İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Avropa Kubokunda iştirak edəcək gimnastlarımız məlumdur

Bakıda ilk dəfə keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib. Fərdi proqramda İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda ölkəmizi təmsil edəcək. Turnirdə 34 ölkədən idmançıların iştirakı gözlənilir. Mayın 3-5-dək keçiriləcək turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.

"Paris-2024"ə lisenziya

Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü uğur əldə edib. Diana Dımçenko "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub. (07:40.67/07:40.67)  Bu nəticə ilə avarçəkənimiz A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Bununla da Diana Dımçenko lisenziyanı təmin edib. Yığma üzvü A finalında 2-ci olub.

Minifutbol turnirində növbəti oyunlar keçirilib

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. İlk gündə "Günəşli" və "Şağan" komandaları üz-üzə gəlib. Görüş "Günəşli" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti matçda "Qaraçuxur" "Mərdəkan" komandasına 2:5 hesabı ilə uduzub. Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti matçları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan qarşılaşma 1:0 "Biləcəri" komandasının qalibiyyəti ilə başa çatıb. "Sabunçu" isə "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub. Qalib komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

Nərgiz İSMAYILOVA,

"Respublika".