Yeni dünya nizamı: Qüdrətli Türkiyədən güc alan Türk dünyası
Siyasət

Yeni dünya nizamı: Qüdrətli Türkiyədən güc alan Türk dünyası

"Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir. Türk dövlətlərinin Türkiyə ilə birlikdə xarici siyasət yürütməsi həmin ölkələrin qarşısında geniş imkanlar açır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan ilə Türkiyə arasında saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bundan öncə Türkiyə Qırğızıstanla da analoji sazişə imza atıb. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması türkdilli dövlətlər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə adladığını söyləməyə əsas verir. Beynəlxalq siyasi şərhçilər də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərarın verilməsini və bu qərardan irəli gələn bir sıra addımların atılmasını münasibətlərin inkişafında yeni mərhələ adlandırırlar. Hazırda regionda və dünyada baş verən böhran, Rusiya-Ukrayna müharibəsi, ABŞ və Qərbin Rusiyaya qarşı məlum sanksiyaları, qlobal ziddiyyətlər fonunda türkdilli dövlətlərin münasibətlərini genişləndirməsi, qarşılıqlı müqavilələrlə strateji tərəfdaş statusu qazanmaları bölgədə yeni reallıqlar yaradır. Türkdilli dövlətlərin birliyi təhdidlərin qarşısının alınması, bu təhlükələrə qarşı birgə mübarizənin aparılması baxımından kifayət qədər önəmli məsələdir. Şübhəsiz ki, Türkiyənin və türkdilli ölkələrin birliyi nə qədər güclənərsə, bu, dünyada onlara qarşı yönələn təhlükələrin də azalmasına gətirib çıxaracaq. Qəbul edilən bəyannamələrdə ərazi bütövlüyü, iqtisadi, siyasi, hərbi, mədəni və digər istiqamətlərdə əməkdaşlıq məsələləri xüsusi yer tutur.

Türkiyə uzun illər hərbi gücü, Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı baxımından NATO dövlətləri arasında ikinci yerdə qərarlaşması ilə fərqlənib. Bu gün isə qardaş ölkə təkcə hərbi gücünə görə deyil, həm də iqtisadi nailiyyətlərinə, siyasi çəkisinə, qlobal proseslərdə oynadığı rola görə diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətlərindən biri də budur ki, Türkiyənin hərbi sistemini modernləşdirərək onu ölkənin siyasi maraqlarının təminatçısına çevirməyi bacarıb. Türkiyə son illər ərzində həm siyasi, həm də iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək "Böyük İyirmilik" (G20) sırasında mühüm yer tutub, dünyada söz sahibi olan əsas dövlətlərdən birinə çevrilib. Dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin isə 75 faizini təmsil etməklə dünya düzəninə istiqamət verən "Böyük İyirmilik"də yer alması Türkiyənin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə həm də yüksək texnologiyalar ölkəsinə çevrilir. Türkiyə bu gün yüksək texnologiyaların təkcə tətbiq edildiyi deyil, həm də istehsal olunduğu ölkədir. Ən yeni texnologiyalar əsasında PUA-ların istehsal olunması Türkiyənin hərbi qüdrətini artırmaqla yanaşı, onun yüksək texnologiyalara əsaslanan sənaye ölkəsi olduğunu göstərir. Bu günlərdə isə Türkiyə bütün dünyada reaksiya doğuran daha bir ilkə imza atdı. Qardaş ölkə dünyada ilk dəfə olaraq PUA daşıyan gəmini - "TCG Anadolu"nu istismara verdi. Türkiyə həm də elektromobil istehsalçısı olan dövlətlər sırasında öz yerini tutub. Beynəlxalq ekspertlər "Togg"un istehsalını Türkiyənin 60 illik xəyallarının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu, "Bayraktar" PUA-larından sonra Türkiyəni dünyada modern texnologiyalar istehsalçısı qismində tanıdan ikinci möhtəşəm nailiyyətdir. Bu, eyni zamanda, qardaş ölkədə son illər müdafiə sənayesi ilə yanaşı, mülki sənaye sahələrinin də inkişaf etdirildiyini təsdiqləyir.

İstifadəyə verildikdən sonra Türkiyənin ilk nüvə stansiyası olacaq "Akkuyu" AES layihəsinin reallaşması ölkənin nüvə enerjisi sahəsindəki gücünü xeyli artıracaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da layihənin əhəmiyyətinə toxunub, AES-in ölkə iqtisadiyyatında və enerji təhlükəsizliyi sahəsində verəcəyi töhfəni yüksək qiymətləndirib. Qeyd etmək lazımdır ki, "Akkuyu" stansiyasının ilk reaktorunun işə düşməsi bütün dünyaya səs salacaq. Bütövlükdə Türkiyə hakimiyyəti "Akkuyu" AES-dən əlavə daha iki atom elektrik stansiyası tikmək niyyətindədir. "Akkuyu" Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. O ki qaldı Ankaranın nüvə dövlətinə çevriləcəyi barədə ittihamlara - rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyənin iqtisadi müstəqilliyi və ölkənin rifahının yüksəlməsi tərəfdarı olan hər kəs nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni dəstəkləməlidir. Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimində Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə iştirak ediblər. "Türkiyə Akkuyu Atom Elektrik Stansiyası nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olacaq". Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-in açılışında videokonfrans vasitəsilə çıxışında bildirib. Vurğulayıb ki, "Akkuyu"nun işə salınması Türkiyəyə təbii qaz idxalını illik 1,5 milyard dollara qədər azaltmağa imkan yaradacaq.

Türkiyənin son illərdəki inkişafı, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə qazandığı uğurlar qardaş ölkəni regional və qlobal gücə çevirib. Ümumiyyətlə, son 20 ilin xronologiyasına nəzər salanda, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin indiki mövqeyə çatması üçün bir çox istiqamətlərdə atdığı inqilabi xarakterli addımlar göz önünə gəlir. Əlbəttə ki, hazırkı mövqeyə çatmaq asan olmayıb, amma qardaş ölkə bunu bacarıb. Türkiyənin müdafiə sənayesi və texnologiyalar sahəsində əldə etdiyi uğurlar, bütün dünyada cərəyan edən böhrana baxmayaraq, iqtisadiyyatının artması qardaş ölkənin gücünün, aparılan siyasətin nəticəsidir. Türkiyənin güclənməsi isə təbii ki, həm də türk dünyasının güclənməsi, birliyinin möhkəmlənməsi deməkdir.

Bu gün Türkiyənin güclənməsi bütün türk dünyası üçün mühüm prioritetlər formalaşdırır. Mərkəzi Asiya dövlətlərində də Türk Dövlətləri Təşkilatı çərçivəsində geniş inteqrasiya meyilləri müşahidə olunmaqdadır. Türkiyə Türk dünyası ilə əlaqələrini daha da gücləndirir. Əvvəllər Azərbaycan-Türkiyə münasibətləri daha çox diqqəti çəkirdisə, hazırda Türk dövlətləri arasında yeni əməkdaşlıq platforması qurulmaqdadır. Artıq Türk dövlətləri dərin və liberal ticari əlaqələrə malik olmaq və birgə layihələri reallaşdırmaq istiqamətində faydalı əməkdaşlıq nümayiş etdirirlər. Bu isə qardaş dövlətlərin daha da yaxınlaşmasına şərait yaradır. Dünyada formalaşdırılan yeni düzən kontekstində regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır.

Türk dövlətlərinin birgə səylərinin istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türk Dövlətləri Təşkilatı özünü tanınmış beynəlxalq struktur kimi təsdiqləyib. Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir. Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər sıx inteqrasiya və əməkdaşlıq arzusunda həmrəydir. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitinin yekunları üzrə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Türkiyə Prezidenti deyib ki, Türk Dünyasının Ali Ordeni türkdilli dövlətlərlə əlaqələri gücləndirmək, xalqlarımızı birləşdirmək, Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunu artırmaq məsələsində mənim üzərimə böyük məsuliyyət qoyur.

Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır, daha böyük coğrafiyanı əhatə edir. Vaxtaşırı olaraq Türk Dövlətləri başçılarının görüşləri keçirilir. Belə görüşlərdən biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü olubdur. Zirvə toplantısında türk dövlət başçılarının hər birinin çıxışı onu sübut etdi ki, qardaş xalqlar hər zaman bir-birini dəstəkləməyə hazırdır. Bir sıra məqamlarla yaddaqalan toplantıda Türk Dünyasının gələcəyi üçün mühüm olan məsələlər müzakirə olundu. Bəzi mövzularda olduqca vacib qərarlar qəbul edildi. Qeyd etmək lazımdır ki, Zirvə görüşündən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının da iclası baş tutdu. Liderlərin toplantısının ön hazırlıq mərhələsi xarakteri daşıyan XİN başçılarının sammiti də əlamətdar hadisələrlə müşayiət olundu. Toplantının məhz Ankarada keçirilməsinin təşəbbüskarı kimi Azərbaycan tərəfinin çıxış etməsi xüsusi vurğulandı. Bu, hər şeydən əvvəl, təbii fəlakətdən əziyyət çəkən qardaş türk xalqı ilə həmrəyliyin, zəlzələ bölgəsində göstərilən axtarış-xilasetmə və humanitar yardımın davamı olan mənəvi dəstəyin ifadəsi idi. Türk dünyasının birliyini və gücünü təcəssüm etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən bu Zirvə görüşü türk dövlətlərinin qardaşlığının aydın mənzərəsini təqdim etdi. Türkiyədə 6 fevral tarixində baş verən dəhşətli zəlzələ həqiqətən də bütün türk dövlətlərini dərindən sarsıtdı. Elə ilk anlardan, ilk günlərdən başda ölkəmiz olmaqla bütün türk dövlətləri öz qardaşına dəstək üçün faktiki addımlar atdı.

Azərbaycan-Türkiyə birliyi Türk dünyası və ümumilikdə bütün dünya üçün nümunədir. Reallıq budur ki, üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir. Zirvə görüşündə qəbul edilən Bəyannamədə də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları gələcək fəaliyyətlə bağlı əsas prioritetləri təsdiqlədilər.

Türkdilli dövlətlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini dəyərləndirərkən Prezident İlham Əliyev qeyd etmişdir ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Əgər türk dövlətləri birlikdə olsalar, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsələr və bu birlik mütəmadi işlərlə möhkəmləndirilsə bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq. Hazırda Türk Dövlətləri Təşkilatının üzvləri ilə strateji tərəfdaşlıq daha da möhkəmlənməkdədir.

Mustafa KAMAL,

"Respublika".