MÜSTƏQİL SİYASƏT ETİBARLI TƏRƏFDAŞ KİMİ ÖLKƏMİZİN NÜFUZUNU YÜKSƏLDİR
Siyasət

MÜSTƏQİL SİYASƏT ETİBARLI TƏRƏFDAŞ KİMİ ÖLKƏMİZİN NÜFUZUNU YÜKSƏLDİR

Bu isə regional və qlobal siyasətdə mühüm əhəmiyyət kəsb edən faktordur

1993-cü ildə xalqın təkidli xahişi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin diplomatiyasını onun strateji maraqları əsasında formalaşdırdı. Çünki respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi.

Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsinə zərurət yaranmışdı. Ulu öndər ilk növbədə keçmiş səriştəsiz hakimiyyətin diplomatiya sahəsində buraxdığı kobud səhvləri aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin sədri seçilərkən Heydər Əliyev diplomatiyanın qarşısında duran başlıca vəzifələri və istiqamətləri müəyyənləşdirdi: "Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır... Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabərhüquqlu əlaqələri olmalıdır".

Heydər Əliyev 1990-cı illərin ilk dövründə respublikanın xarici siyasətində yer alan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti "özümüzün özümüzə vurduğumuz zərbə" adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.

Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin ərsəyə gətirdiyi diplomatiya strategiyası əsasında ölkənin xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri, Avropa, Asiya və MDB dövlətləri ilə münasibətlərə xüsusi diqqət yetirilir. Həmin xarici siyasət xəttinin mühüm istiqamətlərindən birini də Türkiyə, Pakistan və İranla, ümumilikdə İslam dünyası ilə münasibətlər təşkil edir. Bu baxımdan, dövlət başçımızın Türkiyəyə, Pakistana, Səudiyyə Ərəbistanı və İrana səfərləri və apardığı danışıqlar çox əhəmiyyətlidir.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə və Pakistanla münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkə diplomatiyasının çox mühüm tərkib hissəsidir. Ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Burada 2021-ci il 15 iyunda Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsini xüsusilə qeyd etməliyik. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edir. Türkiyə, Pakistan və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Hər üç ölkə özünün iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli, üçtərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edir. Xüsusilə, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq Cənubi Qafqaz regionunda sabitliyin göstəricisinə çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelərinin konsolidasiyası istiqamətində inamlı addımlar atılır.

İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapması, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaratması təqdirəlayiqdir.

Bu gün ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır və xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına müvəffəq olmuşdur. Hər iki dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin sürətlə inkişafına, əmtəə dövriyyəsinin həcminin ildən-ilə artmasına gətirib çıxarmışdır.

Azərbaycanın diplomatik fəaliyyətində fəal istiqamətlərdən biri də Şərqdir. XXI əsrdə Asiya-Sakit okean bölgəsinin dünya siyasətində rolu xeyli artmaqdadır. Azərbaycanı Mərkəzi Asiya ilə həm də etnik və mədəni yaxınlıq birləşdirir. Ölkəmiz tarixdə İpək Yolunun əsas mərkəzlərindən biri kimi də geosiyasi və mədəni imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın xarici siyasətində Asiya-Sakit okean istiqamətinin də mühüm yer tutmasını şərtləndirir. Bu prosesdə şübhəsiz ki, Mərkəzi Asiya regionunun xüsusi yeri var. Azərbaycan həmin dövlətlərlə aktiv əməkdaşlıq siyasəti yeridir ki, bu da Uzaq Şərq istiqamətində tərəfdaşlığı gücləndirmək üçün meydan rolunu oynaya bilər. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın münasibətlərinin türkdilli dövlətlərin əməkdaşlığını inkişaf etdirmək müstəvisində də qurması əlavə imkanlar açmaqdadır.

Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.

Dövlət başçımızın uğurlu xarici siyasətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da cənab Prezidentin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Avropa və Avratlantik strukturlara inteqrasiya Azərbaycan diplomatiyasının mühüm istiqamətini təşkil edir. Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşən Azərbaycan çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını uğurla inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Bu gün NATO ilə regional və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, kütləvi qırğın silahlarının yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq uğurla inkişaf edir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin etmiş Azərbaycan qonşu dövlətlərlə təhlükəsizliyin təmini aspektində regional lider səviyyəsində münasibətlər qurmuş, enerji təhlükəsizliyi məsələsi ilə əməkdaşlığın digər sahələri arasında unikal harmoniya formalaşmışdır. Rusiya, İran və Türkiyə Azərbaycanla regional lider qismində əlaqələr qurur və bunu açıq etiraf edirlər. Bu əlaqələr qarşılıqlı faydalılıq prinsipi üzrə yaradılıb və təkmilləşdirilir. Azərbaycan diplomatiyasının regional qurumların yaradılmasındakı fəallığı hamıya məlumdur. Bu qurumların tərkibində aktiv iştirak edən ölkəmiz eyni zamanda, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlarını atmaqdadır.

Azərbaycanın xarici siyasətində çoxvektorluluq, dost və tərəfdaşlara sadiq olmağa yönəlmiş diplomatik fəaliyyət üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu həlledici rol oynamışdır və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Emin QASIMOV,

"Respublika".