Azərbaycan ilə Əlcəzair arasında çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan ilə Əlcəzair arasında çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə edilib

Noyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramane ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmində irəli sürülmüş təşəbbüslərin təsisatın yenidən dirçəlməsi istiqamətində mühüm rol oynadığı təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı müqabil tərəf Azərbaycana qarşı hərbi təcavüzün tarixi, postmünaqişə dövründə Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi barədə ölkəmizin baxışı barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.