Qərbə üz tutan Ermənistan keçmişi unutmağa çalışır
Digər xəbərlər

Qərbə üz tutan Ermənistan keçmişi unutmağa çalışır

Paşinyanın separatçılığı açıq dəstəkləyən son bəyanatı onu göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları, sadəcə Ermənistanın hazırda apardığı irimiqyaslı silahlanma proqramını başa çatdırmaq və Azərbaycanın Qarabağ bölgəsində hərbi mövcudluğunu maksimum gücləndirmək üçün vaxt udmaq məqsədi daşıyırmış. Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər də elə bunu göstərir. Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində yenə də "ağızdolusu" sülh müqaviləsindən danışıb: "Biz Praqada və Brüsseldə razılığa gəldik ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyaraq sülh müqaviləsi imzalamalıdır. Bəzi məsələlərdə irəliləyişlərimiz oldu, sonra ən çətin məsələlərdə fikir ayrılıqları meydana çıxdı. İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu demək çətindir. Ermənistan sülh gündəliyini təbliğ edir. Sülh üçün nə lazımdırsa, etməyə çalışırıq", - deyən Paşinyanın Azərbaycan ərazisindəki separatçılara "təbrik məktubu" onun sözləri ilə əməllərinin bir-birinə uyğun gəlmədiyini göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 2-də qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü ilə əlaqədar "təbriki" Azərbaycana qarşı ərazi iddiasından vaz keçmədiklərinin təsdiqidir. Bu, əslində Paşinyanın siyasi ikiüzlülüyünün göstəricisidir. Baş nazirin bu mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik kimi dəyərləndirilir.

"Paşinyanın Azərbaycan ərazisindəki separatçılara "təbrik məktubu", o cümlədən hökumətin iclasındakı son açıqlamaları göstərir ki, Azərbaycanla şərti sərhədlərdə və Qarabağda hərbi təxribatlarının arxasında elə Ermənistanın özü dayanır. Cəmi 4 ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsinin ardınca indi Paşinyanın yenidən Qarabağa dair Vətən müharibəsinə qədərki ritorikasına qayıtması, ərazi bütövlüyü məsələsində İrəvanın heç vaxt səmimi olmadığını, onların riyakarcasına yenidən təcavüzkar niyyətlər üçün fürsət gözlədiyini göstərir''. Bu fikri açıqlamasında siyasi ekspert Volkan Aydemir vurğulayıb. O deyib ki, Ermənistanın baş naziri unutmamalıdır ki, təxminən 4 il əvvəl "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı onun ölkəsinə necə baha başa gəldi...

Açıq-aydın görünür ki, Ermənistan Qərbə yönəlib. Mümkün olduğu qədər keçmişdən qurtulmağa çalışır. Bunula yanaşı, mövcud vəziyyətdə öz çıxış yolunu axtarır. Bu gün Paşinyan, imkanları daxilində dəyişən dünya düzənində yol axtaran və onu əldə etmək üçün çalışan Ermənistanı təmsil edir. Amma Ermənistan bununla kifayətlənmir. Digər tərəfdən isə əliqanlı qatilləri yetişdirir. Hakimiyyətin əlinin bu qədər qanlı olması bölgəyə hüzur və sülhün gəlməsini əngəlləyir. Daim bölgənin belə qarışıq olmasını istəyən qüvvələr isə daha çoxdur.

Paşinyana qarşı çevriliş olarsa, sülh müqaviləsinin və bölgədə sülhün olma şansı azalar: Deyəsən Ermənistan başına vurulan dəmir yumruqla barışmaq niyyətində deyil. Hakimiyyət çevrilişi birbaşa bölgənin gərginləşməsinə şərait yaradacaq. Bu da illərlə davam edən müharibəyə səbəb ola bilər.

Belə davam edərsə, çox oyunlar yenidən qurulacaq. O cümlədən Qarabağdakı rus sülhməramlıların bölgəni tərk etməsi daxil olmaqla bir çox məsələlər yenidən gündəmə gələcək. Ermənistanda daxili çevrilişin olması Azərbaycan Ermənistan sərhədini mübahisəli əraziyə çevirəcək. Lakin Ermənistan da, havadarları da dərk etməlidir ki, Azərbaycanın İrəvanın subyektiv niyyətini araşdırmağa nə vaxtı, nə də həvəsi var. Heç bir əsas və səbəb Ermənistanın hərbi-siyasi təxribatlarına haqq qazandıra bilməz. Azərbaycana doğru atılan hər bir gülləyə görə İrəvan məsuliyyət daşıyır və cəzasını da alacaq.

Ermənistanın əsas məqsədi imperialist qüvvələrin əsgərlərini sərhəddə yerləşdirməkdir. Dünyaya da cavab olaraq deyəcək ki, öz ölkəmizin hüdudlarını və təhlükəsizliyini ancaq belə qoruya bilərik. Buna da qane olmayan Ermənistan 2-3 ölkə ilə hərbi-siyasi əməkdaşlıq edərək, həmin ölkənin əsgərlərini Azərbaycan-Ermənistan sərhəd bölgəsinə gətirməyə çalışacaq. Bu baş verərsə təəssüflər olsun ki, bölgədə uzun illər xaos, zorakılıq və terror davam edəcək.

Qeyd edək ki, hazırda Ermənistanın Qərbə yönəldiyi açıq-aydın görünür. Öncədən Paşinyan adətən Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazı olanda bunu ancaq öz mediasına deyirdi. İndi isə o, narazılığını Qərb mediasına bildirməyə üstünlük verib. Qərb mediasına müsahibə verən Paşinyan Rusiya əleyhinə fikirlər səsləndirib. Bu da Rusiyanın siyasi arenasında və mediasında ciddi qalmaqala səbəb olub. Baş nazirin müsahibəsindəki ən qalmaqallı fikirlərə diqqət edək - "Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir", "təhlükəsizlik məsələlərində Rusiyadan asılılıq strateji səhv idi" və s. Baş nazir iddia edib ki, Rusiya Laçın yoluna nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Rusiyanı şantaj edən baş nazir "forpost ölkə" imicinə görə hər hansı bir üstünlük əldə edə bilmədiklərini deyib.

Ermənistan dəfələrlə çalışıb ki, Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etsin. Bu cəhd alınmadığından belə bir ittiham ortaya çıxıb. Ermənistan siyasi dairələrində Moskvanın Ermənistanı atması və satdığı ittihamları da elə bundan qaynaqlanır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.