Zəfər meydanıda Qələbə tonqalı
Sosial həyat

Zəfər meydanıda Qələbə tonqalı

Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilir. Heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməyib, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsildən-nəslə ötürülüb.

Bahar gəlişi ilə elimizə, obamıza təravət gətirir. Bu təravət ruhumuzu təzələyir, bizə sevinc, xoş ovqat bəxş edir. Bu, Novruz bayramıdır. Novruzun gəlişi evlərimizə şadlıq gətirir. İllərlə Novruzu işğal altında olan torpaqlarda qeyd etmək xalqımızın arzusu olmuşdu. Tarixi Zəfərimiz 30 ilin işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu ərazilərimizə əbədi bahar gətirdi. Prezident İlham Əliyev Azərbaycan xalqının hər il Novruz bayramında dilədiyi "gələn Novruzu Qarabağda keçirək, bayram tonqalını o torpaqlarda qalayaq" arzusunu da gerçəkləşdirdi.

"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir". Bu sözləri Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.

30 illik işğal dövründə sükuta bürünən torpaqlarımızda bu il 4-cü dəfə Novruz tonqalları alovlanır. Xankəndidə qalib Ali Baş Komandanın yandırdığı Novruz tonqalı xalqımıza gözəl tarixi anlar yaşatdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Ulu öndər Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində ölkə rəhbəri cənab İlham Əliyevlə birgə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Məhz Birinci vitse-prezidentin səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondu Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynayır. Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, xalqın yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilir.

İşğaldan sonra ilk dəfə möhtərəm Prezidentimizin Şuşada, Cıdır düzündə yandırdığı tonqalın bizə necə kövrək anlar yaşatdığını illər keçsə də, unutmayacağıq. 2021-ci ildə Şuşada toy-bayram, birlik, həmrəylik rəmzi olan Novruz tonqalının qalanması zaman kəsiyində yaşadığımız ən qürurverici hadisələrdən biri idi. Müzəffər Azərbaycan Ordusunun əlçatmaz Şuşanı düşmən tapdağından misli görünməmiş qəhrəmanlıqla, ağlasığmaz igidliklə azad etməsi, Şuşanın qurtuluşu ilə işğalçı ölkənin kapitulyasiyaya imza atması mədəniyyətimizin paytaxtına zəfərimizi simvolizə edən bir status da bəxş edib. Həmin gün sanki yenidən doğulduq, tarix qarşısında ciddi imtahandan üzüağ çıxdığımızı bir daha dünyaya bəyan etdik. 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırmaları Azərbaycan xalqının Novruz bayramını Zəfər təntənəsi ilə qeyd etdiyinin təcəssümü idi. Suqovuşan Vətən müharibəsinin ilk günlərində rəşadətli Ordumuzun bölmələri tərəfindən azad edilən ərazimizdir. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra bərpa-quruculuq işləri də məhz burada başlanılıb.

Ötən il Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gələrək işğaldan azad edildikdən sonra burada görülən işlərlə tanış olublar. Qeyd edilməlidir ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun bölmələri 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.

Vətən müharibəsindən ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb, bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın müjdəçisidir.

Novruz artıq işğaldan azad edilmiş Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə və bütün digər ərazilərimizə öz mübarək qədəmlərini basır. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq.

"Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən "Zəfər meydanı" adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır". Bu fikirləri Prezident İlham Əliyev Xankəndidə bayram tonqalı alovlandırdıqdan sonra doğma xalqına təbrikində söyləyib. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. Xankəndidə Zəfər meydanında alovlanan tonqal sülhə, əmin-amanlığa, quruculuğa çağırır.

Mustafa KAMAL,

"Respublika".