Qardaş hədiyyəsi, dost köməyi
Digər xəbərlər

Qardaş hədiyyəsi, dost köməyi

Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minalar təmizlənilir və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış-xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılır. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri sahələri əhatə edir. Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb, bir çox infrastruktur layihələr icra olunur, yaşayış məhəllələri salınır, iş yerləri yaradılır.

Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin gedişi barədə bildirib ki, azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Dövlət başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və dövlət şirkətləri tərəfindən reallaşdırılır.

Hazırda Füzulidə inşa olunan iki təhsil ocağının tikintisi hansı mərhələdədir. Dövlət başçısının söylədiyi hər iki təhsil ocağı işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilir. Bunlardan biri Qazaxıstan Respublikası tərəfindən inşa olunan Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi, digəri isə qardaş Özbəkistan hökumətinin hədiyyə etdiyi 960 yerlik məktəbdir. Artıq hər iki məktəb binasının tikintisi başa çatdırılır. Bu il martın 7-də təməli qoyulmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi "Bİ-Group" şirkəti tərəfindən həyata keçirilir. Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar ərazidə inşa olunur. Tikili sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagird təhsil alacaq. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili nəzərdə tutulub. İncəsənət məktəbinin layihəsi üzrə tikinti işlərinə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrup nəzarət edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə bu ölkənin dövlət büdcəsindən ayrılmış vəsait hesabına Füzuli şəhərində tikilən 960 şagird yerlik məktəb binasının isə inşasına ötən ilin payızından başlanıb. Üç hektar ərazidə inşa edilən məktəb kompleksi zirzəmisi olan ikimərtəbəli binadan ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və tədbirlər üçün yerlər, qaçış zolaqları, qazanxana, kiçik su anbarı, transformator yarımstansiyası inşa edilir. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Bina cari ilin avqust ayında istifadəyə veriləcək. Həm Qazaxıstan, həm də Özbəkistan liderləri Azərbaycanın işğaldan azad olunmuş rayonlarının birində məktəb tikmək niyyətini hələ 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bəyan ediblər. Prezident İlham Əliyev isə hər iki dost və qardaş ölkənin rəhbərinə işğaldan azad edilmiş bölgədə təhsil ocağı inşa etmək təşəbbüsünü xalqlarımız arasında həmrəyliyin, dostluğun və qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 16 noyabr 2022-ci ildə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda məktəblərin tikintisi xüsusi yer tutur. 2026-cı ilə kimi Şuşada 7, Ağdamda 29, Füzulidə 23, Zəngilanda 21, Kəlbəcərdə 30, Laçında 21, Qubadlıda 16, Cəbrayılda 25, Xocavənddə 20, Tərtərdə (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək. Qardaş hədiyyəsi, dost köməyi heç zaman unudulmur.

Arazqırağı yurd yerlərimizə yeni bir həyat qayıdır. İşğaldan azad edilən rayonlarda, o cümlədən Füzulidə tikinti, bərpa və yenidənqurma işləri sürətlə, həm də keyfiyyətlə davam etdirilir. Füzulililər yenidən qurmaq və yaratmaq eşqi ilə doğma torpaqlarına qayıdacaqları günləri sayırlar.

Salman ALIOĞLU,

"Respublika".