Xatirələrdə yaşayan tanınmış alim
Sosial həyat

Xatirələrdə yaşayan tanınmış alim

Kimliyindən, həyatdakı  mövqeyindən asılı olmayaraq, sadəlik, mehribanlıq, təvazökarlıq  uca Tanrının bəndəsinə bəxş etdiyi mənəvi zənginlikdir. Daxili zənginlik isə  insanı ucaldır, təkcə yaxınlarının, doğmalarının deyil,  onu tanıyan hər kəsin sevimlisinə çevirir.  Kim deyir ki, insanı tanımaq çətindir. Əsla belə deyil, elə insanlar var ki, onları bir dəfə görməklə tanıyır, onun böyüklüyünə, alicənablığına, sözün əsl mənasında, insanlığına heyrət edirsən. Yaradanın digərlərindən fərqləndirdiyi belə insanlar isə hələ sağlığında özlərinə əbədiyyət qazanırlar. Kimya elmləri doktoru,  professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, akademik Rəfiqə Əliyeva da elm fədaisi olmaqla bərabər, həm də xeyirxah,  humanist qəlbli insan, əsl Azərbaycan qadını kimi xatirələrdə  yaşayır.

Səmərəli elmi fəaliyyəti ilə respublikamızda kimya elminin inkişafına mühüm  töhfələr vermiş tanınmış alim, böyük pedaqoq  Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil  almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləmişdir. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və  professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısı, 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan  görkəmli alim ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq yarım əsrdən çox pedaqoji fəaliyyətlə məşğul olmuş, kimya elmi sahəsində yüksəkixtisaslı kadrlar yetişdirmişdir.

Ekoloji kimya və analitik kimya sahəsində aparılan elmi-tədqiqat işlərinə rəhbərlik edən Rəfiqə Əliyevanın tədqiqatlarını inkişaf etdirmək üçün 2001-ci ildə Bakı Dövlət Universitetində yaratdığı "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" adlı elmi-tədqiqat laboratoriyası  ölkədə ən qabaqcıl elm mərkəzlərindən idi. Laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlanmış  və bu metodlar neftin çıxarılması zamanı ətraf mühitə axıdılan tullantı suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması işində tətbiq olunmuşdur. Tədqiqat nəticəsində, həmçinin tullantıların ətraf mühitə təsiri də müəyyən edilmişdir. Analitik kimya sahəsində elmi işləri  xüsusi əhəmiyyət kəsb edən görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələrindən neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyin olunmasında istifadə edilmişdir.

Akademikin həmmüəllifliyi ilə neft sənayesinin laboratoriyaları üçün nəşr olunan  iki hissədən ibarət "Neft-kimya sənayesində istifadə olunan kimyəvi analiz metodları" adlı kitablarda neft-kimya sənayesində istehsal prosesində və ətraf mühitin qorunmasında lazım olan ən vacib analiz metodları geniş şəkildə əks olunmuşdur.

B-diketonlar əsasında azobirləşmələr ilk dəfə olaraq  professor Rəfiqə Əliyeva tərəfindən sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif olunmuşdur. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə, elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır.

Alim qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də mühüm işlər aparmışdır. O, ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsiri müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. Təcrübi nəticələrə əsasən tədqiqatçı-alim müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələr daha davamlı olur ki, bu da seçiciliyi artırır. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı çoxalır. Akademikin bu sahədə apardığı elmi-tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb etmişdir.

Akademik Rəfiqə Əliyeva fotometrik metod vasitəsilə üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi, həmçinin molein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının öyrənilməsi sahəsində  də tədqiqatlar aparmışdır.

Görkəmli alim, akademik, elm fədaisi  Rəfiqə  Əliyeva Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olmuşdur. O, həmçinin Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" seçilmiş, 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi "İlin alimi" fəxri adına layiq görülmüşdür.

Mehparə ƏLİYEVA,

"Respublika".