Yeni informasiya inqilabının astanasında
Sosial həyat

Yeni informasiya inqilabının astanasında

Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Bu gün elm, texnologiya və innovasiya sahələrində əsl inqilabın astanasındayıq. Süni zəka hazırda həyatımıza böyük təsir göstərir. O, bütün sahələrdə innovasiya tempini sürətləndirir və ən mürəkkəb problemlərin həllinə yardım edir. İKT-nin inkişafı bütün sahələrdə yeni inqilabla müşayiət olunur... Bu fikirlər "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda səsləndirilib.

İnformasiya-kommunikasiya texnologiyaları insan potensialının inkişafı və iqtisadi yüksəliş üçün unikal imkanlar yaradır. İnformasiya cəmiyyəti termini isə 1994-cü ildə Avropada məşhur T.Banqemanın məruzəsində gündəmə gətirilib.

Bəşəriyyəti informasiya cəmiyyətinə aparan yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilabları dayanır. Araşdırmalara görə, I informasiya inqilabı insanlar arasında nitqin əmələ gəlməsi və inkişafı ilə baş verib. II informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının meydana gəlməsi ilə əlaqələndirilir. III informasiya inqilabı XV əsrin sonuna təsadüf edir. 1497-ci ildə alman alimi Qurterberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. IV informasiya inqilabının əsasını elektrikin kəşfi nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəlməsi təşkil edir. Bununla da radio və TV də kəşf olundu, müxtəlif formalı informasiyaların çox qısa zamanda uzaq məsafəyə ötürülməsi problemi həllini tapdı. V informasiya inqilabı kompüterləri bir-birilə əlaqələndirən şəbəkənin, 1969-cu ildə ARPANET-in işə salınması, fərdi kompüterlərin  yaradılmasına səbəb olan, onların özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi və istehsalı ilə bağlıdır.

Dünya təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək həyatın bütün sahələrini əhatə edir.

Azərbaycanda rabitə, elektron avadanlıqları, informasiya texnologiyaları sektorunun inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-1980-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alim və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin köməyi ilə respublikaya ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. "AZON", "NORD" elmi-istehsalat birlikləri, Radiozavod, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Tədricən bölgələrdə də elektron və cihazqayırma zavodları işə salındı.

Bu gün Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə davam etdirilir. 2003-cü il fevral ayının 17-də ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan oldu. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə göstərdiyi diqqəti cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə daxili və xarici siyasətə yeni çalarlar gətirilib. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Yeni texnologiyaların tətbiqi və xidmətlərin göstərilməsi nəticəsində rabitə və informasiya xidmətlərinin tərkibinin genişlənməsi və keyfiyyətinin yüksəlməsinə nail olunub. Bu gün ölkəmizin istənilən yaşayış məntəqəsində, hətta 2-3 evi olan kəndlərdə də vətəndaşların stasionar telefon xidmətinə çıxış imkanı vardır. Cənubi Qafqaz və Mərkəzi Asiyada Konveyer üsulu ilə kompüter istehsal edən ilk zavod - "KÜR" Mingəçevir şəhərində istifadəyə verilib.

İKT sektorunda son illərdə gedən proseslərə uyğun olaraq internet xidmətləri də dinamik inkişaf edir. Dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq müvafiq Dövlət Proqramı hazırlanıb.

Təbii ki, İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da əsas şərtdir. Bu prosesə daha da təkan vermək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin təmsilçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılıb.

Ölkəmiz, eyni zamanda bu sahədə bir sıra qlobal layihələrin əsas iştirakçı tərəfi kimi çıxış edir. Bu layihələrdən biri Şərq-Qərb Super İnformasiya magistralı layihəsi dünyanın iki güclü informasiya şəbəkəsini - Qərbi Avropa və Sakit okean hövzəsinin inkişaf etmiş ölkələrini birləşdirən və Şərqi Avropa ölkələri, MDB, Türkiyə, İran, Mərkəzi Asiya ölkələrini, o cümlədən Əfqanıstan və Pakistanı əhatə etməklə, Çin və Hindistana çıxmaqla bu böyük regionda dünyanın yeni bir transmilli nəhəng informasiya şəbəkəsinin yaradılmasını təmin edəcəkdir.

Azərbaycanın telekommunikasiya süni peykləri orbitə çıxarılıb. Ölkəmizdə İKT-nin belə geniş yayılması mütərəqqi haldır. Bir sözlə, Azərbaycan gələcəyə informasiya asılılığında gedən ölkələr sırasında deyil...

Zümrüd QURBANQIZI,

"Respublika".