Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası jurnalistlər üçün brifinq keçirib
Sosial həyat

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası jurnalistlər üçün brifinq keçirib

I Qarabağ müharibəsində itkin düşmüş, 2024-cü ildə şəxsiyyəti müəyyənləşdirilmiş 73 nəfərin adı açıqlanıb

Aprelin 30-da Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası jurnalistlər üçün brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, itkin düşmüş şəxslərin yaxınlarının da iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşənlərin, eyni zamanda, Laçında kəskin hava şəraitində itkin düşmüş iki əsgərin axtarışlarının davam etdiyini bildirib. O bildirib ki, sonuncu itkinin taleyi məlum olana qədər proses davam edəcək.

Eldar Səmədov xatırladıb ki, Dövlət Komissiyası 1992-ci ildən fəaliyyət göstərir. Dövlət Komissiyasının fəaliyyəti dövründə itkin düşmüş şəxslərin siyahısı dəqiqləşdirilib, itkin ailələri ilə çox ciddi iş aparılıb. İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb.

Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri Orxan Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlarda azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb. Onlardan 55 nəfərinin şəxsiyyəti eyniləşdirilib.

Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru, birinci dərəcəli hüquqşünas Selcan Familzadənin sözlərinə görə, respublikanın 13 şəhər və rayonunda yerləşən 21 qəbiristanlıqda birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib.

"Aprelin 27-dək ümumilikdə azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb", - deyə S.Familzadə qeyd edib.

Brifinqdə I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb.