30 illik işğalın ağrılı və ölümsaçan mirası
Siyasət

30 illik işğalın ağrılı və ölümsaçan mirası

Ötən həftə ərzində Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 100 mina və 380 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Aprelin 27-də isə işğaldan azad edilən Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Ona sağ ayağın amputasiyası diaqnozu qoyularaq agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub. Eyni gündə Ağdam rayonunun Mərzili kəndi ərazisində də mina hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Vidadi Vüqar oğlu Hüseynov idarə etdiyi qreyderlə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb və  hadisə nəticəsində sağ əlindən xəsarətlər alıb. Aprelin 29-da isə Qazax rayonu ərazisində mina partlayışı qeydə alınıb. Hadisə Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində baş verib. Nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılov ayağından xəsarət alıb, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Bütün bu faktlar onu göstərir ki, 30 illik işğal dövrünün ən ağrılı mirası olan mina məsələsi postmünaqişə dövründə də  təhlükə saçmağa davam edir. Doğrudur, insanların öz torpağında əmin-amanlıq şəraitində və təhlükəsiz mühitdə yaşaması üçün dövlət hər şeyi edir. Hazırda minaların tapılaraq zərərsizləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və digər müvafiq strukturlar intensiv fəaliyyət göstərir. Bununla belə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır. İlkin qiymətləndirmələrə görə,  işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Bu, ilk növbədə beynəlxalq humanitar hüququn pozulmasıdır. Əslində, mina problemi bütün dünyada qlobal təhlükə sayılır, hətta "ölüm tələsi" də adlandırılır. Çünki Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, təkcə son bir ildə planetdə 7 minə yaxın insan mina partlayışından həlak olub və ya yaralanıb.

Ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra da sülhdə vasitəçilik iddiasında olan tərəflər minalanmış ərazilərin xəritəsinin Bakıya verilməsini rəsmi İrəvandan tələb etmirlər. Halbuki Ermənistan bu fəaliyyəti ilə beynəlxalq hüquqa hörmət etmədiyini açıq-aşkar göstərir. Bu ölkə "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, eləcə də "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarına da Paşinyan hökuməti tərəfindən əməl edilmir. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə olunmaması barədə öhdəlik götürürlər. Amma Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalaması və hələ də müvafiq xəritələri verməkdən boyun qaçırması onun terrorçu xislətindən xəbər verir. Ümumilikdə, Ermənistanın uzun illər davam edən mina terroru onu deməyə əsas verir ki, qarşı tərəf Qarabağın nə vaxtsa işğaldan azad olunacağını bilirdi. Rəsmi İrəvan başa düşürdü ki, Qarabağ Ermənistan ərazisi deyil. Elə buna görə də həmin əraziləri rahatlıqla minalayırdı.

Mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma yurdlarına qayıdış prosesini ləngidir, onların sağlamlığına ciddi təhdid yaradır. Bu gün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi rəsmi Bakının əsas hədəflərindəndir. Azərbaycan bu məqsədlə bütün imkanlarını səfərbər edir. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr də işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir. Amma görülən tədbirlər istənilən effekti vermir. Çünki illər ərzində minalar o qədər geniş areala basdırılıb və ya "səpilib" ki, onları aşkarlamaq xeyli zaman alır.  Bu səbəbdən də qarşı tərəfin minalanmış ərazilərin dəqiq xəritəsini verməsi zəruridir. Hazırda ölkəmiz topoqrafik məlumatların ötürülməsi üçün Ermənistanla təmasları davam etdirir. Çünki faktiki olaraq rəsmi İrəvan mina məsələsindən "siyasi alver", sülh danışıqlarında əlavə dividendlər qazanmaq üçün vasitə kimi istifadə edir. Bu da mina probleminin tezliklə aradan qaldırılmasına lazımi xarici dəstəyin göstərilməsini zəruri edir. Bu, humanitar həmrəyliyin atributu kimi sülh və əmin-amanlığa xidmət edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".