Beynəlxalq hüququn ikili standartları
Digər xəbərlər

Beynəlxalq hüququn ikili standartları

"Kimin gücü var, o, müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Yəni beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyəsə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır", - Prezident İlham Əliyev bu fikirləri hələ 2015-ci ildə Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxış edərkən səsləndirmişdir. Gündən-günə güclənən Azərbaycan ordu quruculuğu iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət sayəsində Vətən müharibəsində qələbə qazanaraq işğal altındakı torpaqlarını geri qaytardı. Hərbi qüdrətimizin gücünə ədaləti bərpa etməyimiz isə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan və 30 il ərzində kağız üzərində qalan qətnamələrin əhəmiyyətsizliyini göstərdi.

44 günlük müharibə başlayan dövrdə çıxış edən bəzi liderlər, beynəlxalq qurumların nümayəndələri rəsmi Bakını müharibəyə son qoymağa çağırdı, bunun müəyyən nəticələri olacağı barədə xəbərdarlıq edənlər də oldu. Özlərini erməni xalqının vəkili kimi aparanların 30 ildə yurdlarından ayrı düşən 1 milyondan çox azərbaycanlının taleyi ilə maraqlanmadığı məlumdur. Bu isə onu göstərir ki, beynəlxalq hüquq işləmir, işləsə belə onun prinsipləri selektiv formada icra olunur. Belə ki, Birinci Qarabağ müharibəsində zorakılığa məruz qalan uşaq və qadınların, hüquqları tapdalanan bütöv bir xalqın hüququnun bərpa olunması üçün heç bir addım atılmamasına başqa məna vermək mümkün deyil. Vətən müharibəsindən sonra da beynəlxalq ədalət tərəzisi xeyrimizə işləmədi. Beynəlxalq hüquq təşkilatları mənfur ermənilərin əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı viran qoymalarına, tarixi abidələrimizi, milli-mədəni irsimizi məhv etmələrinə, sərhədboyu ərazilərdə tez-tez törədilən təxribatlara səssiz qaldılar. Verdikləri bəyanatlarda zorakılığı qınasalar da, heç kim Bərdəyə, Gəncəyə, Mingəçevirə atılan raketlərin hesabını sormadı. Müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak oldu. Lakin nə bu fakta, nə də Ermənistanın müharibədən sonra da torpaqlarımıza minalar yerləşdirməsinə ədalət məhkəmələrindən ciddi reaksiya verilmədi. Hətta, Kəlbəcərdə minaya düşərək həyatını itirən jurnalist Məhərrəm İbrahimov və operator Sirac Abışovun məsələsində də Beynəlxalq Jurnalistlər Şurası, eləcə də mətbuat sahəsində çalışanların hüquqlarını qoruyan digər təşkilatlar səs çıxarmadılar. Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilsə də, bunun da effektiv nəticəsi olmadı. Haaqa Məhkəməsi Ermənistanın irqi düşmənçiliyi qızışdırması və təbliğ etməsi səbəbindən azərbaycanlılara dəyən zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb etsə də, qərarın icrası ilə maraqlanmadı.

Bir sözlə, Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Şurasının İnsan Hüquqları Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar Azərbaycan xalqının hüququnu bərpa olunması məsələsində uğurlu nəticələr əldə edə bilmədi.

Məlum məsələdir ki, dünyada supergüclərin marağına zidd hallar baş verdikdə kəskin qərarlar qəbul olunur və qısa zamanda əks-tədbirlərə başlanılır. Amma böyük güc sahibi olmayan ölkələrin haqları tapdalanan zaman məsələnin həlli uzadılır. Beynəlxalq hüququ idarə edən iri dövlətlər özləri buna əməl etmir. Bu isə BMT-nin funksionallığının itirilməsi deməkdir. Görünən budur ki, dünyanın bütün ölkələrində hüquq prinsiplərinin eyni qaydada tənzimlənməsi üçün beynəlxalq hüquq təşkilatlarında köklü dəyişikliyə ehtiyac var. Bunun nə dərəcədə reallaşacağı isə bir qədər sual altındadır. Çünki hazırda qlobal hüququ oyuncağa çevirən hegemon dövlətlər bundan öz xeyirlərinə kifayət qədər istifadə edirlər.

Jalə QASIMZADƏ,

"Respublika".