Müstəqil və müasir Azərbaycanın qurucusu
Siyasət

Müstəqil və müasir Azərbaycanın qurucusu

Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən, yeni reallıqlar fonunda ölkəmizin sözünün imzası qədər dəyərli olmasından, söz sahibliyindən böyük qürur hissilə bəhs edirik. Hər bir uğur böyük səyin, qətiyyətin, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlilinə daim böyük zərurət duyulur. Bu gün hər bir azərbaycanlının fəxr edə biləcəyi, qürurla öyünəcəyi, miqyası ölçüyəgəlməz çox uğurlarımız vardır. Onların hamısı Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev tarixdə adı dövlətçiliyin simvoluna çevrilən liderdir. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Ümummilli liderin yaratdığı və qurduğu milli dövlətçilik bizə bəxş etdiyi sərvətdir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsi kimi xarakterizə edilir. Ümummilli liderin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürətlə inkişaf edərək keçmiş İttifaq miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Azərbaycan həmin illərdə Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Dahi şəxsiyyətin ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən böyük inkişaf dövrünü yaşamışdır.

Ümummilli lider o illərdə ilk növbədə milli özünüdərki sovet ideologiya sisteminin buxovlarından azad etdi. Xalqın yaddaşının özünə qaytarılması kimi təməl prinsipləri əsasında milli ruhun yüksəlişini təmin etdi, xalqımızın qəlbində illərdən bəri kök salmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratdı.

Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin əsasının qoyulması oldu. Ulu öndər Azərbaycanı vətəndaş müharibəsi, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətində qeyd edilmişdir ki, yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, siyasi idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da çətinləşdirir. Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, Azərbaycanda "sürətli artım" ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür. Siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan lider yoxdur. İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Hər zaman xalqının yanında olan, Azərbaycanın uğurlu gələcəyi barədə düşünən ümummilli lider Heydər Əliyev isə ziyalıların müraciətinə cavabında xalq, Vətən sevgisini bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmağın yollarını açıqlayan ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Dahi şəxsiyyətin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında ötən yolu təhlil edərək bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc respublikamızın həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı: "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox". Cənab İlham Əliyev böyük inam və qürur hissilə bu mühüm reallığı diqqətə çatdırdı ki, əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə olsa da, faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Öz hüdudlarını qorumaq, beynəlxalq aləmdə öz sözünü demək iqtidarında deyildi. Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz özümüzü gələcək risklərdən sığortalamış olarıq. Gənc nəsil kimə borclu olduğumuzu bilməlidir. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

1993-2003-cü illər həlledici illər oldu. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderin Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində xalq taleyini yenidən öz liderinə etibar etdi.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə ölkədə sabitliyin yaradılması prioritet məsələ idi. Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Atəşkəsin əldə olunması ulu öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü il mayın 8-də danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Ölkədə sabitliyin yaradılması iqtisadi əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın iqtisadi uğurlarından bəhs edərkən ümummilli lider Heydər Əliyevin dünya təcrübəsinə əsasən söylədiyi bu çağırışda qeyd etdiyi kimi heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi" sazişinin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.

Azərbaycanın iqtisadi inkişafı hər sahədə uğurlu addımlara yol açdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı kimi dəyərləndirilən ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi onun yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatla yanaşı, güclü ordu da vacib amillərdən biridir. Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Müstəqillik tariximizdə ordu quruculuğu sahəsində atılan addımların təməli məhz dahi liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində qoyulmuşdur. Həmin dövrdə ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalandı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Ümummilli liderin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyunun Silahlı Qüvvələr Günü kimi təsis edilməsi ordu quruculuğuna göstərdiyi diqqətin, verdiyi önəmin göstəricisidir.

Ulu öndər Heydər Əliyev, eyni zamanda artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atdı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması ilə münaqişənin əsl mahiyyəti faktlar əsasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı, erməni yalanları ifşa olundu.

Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların məntiqi nəticəsi isə tarixi ədalətin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. 2003-cü ildə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 20 ilin uğurları bunun təsdiqidir. Tarixi Qələbəmiz, dövlət başçısı İlham Əliyevin Zəfərin memarı kimi nüfuz qazanması görülən işlərin zirvəsidir. Rəşadətli Ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək 44 gündə torpaqlarımızı işğaldan azad etdi, ötən ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur, bərpa edilir. Soydaşlarımızın torpaq həsrətinə son qoyularaq artıq onların mərhələli şəkildə Böyük Qayıdışı həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla ümummilli liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi.

2023-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "Heydər Əliyev İli" elan edildi. "Heydər Əliyev İli"ndə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan xalqa müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev: "Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik" söyləyərək bu məqamı da xüsusi qeyd etdi ki, mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim: "Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır".

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan uğurla inkişaf edir. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycan tarixinin zəfər səhifələrinin sayı daha da artır. Aprelin 19-da Qazax rayonunun 4 kəndinin geri qaytarılması barədə razılığın əldə olunması növbəti Zəfərimiz oldu. Prezident İlham Əliyevin hər birimizdə qürur hissi yaradan "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" çağırışı hər bir uğurumuzda özünün aydın ifadəsini tapır. Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətə əsaslanan hər bir hədəfə zamanında nail olur.

Heydər Əliyev irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Yaranma tarixi ümummilli liderin doğum günü ilə üst-üstə düşən Heydər Əliyev Fondunun son 20 ildə gördüyü işlərin miqyası olduqca genişdir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr tarixi şəxsiyyətin gələcək nəslə ərməğan olan irsinin, siyasi fəaliyyətinin əbədi yaşamasını təmin etməklə milli-mənəvi dəyərlərimizin təbliğində də misilsiz rola malikdir. Fondun təşkilatçılığı ilə ölkə daxilində və onun hüdudlarından kənarda həyata keçirilən tədbirlər Azərbaycanın dünya miqyasında tanınması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən əhəmiyyətli layihələrdəndir. Tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında, diplomatik uğurlarımızda Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Bu gün yeni dövrə qədəm qoyan ölkəmizin müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsində də Fond fəallıq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, bərpası işində Heydər Əliyev Fondu uğurlu layihələrlə iştirak edir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ümummilli liderin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan daha yüksək zirvələri fəth edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin yaratdığı ideoloji əsaslar Azərbaycanda tam şəkildə bərqərar olunub. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi və ideologiyası, güclü milli-mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması, bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Cənab İlham Əliyev 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində Azərbaycanın davamlı uğurlarına söykənərək belə bir reallığı da diqqətə çatdırır ki, biz bütün işləri ardıcıllıqla edirik. Tarixə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulur, hədəflər düzgün müəyyən edilir, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq: "Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik".

Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı.