YALAN VƏ MANİPULYASİYALAR GİROVLUĞUNDA
Digər xəbərlər

YALAN VƏ MANİPULYASİYALAR GİROVLUĞUNDA

Ermənistanın baş naziri Nikol Paşinyan seçiləndən bəri daim öz populizminə sadiq qalaraq təxribat xarakterli bəyanatlar verməkdən yorulmur. Eyni zamanda o, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının yanlış şərhindən belə çəkinmir. Yeri gəlmişkən, sənədin imzalanmasından iki ildən çox vaxt keçsə də Ermənistan tərəfi hələ də onun müddəalarını yerinə yetirməkdən yayınır.

Azərbaycan Prezidenti İlham Əliyev bunu dönə-dönə və aydın şəkildə qeyd edir. Məsələn, Azərbaycan rəhbərinin ən sərt və qəti bəyanatlarından biri noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Şübhə yoxdur ki, Prezidentin qətiyyətli sözləri İrəvanda da eşidilib. Lakin Paşinyan və komandası dövlət başçımızın dediklərindən hələ də dərs götürə bilmir.

Belə ki, o və ətrafı daim Azərbaycanın guya "erməni soyqırımı" hazırladığını proqnozlaşdırır. Ümumiyyətlə, təkcə Paşinyan deyil, bütün erməni ideoloqları bu termindən tez-tez istifadə edirlər. Eyni zamanda, o, vaxtaşırı Qarabağda erməni silahlı qüvvələrinin olmaması barədə yalanlar danışır, onları yerli "müdafiə ordusu" kimi səciyyələndirir. Paşinyan üçtərəfli Bəyanatın 4-cü bəndinin manipulyasiyasına da yol verir və Rusiya sülhməramlılarının "Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana qədər" Qarabağda qeyri-müəyyən müddətə yerləşdirilməsinə dair əminliyini ifadə etməkdən çəkinmir. O, bir vaxtlar Bakını "Qarabağ nümayəndələri ilə dialoqa başlamaq üçün" addımların olmamasında ittiham etməkdən də yorulmurdu. Nikol bir ara Qarabağ ətrafında və Ermənistanla Azərbaycan sərhədində hərbsizləşdirilmiş zona yaratmaq üçün virtual xəyallarını da səsləndirirdi.

Erməninin yalan və təxribat xarakterli təlqinlərini ifşa etmək çətin deyil. Çünki bu təxribatların müəllifi xüsusi zəkaya malik deyil. Axı ermənisayağı yalanları tirajlamaq, öz cəmiyyətini aldatmaq üçün çox ağıl tələb olunmur. Amma Paşinyan sıradan erməni ideoloqu olsaydı, onun sözlərinə xüsusi diqqət yetirməyə dəyməzdi. Lakin bu gün Paşinyan Ermənistan hökumətinin başçısı kimi çıxış edir. Və bu, artıq fərqli bir statusdur.

Onun bütün yalanları sistemli deyil, fikirlərin təqdimatı digər çıxışlardan fərqlənmir. Eyni zamanda, onun yalanları və manipulyasiyaları həm ikitərəfli formatda, həm də vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə, aparılan danışıqlarda Ermənistanın mövqeyini tam şəkildə ortaya qoyur. Hələlik o, səlahiyyətli nümayəndə ilə bir qrup Qarabağ ermənisi arasında görüşü ilə bağlı xüsusi heç nə deməyib. Ona görə də qeyd etmək lazımdır ki, Paşinyan sussa yaxşı olar, çünki belə olan halda bu şəxs daha uğurlu görünə bilər. Paşinyanın hər çıxışı çoxsaylı açıq yalanlar və manipulyasiyalar ilə seçilir və xarici siyasətdə, xüsusən də Azərbaycanla münasibətlərdə bunu davam etdirir.

Ən açıq-aydın yalan isə guya Qarabağda Ermənistan silahlı qüvvələrinin olmamasıdır. Ermənilər bunu 44 günlük müharibədən əvvəl də daim deyirdilər. Bundan sonra o, Ermənistanın bu müharibədə iştirakını etiraf edən bəyanat imzalayıb.

Daha sonra 2021-ci ilin oktyabrında Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağdakı erməni hərbçilərə baş çəkib. Və 2022-ci ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi etiraf etdi ki, onlar Qarabağdan sonuncu çağırışçıları da çıxarıblar. Bu isə o deməkdir ki, həmin çağırışçılar orada idilər.

Yəni bütün bunlar Paşinyanın yalanlarını göstərir. Və çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu ağ yalanlara o zaman da reaksiya vermirdi, bu gün də vermir.

Nikol özünün dar düşüncəsi ilə başa düşmür ki, Azərbaycan Qarabağda növbəti antiterror əməliyyatı keçirsə, bütün dünya orada olan erməni əsgərlərinin tabutlarının hara göndəriləcəyini görəcək.

Bir vaxtlar Paşinyan demişdi ki, "Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə yerləşdirilib". Bu kontekstdə o, faktiki olaraq Ermənistanın üçtərəfli Bəyanatın müvafiq bəndinə transformasiyaya uğramış öz anormal baxışını açıqlamış oldu. Ermənilər bunu elə başa düşürlər ki, sülhməramlılar Qarabağda sonsuz qalacaq. Amma bu, erməni tərəfinin istəyi ilə deyil, üçtərəfli Bəyanatın müvafiq müddəaları ilə tənzimlənir.

Xatırladaq ki, Bəyanatın mətnində deyilir ki, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam verilməsinə 6 ay qalmış onun bitməsinə dair niyyətini bəyan etmədikdə, sülhməramlıların qalma müddəti növbəti 5 illik dövr üçün avtomatik uzadılır.

Daha sonra Paşinyan yuxarıda qeyd etdiyimiz fikrə daban-dabana zidd olan belə bir ideya səsləndirmişdi ki, Qarabağ bölgəsində beynəlxalq müşahidəçilərə ehtiyac var. Təbii ki, bütün bunlar məntiqsizdir və təkcə real vəziyyətə deyil, həm də beynəlxalq hüququn elementar normalarına ziddir. Axı öz ərazisində kimin olmasını seçmək hüququ yalnız Azərbaycana məxsusdur.

Bundan əlavə, indi Paşinyan yaxşı başa düşür ki, rəsmi Bakının Laçında yoxlama-keçid məntəqələri ilə bağlı tələbləri onun bir çox planlarını puç edir. Və proseslərin göstərdiyi kimi, Laçın dəhlizinə giriş-çıxışa nəzarətin yaradılması artıq Azərbaycan üçün zərurətə çevrilib. Bu, heç bir halda Paşinyanın və erməni ideoloqlarının xəstə təxəyyülünün təsəvvür etdiyi kimi dəhlizin bağlanması demək deyil. Təxminən üç aya yaxındır ki, onlar azərbaycanlı ekofəalların dinc aksiyasını etnik ermənilərin yaşadığı ərazinin "blokadası" kimi təqdim etməyə çalışırlar. Bununla da, erməni yalanlarının hüdudsuz olduğunu bir daha göstərirlər.

Bütün mütərəqqi dünya, beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşır və bu dəhlizin humanitar funksiyası davam edəcək. Amma yoxlama-keçid məntəqəsinin yaradılması şərti ilə. Və bundan sonra həmin əraziyə Ermənistanın silah, mina və hərbi qulluqçularının daşınmasına birdəfəlik son qoyulacaq.

Odur ki, beynəlxalq təşkilatlar Azərbaycanı eşitməli, dövlətimizin mövqeyini dəstəkləməlidir. Paşinyan özü də yaxşı bilir ki, dünya və beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın mövqeyi ilə barışmağa məcburdur.

Artıq qeyd etdiyimiz kimi, Qarabağın erməni əhalisi ilə qarşılıqlı əlaqə formatını rəsmi Bakı özü müəyyən edir. Və onlarla bir neçə gün bundan əvvəl baş tutmuş görüş bunu əyani surətdə təsdiqləyir. Paşinyanın "Dağlıq Qarabağın liderləri" adlandırdığı ünsürlərlə "dialoq"la bağlı əvvəlki açıqlamalarına gəlincə isə, təbii ki, bu mümkün deyil, Azərbaycan bunları heç bir şəkildə tanımır və tanımayacaq.

Bu, Paşinyanın Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd etməsinin daha bir nümunəsidir və son dərəcə qeyri-konstruktiv, olduqca dağıdıcı bir mövqedir. Ermənistanın baş naziri Azərbaycanın Qarabağda kiminlə əlaqə saxlamalı olduğuna qərar verə bilməz.

Qondarma "Qarabağ ermənilərinin liderliyi"nin subyektivliyini artırmaq istəyi Paşinyanın Ermənistan-Azərbaycan gündəmindəki həmin mövzudan qurtulmaq arzusundan xəbər verir. Bir növ qarşılıqlı təsir mexanizminə nail olduğunu göstərmək və sülh müqaviləsini imzalamaq üçün. Azərbaycan isə Bakının Qarabağ erməniləri ilə münasibətləri qeyd edilmədən Ermənistanla sülh müqaviləsi imzalamaqda israrlıdır. Bu, çox vacib məqamdır və Paşinyanın buradakı manipulyasiyaları da onun bu məsələ ilə bağlı anormal istək və arzularını, pozuculuq niyyətlərini ortaya qoyur.

Çünki Paşinyanın mövqeyi hələ də konstruktivizmdən uzaqdır və danışıqlar prosesinin ümumi gedişatına mənfi təsir göstərir. Eyni zamanda, onun hələ də yeni reallıqları qəbul etməkdə, bununla barışmaqda ermənisayağı bir itaətsizliyi görünür.

Emin QASIMOV,

"Respublika".