Faktlar və Rəqəmlər
Maraqlı

    Faktlar və Rəqəmlər

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə      

2021-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1678,4 min nəfər olmuş, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

DSK-nin məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 152 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9532,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6003,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2474,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artmış, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalmışdır.

2021-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,0 faiz, real ifadədə 10,7 faiz artaraq 697,0 milyon dollar təşkil etmişdir.

İxracın 37,5 faizi İtaliya,16,6 faizi Türkiyə təşkil edib

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,0 faiz), Rusiyaya (27,0 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (7,7 faiz), ABŞ-a (3,3 faiz), Çinə (2,2 faiz), Türkmənistana (1,8 faiz), Ukraynaya (1,6 faiz), Belçikaya (1,3 faiz), Qazaxıstana (1,2 faiz), Almaniyaya (1,1 faiz), İrana (1,0 faiz), İtaliyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

İstehlak bazarında qiymətlərin dəyişməsi  

2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 104,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil etmişdir. Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin may ayına nisbətən 104,9 faiz təşkil etmişdir.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin may ayına nisbətən 104,4 faiz təşkil etmişdir.