COP29 ÇƏRÇİVƏSİNDƏ
Bölgələr

COP29 ÇƏRÇİVƏSİNDƏ

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, 29-cu “Tərəflərin Konfransı (COP)” çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Karvan Hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirak edib. Yürüşə müxtəlif yaş aralığında 25-dən artıq iştirakçı qatılıb.

Şəhər rəhbəri Vüqar Novruzov iştirakçılara cənnət Qarabağın dilbər guşələrindən olan turizm məkanı Suqovuşana səfərlərində uğurlar diləyib. Diqqətə çatdırıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi Naftalan Suqovuşan vahid turizm mərkəzinə çevrilib. Velosipeddən istifadənin gənclərin fiziki fəallığının artırılmasında və ətraf mühitin qorunmasında rolunu vurğulayıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirakçılara uğurlar arzulayıb.

Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətinə hərəkət edərək, Naftalan şəhərinə qayıdıblar. Onlar ümumilikdə 50 kilometrə qədər məsafəni qət ediblər. İştirakçılar Naftalan Şəhər İcra Hakimiyyətinin “Təşəkkürnamə” və sertifikatları ilə təltif olunublar.

Onu xüsusilə qeyd etmək lazımdır ki, hələ 2021-ci ildə ölkədə və Naftalanda ilk 7 kilometr uzunluğunda velosiped həvəskarları üçün veloyol çəkilib. Xarici ölkələrdən gələn turistlər və şəhər sakinləri bundan yetərincə bəhrələnirlər.

Zabit XƏLİLOV,

“Respublika”.