaxtı baş verir. Ancaq yeni kəşf sayəsində bu, hər zaman mümkün ola bilər. Belə ki, yaponiyalı elm adamları yetkinlik yaşından sonra da dişlərin yenidən böyüyüb inkişaf etməsini təmin edəcək dərman hazırlayıblar.

Yaponiyanın Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutu tərəfindən hazırlanmış bu dərman dişlərin quruluşunda anadangəlmə problemləri olan, bəzi dişləri çıxmayan insanların sağlamlıq problemini müalicə etməyə kömək edəcək. Kitano Xəstəxanasının stomatologiya və ağız cərrahiyyəsi şöbəsinin müdiri doktor Katsu Takahasinin uzun müddətdir ki, bu məsələyə diqqət yetirdiyini və sözügedən dərman üzərində işlədiyini diqqətə çatdırıb. O bildirib ki, dişlərin uzadılması və ya əskik dişlərin yenidən böyüməsi kimi müalicələri etmək hər stomatoloqun arzusudur: "Üzərində çalışdığımız dərmanla bu xəyalı reallaşdıra biləcəyimizə heç bir şübhəmiz yox idi".

Katsu Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu, siçanlarda diş böyüməsini məhdudlaşdıran və tətbiqlərdə "üçüncü nəsil" dişlərin (ilk süd dişləri və sonrakı daimi yetkin dişlər) böyüməsini təmin edən USAG-1 adlı geni kəşf edib. Yeni dərman həmin genin mənfi təsirini aradan qaldıran antikor kimi çıxış edir. Təcrübələr göstərib ki, bu antikorlar siçanlarda dişlərin yenidən böyüməsinə şərait yaradır. Sözügedən dərmanın təkcə anadangəlmə diş problemi olan insanlara deyil, sonradan kariyes və ya digər xəstəliklərə görə dişlərini itirən xəstələrə də ümid verəcəyi gözlənilir. Dərmanın 2030-cu ilə qədər bazara çıxarılması nəzərdə tutulur.

Stomatologiya dünyasında baş verən bu yenilik "Nature" elmi jurnalında dərc olunub.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".