30 il susan ATƏT demokratiyadan danışır
Siyasət

30 il susan ATƏT demokratiyadan danışır

Mayın 14- Türkiyədə keçirilən prezident seçkiləri bütün dünya üçün əsl demokratiya nümunəsi oldu. Bunu səsverməyə gələn insanların sayından, seçici fəallığından da anlamaq olur. Hansı ki, bu fəallıq məhz inamdan qaynaqlanır. Çünki inam varsa, prosesin qanuniliyini qoruyacaq güc mövcuddur. Lakin Qərb şəffaf şəkildə insidentsiz keçən seçkilərlə bağlı qərəzli mövqe ortaya qoydu.

Belə ki, ATƏT-in qısamüddətli missiyasının Türkiyədəki seçkilərlə bağlı ilkin hesabatında yer alan fikirlər əsassız qərəzli xarakter daşıyırMüşahidə missiyasının rəhbəri Maykl Georg Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen "seçki prosesinə müdaxilə edildiyini", "seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini" iddia ediblər. Lakin qeyd etmək lazımdır ki, bu şəxslərin heç biri konkret faktla danışmayıblar. Əgər seçici aktivliyi 90 faizə yaxındırsa, hansı çətinlikdən söhbət gedir?! Avropanın heç bir ölkəsində uzun illərdir ki, seçici fəallığı Türkiyədə qeydə alınan 90 faizə yaxın aktivliklə müqayisə ediləcək səviyyədə olmayıb. Belə olan halda bu, Türkiyəni demokratiya ilə şantaj etməkdən başqa bir şey deyil. Təbii ki, Qərbin hazırkı mövqeyi Türkiyə iqtidarına, Prezident Rəcəb Tayyib Ərdoğana bəslədiyi mənfi münasibətindən doğur. Çünki onlar başa düşür ki, Türkiyənin hazırkı yüksək statusu məhz Ərdoğanın uğurlu siyasəti ilə bağlıdır.

Onu da qeyd edək ki, mayın 14- keçirilən seçkilər Türkiyə liderini devirməyə hesablanmışdı. Məhz buna görədir ki, seçkiöncəsi saxta rəy sorğuları keçirildi, həmin sorğularda iqtidarın guya, nüfuzunun olmadığı göstərildi. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Əlbəttə, Qərb Ərdoğan hakimiyyətini devirmək üçün əvvəldən mövcud istiqamətdə zəmin hazırlamışdı. Söhbət süni devalvasiya meyillərindən gedir. Təbiidir ki, lirənin dollara nisbətdə ciddi dəyər itirməsi adi bir şey deyil. Yəni demək olmaz ki, iqtisadi böhran sıravi Türkiyə vətəndaşının güzəranına təsirsiz ötüşdü. Elə bu təsirin nəticəsi idi ki, hakim komandanın parlament seçkilərində uğur qazanmasına baxmayaraq, prezident seçkilərində ikinci turu gözləmək zərurəti yarandı. Ancaq Ərdoğan iqtidarının ilk turda qazandığı səsçoxluğu ikinci turun hazırkı dövlət başçısının qələbəsi ilə bitəcəyini söyləməyə son dərəcə ciddi əsaslar verməkdədir. Qərbin bəzi dairələri ölkəni ötən əsrin 50-90- illərinin siyasi kataklizmləri dövrünə qaytarmaqda israrlı idilər. Lakin onların bu arzuları ürəklərində qalacaq. Nəticə etibarilə ATƏT-in seçkilərə verdiyi qiymət siyasi-hüquqi riyakarlıqdan başqa bir şey olmadı. ATƏT-in verdiyi Bəyanat Qərbin məhz anti-Türkiyə mövqeyinin göstəricisidir. Bu kimi qurumların hansı rəyi verməsindən asılı olmayaraq, dünyada formalaşmış rəy 14 may seçkilərində Türkiyə xalqının iradəsinin əzminin təntənəsini əks etdirir. 30 il Ermənistan-Azərbaycan münaqişəsinə, işğaldan sonra ərazilərimizin minalanmasına, erməni hərbi birləşmələrinin dəfələrlə törətdiyi təxribatlara susan ATƏT bu gün demokratiyadan, ədalətdən danışır. Bu da həmişəki kimi, Qərbin türkə qarşı ikili standartıdır.

Nuranə DAXİLQIZI,

"Respublika".