Volfqanq Sobotka: Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır
Siyasət

Volfqanq Sobotka: Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də Avstriya Milli Şurasının Sədri Volfqanq Sobotka ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Volfqanq Sobotka parlamentlər səviyyəsin

də əlaqələrin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Azərbaycan və Avstriya arasında əməkdaşlığın böyük potensialı olduğunu bildirən Avstriya Milli Şurasının sədri iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Volfqanq Sobotka Azərbaycanın Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısı olduğunu vurğulayıb.

O, Avstriyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. V.Sobotka qanunvericilik orqanları arasında münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini qeyd edib.

Azərbaycanla Avstriyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri Sahibə Qafarova ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Yüksək səviyyəli səfərlər və görüşlərin ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynadığını bildirən Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib.

Ölkələrimizin iqtisadi sahədə əməkdaşlıqla yanaşı, humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sahibə Qafarova, eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstəkdən danışıb, Azərbaycanda və regionda mövcud olan vəziyyət, o cümlədən ölkəmizin mina problemi barədə geniş məlumat verib. Ərazilərimizin minalardan təmizlənməsi prosesində Azərbaycanın beynəlxalq ictimaiyyətdən lazımi dəstək görmədiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın sülh istədiyi, Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürdüyü bildirilib, bu sazişin imzalanmasının Qafqaza uzunmüddətli sülh gətirəcəyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Sonra Azərbaycan parlament nümayəndə heyəti Avstriya parlamentinin binası ilə tanış olub.