Yüksəliş yolunun etibarlı davamına inamın ifadəsi
Siyasət

Yüksəliş yolunun etibarlı davamına inamın ifadəsi

Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də xalqa müraciət etmişdir

Mənalı ömrünü xalqının taleyi ilə bağlayan, azərbaycanlı olması ilə fəxr edən, qürur duyan ümummilli lider Heydər Əliyev "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək bunu əməli siyasi fəaliyyəti ilə sübut etmişdir. Xalqımızın həyatında misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyətin gərgin əməyi, müdrik siyasəti sayəsində dövlətimizin müstəqilliyi qorunub saxlanılmış, müstəqil Azərbaycan ulu öndərin uzaqgörən siyasəti nəticəsində bütün dünyaya səs salmışdır. İctimai-mənəvi durumu səciyyələndirən gerçəkliklər - sürətli inkişaf dinamikası, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi Heydər Əliyevin sayəsində daha böyük hədəflərin reallaşmasına meydan açmış, milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlişinə xidmət etmişdir.

Hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə ümummilli liderin dövlət idarəçiliyində yüksək bacarığı, siyasi təşəbbüskarlığı, səy, qətiyyət və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsinə qoşulmuş, müasir sənaye diyarına çevrilmişdir. Azərbaycanın intibah dövrü kimi xarakterizə edilən həmin illərdə respublikada iqtisadi, ictimai-mədəni və digər sahələrdə qazanılan böyük uğurlarla yanaşı, yüzlərlə müəssisənin yaradılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi də təmin edilmişdir. Məhz həmin dövrdə ulu öndər respublikanın güclü iqtisadi və sosial infrastrukturunu, bütün vacib sahələr üzrə ixtisaslı mütəxəssislər ordusunu yaratmaqla Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin yaratmışdır. Vətəninə, xalqına sədaqətlə xidmət etmiş, canından artıq sevdiyi Azərbaycanı müasir tarixində təlatümlü hadisələrdən, taleyin sərt sınaqlarından mətanətlə, qətiyyətlə çıxarmış Heydər Əliyev azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini hələ 70-ci illərdəki fəaliyyəti dövründə qoymuşdu. Respublikaya rəhbərliyi dövründə Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyan Heydər Əliyev hər bir dövr üçün xarakterik olan ictimai-siyasi yönlü maneələri məharətlə aradan qaldıraraq tənəzzülün qarşısını almağa və ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmağa müvəffəq olmuşdu.

1993-cü ildə xalqın təkidli xahişi ilə ikinci dəfə respublikamıza rəhbərliyə qayıdan ulu öndər Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı, xalqı və dövləti labüd fəlakətdən xilas etdi. O illərdə Azərbaycanın vəziyyəti son dərəcə mürəkkəb və ümidsiz idi. Müstəqilliyini yenicə bərpa edən və onu yetərincə möhkəmləndirə bilməyən Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ölkə ərazisinin 20 faizdən çox hissəsi işğal olunmuşdu. Azərbaycanın daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir, xalqla dövlət arasındakı uçurumun daha da dərinləşməsinə səbəb olurdu. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi. 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli xahişi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən ümummilli lider Heydər Əliyev Azərbaycanın mürəkkəb və gərgin bir tarixi dönəmində dövlətimizin müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi  əsas vəzifə olaraq qarşısına məqsəd qoydu. Parlamentin həmin il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədrinə verilməsi artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. 1993-cü il 3 oktyabr tarixində isə ulu öndər ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev andiçmə mərasimində nitqində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində fədakarlıqla çalışacağını bəyan etdi.

Beləliklə, ikinci dəfə respublikaya rəhbərliyə qayıdan dahi lider ölkə rəhbəri olaraq fəaliyyətinin ilk günlərindən  səriştəsiz "rəhbərlərin" yol verdiyi səhvləri düzəltməyə başladı və ölkənin daxili və xarici siyasətində mövcud olan yanlışlıqları yoluna qoydu. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri müəyyənləşdi, nüfuzlu təşkilatlarla əlaqələr yaradıldı, mövcud əlaqələr daha da genişləndirildi. Ölkənin ümummilli mənafelərini müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın, dövlətin təhlükəsizliyini təmin etmək ən vacib məsələ oldu və bu siyasət ulu öndərin Azərbaycana rəhbərliyinin son gününə qədər məqsədyönlü, düşünülmüş şəkildə həyata keçirildi.

İlk növbədə, ötən əsrin 80-ci illərinin axırlarından başlanan erməni təcavüzünün qarşısının alınmasına, günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin dayandırılmasına, nizamlı və güclü ordunun formalaşması üçün vaxt qazanılmasına, ölkənin iqtisadi qüdrətinin artırılmasına hesablanmış atəşkəsə nail olundu. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs müstəqil dövlətimizə yenidən toparlanmağa, öz resurslarını səfərbər etməyə, yeni, həlledici mübarizəyə daha yaxşı hazırlaşmağa imkan verdi. Eyni zamanda dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq kontrakt, o cümlədən "Əsrin müqaviləsi" imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla ölkəmizin beynəlxalq nüfuzu yüksəldi. "Əsrin müqaviləsi"nin imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası gələcək inkişaf üçün lazımi resursların əldə edilməsinə imkan yaratdı. Bununla da iqtisadi sahədə böhran aradan qaldırıldı, inkişaf dövrü başlandı. Demokratiya, siyasi sabitlik və ən başlıcası, tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.

1993-2003-cü illərdə Prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunu yüksəltdi, respublikamızın adını inkişaf etməkdə olan ölkələrini sıralarına çıxardı.

Xalqımıza, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etməyi həyat amalına çevirən ulu öndər Heydər Əliyev dogma Azərbaycanını dünyanın ən qabaqcıl xalqları sırasına çıxarmaq, dünyada sivil, inkişaf etmiş ölkə kimi tanıtmaq üçün əzmlə, qətiyyətlə çalışdı. Vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu demokratik cəmiyyət, hüquqi dövlət qurdu, müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını təmin etdi. Beynəlxalq səviyyəli irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində respublikamıza xarici investisiyaların axını ölkə iqtisadiyyatını dirçəltdi, valyuta ehtiyatları artdı. Azərbaycanda milli ordu formalaşdırıldı, dövlətin müdafiəsi gücləndirildi. 1993-2003-cü illərdə əldə olunan bu nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafına, dünyada layiqli yer tutmasına, Cənubi Qafqazda söz sahibi olmasına möhkəm, etibarlı, sarsılmaz zəmin yaratdı.

Siyasi fəaliyyətinin 10 ilini müstəqil Azərbaycana xidmət edən ulu öndər 2003-cü il oktyabr ayının 1-də xalqa son müraciətində bu müddət ərzində həyata keçirilən daxili və xarici siyasətin yalnız və yalnız dövlətçiliyimizə, respublikamızın tərəqqisinə, xalqımızın mənafeyinə xidmət etdiyini bəyan etdi. Dahi lider bütün bunlarla bərabər axıra çatdıra bilmədiyi işlərin, perspektivli planlarının olduğunu vurğuladı və bunu siyasi varisi Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin məharətlə yerinə yetirəcəyinə əminliyini ifadə etdi: "… Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün ulu öndərin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ulu öndərin təməlini qoyduğu çoxşaxəli islahatlar bu gün qalib Azərbaycanın inkişaf yolunu müəyyən edir. Dahi Heydər Əliyevin müdrikliklə, uzaqgörənliklə qoruyub möhkəmləndirdiyi müstəqil Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, güclü orduya sahib, gələcəyə hesablanmış xarici siyasət yürüdən ölkə kimi qəbul edilir. Regionda reallaşdırılan bütün layihələrdə Azərbaycanın mövqeyi nəzərə alınır. Ölkəmiz regionda söz sahibidir. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələrindəndir. Ulu öndərin düşünülmüş neft strategiyası nəticəsində mühüm layihələrin gerçəkləşdirilməsi respublikamızın beynəlxalq aləmdə layiqli yerini təmin edib. Müstəqil, bütün dünyaya qapılarını açmış Qalib Azərbaycan, möhkəm təməl üzərində qurulan dövlətçiliyimiz, xoş gələcəyə aparan aydın, nurlu sabahlar xalqımızın dahi oğlu, ümummilli lideri, ulu öndəri Heydər Əliyev siyasətinin bəhrəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".